Rauf Arifoğlu Müsavatı Ümidə dəyişir?

Baş redaktorun İqbal Ağazadənin rəhbərlik etdiyi partiyaya gedəcəyi barədə iddialar var

Bir neçə gün əvvəl “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu mətbuata açıqlamasında Müsavat Partiyasından istefa verməyə hazırlaşdığını bildirib. “Azadlıq”a daxil olan məlumata görə, Rauf Arifoğlunun qəfildən belə bir açıqlama verməsi təsadüfi deyil. Baş redaktoru Müsavatdan istefa verəcəyini jurnalistikə fəaliyyətilə izah etsə də, əslində başqa planı var. Bu plan verdiyi açıqlamadan çox əvvəl hazırlanıb.
Məlumatda deyilir ki, Rauf Arifoğlu Müsavat Partiyasının Milli Məclisin deputatı Iqbal Ağazədənin sədrlik etdiyi Ümid Partiyasına dəyişir. Baş redaktorun Ümid Partiyasında hansı statusda təmsil olunacağı hələlik bəlli deyil. Qaynağımız deyir ki, hazırda Rauf Arifoğlu əlindəki imkanlardan istifadə edərək Ümid Partiyasının güclənməsinə çalışır. Hətta mühacirlərin də bu partiyanın ətrafında birləşməsinə cəhdlər var. Məlumatda bildirilir ki, bir müddət əvvəl Iqbal Ağazadə və Rauf Arifoğlu məxsusi olaraq mühacirləri Ümid Partiyasının dəstəkləməyə razı salmaq üçün Avropaya səfər ediblər. Isveçdə mühacirlərlə görüş keçirilib. Almaniyada planlaşdırılan görüş isə baş tutmayıb. Iddia olunur ki, bunun səbəbi Müsavat Partiyası rəhbərliyinin məsələyə müdaxilə etməsidir. Bildirilir ki, Rauf Arifoğlu və Iqbal Ağazadə xüsusilə mühacirətdə olan müsavatçıları “ovlamaq” istəyib. Mənbə bildirir ki, bu plan hakimiyyətin də maraqlarına uyğundur. Çünki iqtidar mühacirlərin də fəaliyyətindən narahatdır.

Rauf Arifoğlu musavat.com-a açıqlamasında məlumatın doğru olmadığımı deyib. Onun sözlərinə görə, Müsavat Partiyasında fəaliyyətini dayandıracağı təqdirdə, hər hansı bir partiyaya üzv olmağı düşünmür.