Azərbaycan Avropa Şurasından çıxa bilərmi?

Vidadi Mirkamal: «Hakimiyyətin Avropa Şurasından çıxmaqla bağlı şantajı yerli auditoriyaya hesablanmış manipulyasiyadır»

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanla bağlı məlum qətnaməsindən sonra hakimiyyətlə bu qurum arasında gərginlik pik həddə çatıb. Avropa Şurasını özünün “qara siyahısına” salan Azərbaycan hakimiyyəti qurumun ünvanına ittihamlar səsləndirməklə kifayətlənməyərək, hətta ölkənin bu təşkilatdan çıxa biləcəyinə dair fikirlərlə sanki şantaj edir.
Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədovun “Twitter”də Avropa Şurası ilə bağlı bənzər fikirlər yaymasından sonra yerli telekanallara sanki “start” əmri verildi və bu qurumun əleyhinə kampaniya başladı. Telekanallarda bu qəbildən olan materialların məzmunundan belə aydın olur ki, Azərbaycan hakimiyyəti Avropa Şurasını yenə “Qarabağ kartı” – yenidən müharibənin başlaya biləcəyilə şantaj edir. Eyni zamanda, Rusiya amilindən də yararlanmağa çalışır. Söhbət Rusiya ilə daha da yaxınlaşmaqdan gedir.
Amma hazırkı durumu dəyərləndirən ekspertlər hesab edir ki, Azərbaycan hakimiyyətinin bu cür siyasəti Avropa Şurasını şantaj etməkdən irəli gedə bilməyəcək. Avropa Şurası Azərbaycandan bu təşkilata üzv olarkən üzərinə götürdüyü öhdəliklərə əməl etməsini – insan haqlarına, qanunun aliliyinin bərqərar olunmasını tələb edir. Indiki məqamda Azərbaycanda qarşıdan gələn parlament seçkiləri öncəsi hakimiyyətdən seçki islahatları ilə bağlı Venesiya Komissiyasının tövsiyələrini yerinə yetirməyə çağırır. Azərbaycan tərəfi isə həmişəki kimi, hədə siyasətindən yararlanmağa çalışır ki, bunun da hər hansı bir nəticəsi mümkün görünmür.


Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Ədliyyə generalı Vidadi Mirkamal deyir ki, Azərbaycanın dünyanın ən mötəbər qurumlarından biri sayılan Avropa Şurasının üzvlüyündən çıxması elə də sadə məsələ deyil. Bu baxımdan, hakimiyyətin Avropa Şurasından çıxmaqla bağlı səsləndirdiyi fikirlər daha çox yerli auditoriyaya hesablanıb. Vidadi Mirkamal xatırladır ki, Azərbaycan üzv olduğu təşkilatlar qarşısında öhdəliklər götürüb. Bu öhdəliklər də əsasən demokratiya və insan haqları sahəsinə aiddir: “Amma təəssüf ki, Azərbaycan uzun müddətdir bu öhdəliklərin icrası baxımından daim borclu qalıb. Hakimiyyət Avropa Birliyi, Avropa Şurası, BMT və bu kimi digər beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə əməl etməyib”.
Vidadi Mirkamal yada salır ki, bir müddət əvvələ qədər Avropa Şurası Azərbaycan hakimiyyətinə loyal münasibət bəsləyirdi. Başqa sözlə, hakimiyyət özünün “kürü diplomatiyası” siyasətilə Avropa Şurasındakı bir sıra siyasilərin Azərbaycanda insan haqlarının ağır vəziyyətinə göz yummasına nail olurdu. Amma indi Azərbaycandakı durum o qədər dəhşətli həddə çatıb ki, artıq Avropa Şurasındakılar da susmur.
“Azərbaycan hakimiyyətinin və onun nəzarətində olan medianın şantaj xarakterli çıxışları ölkənin beynəlxalq imicinə də zərbə vurur. Azərbaycan bu təşkilatdan çıxa bilməz. Çünki Avropa Şurası Azərbaycan üçün daha önəmlidir, nəinki Azərbaycan Avropa Şurası üçün. Təbii ki, Azərbaycan tərəfi də üzərinə götürdüyü öhdəliklərə əməl etməli, Rusiyameylli siyasətdən vaz keçməlidir. Azərbaycan hakimiyyəti qısa müddətdə demokratik islahatlar həyata keçirməsə, insan haqları sahəsində irəliləyişlərə nail olmasa, ölkəni ağır gələcək gözləyir”, – deyə Vidadi Mirkamal qeyd edib.

Emil