Azərbaycan neçə hissəyə bölünüb?

Novruz Məmmədov bir «tvit» də buna həsr etsin

Bir neçə gündür Ermənistan dünyanın diqqət mərkəzindədir. Belə ki, erməni xalqı meydanlara axışır və hakimiyyətə etirazını bildirir. Aksiyanın keçirilmə səbəbi kommunal xidmətlərin qiymətinin artırılmasıdır. Onsuz da sosial-iqtisadi vəziyyətin gərgin olduğu ölkədə yeni qiymət artımları əhalini daha da qəzəbləndirib.
Amma yazımızın məqsədi Ermənistadakı aksiyaya qiymət vermək deyil. Əksinə, Azərbaycan hakimiyyətinin Ermənistanda baş verənlərə münasibətini şərh etmək istəyirik. Ermənistanda etiraz aksiyası başlayandan Azərbaycan hakimiyyətinin təmsilçiləri “müdrik” proqnozlar verməyə başladılar. Belə ki, Ermənistanda insan haqlarının tapdandığını, vətəndaşlara kobudluq edildiyini, sosial vəziyyətin ağır olduğunu dilə gətirdilər. Sanki bu sadalananlar Azərbaycan üçün keçərli deyil.
Bugünlərdə isə PA-nın xarici əlaqələr şöbəsinin sədri Novruz Məmmədov öz “tvitter” səhifəsində məsələyə belə münasibət bildirib: “Ermənistan 2 hissəyə bölünüb. Birinci hissəsi müxtəlif ölkələrdə müxtəlif yollarla məskunlaşıb kef çəkir. Qoltuq altında ”vətən uğrunda mübarizə aparır". Ikinci hissə isə birincilərin əvəzinə “vətəndə” cəza çəkir".
Bəli, Novruz Məmmədov Azərbaycanda baş verənləri qiymətləndirə bilməsə də Ermənistandakı vəziyyəti xırdalamağa girişib.
Belə məqamda sual meydana çıxır ki, bəs Azərbaycan neçə hissəyə bölünüb?
Hakimiyyətin “uzaqgörən” siyasəti nəticəsində 20 faiz ərazi  Ermənistanın nəzarətinə keçib. Amma bölünmə bununla da yekunlaşmır. YAP hakimiyyətinin yarıtmaz siyasəti nəticəsində milyonlarla Azərbaycan vətəndaşı dünyanın müxtəlif yerlərinə səpələnib. Təkcə Rusiyada 2 milyona yaxın Azərbaycan vətəndaşı yaşamaq üçün mücadilə edir.
Hələ bu da son deyil. Novruz Məmmədovun dediyi kimi, vətəndə cəza çəkənlər də var. Belə ki, YAP hakimiyyəti Azərbaycanın bütün bölgələrini məmurlar arasında bölüşdürdü. Indi sadə vətəndaş da bilir ki, hansı rayon hansı nazirə məxsusdur.  Azərbaycanın 100 milyardlarla vəsaitini də iri məmurlar və hakim ailə aralarında bölüşdürüb. Yəni Ermənistandan fərqli olaraq YAP hakimiyyəti Azərbaycanı 100 yerə böldü. Nəticədə  kasıb xalq və harın məmurlar meydana çıxdı. Yəni bu çoxlu bölünmələr nəticə etibarilə vətəndaşı müflisləşdirdi. Beləliklə, təhsilimiz, səhiyyəmiz, hüquq sistemimiz bölünə-bölünə yoxa çıxdı.
Bəli, bu ölkədə bölücülüyü YAP hakimiyyəti tətbiq etdi. Vicdanlı insanları şərləyərək həbsə atdılar, yaltağı, böhtançını başa keçirdilər.
Məhz bu bölücülüyün nəticəsidir ki, bütün dünya hakimiyyətdən üz döndərib. Acından ölən Ermənistan isə  gündə 70 dəfə atəşkəsi pozub, əzələ nümayiş etdirir.
Hakimiyyət bir tərəfdən bütün dünyanı erməni lobbisinin nəzarətində olmaqda ittiham edir, o biri tərəfdən Ermənistanın iki yerə bölündüyünü sübut etmək istəyir.
Amma Ermənistandakı mitinqlər göstərdi ki, hakimiyyət xalqa “ikinci sort” kimi baxmır və xalqın tələbi ilə razılaşır.
Bir sözlə, Novruz Məmmədov əvvəlcə Azərbaycanı neçə yerə böldüklərini müəyyənləşdirsin, vaxtı qalsa, Ermənistanla məşğul olar.
Əsas isə budur ki, bu ölkədə xalq və hakimiyyət arasında böyük uçurum var. Hakimiyyət isə qazandıqlarını bölməklə məşğuldur.
Yaxşı olar ki, Novruz Məmmədov bir “tvit” də yazsın və hakimiyyətin böldüklərini saysın.

Samir