Cəmil Həsənli: «Bu oyunbazlıq ərazisinin 20 faizi işğal olunmuş ölkədə baş verir»
Milli Şuranın sədri, professor Cəmil Həsənli Rusiyanın Ermənistana 200 milyon yardım etməsinə Azərbaycan hakimiyyətinin susqunluğundan yazıb. Cəmil Həsənlinin “facebook” səhifəsində paylaşdığı həmin yazını təqdim edirik:
“Dostlar, artıq bir neçə gündür ki, silah alınması üçün Rusiya Ermənistana 200 milyon dollar vəsait ayıracağı barədə niyyətini açıqlayıb. Daşdan səs çıxır, bizim hakimiyyət rəsmilərindən səda eşidilmir. Axı, bu 200 milyon dollar dəyərdə olan silah 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan təcavüzkar dövlətə verilir. Axı, bu 200 milyon dəyərində olan silahı bilavasitə Azərbaycan hakimiyyətinin razılığı ilə Minsk qrupunun həmsədri olan bir dövlət münaqişədə olan tərəflərdən birinə verir.
Axı, bu 200 milyon dəyərində olan silah bir milyona yaxın insanı yurdundan-yuvasından didərgin salmış bir dövləti müasir hərbi texnika ilə silahlandırmaq üçün verilir. Bu, kimə sirdir? Avropa Birliyində, Almaniya Bundestaqında, AŞ PA sessiyasında, ABŞ Dövlət Departamentində Azərbaycanda insan haqları və demokratiya ilə bağlı bir hesabat açıqlananda, bir qətnamə qəbul ediləndə dil qəfəsə qoymayan “millət vəkillərimiz”, inzibati “fədakarlıqla” gündə bir twit atıb aləmi özünə güldürən aparat rəsmilərimiz, səs-səsə verib “vətən təhlükədədir” deyə həşir qoparan mətbuat bülbüllərimiz niyə susublar?
Yazıb cavablarını verin də. Həmişə demirdiniz ki, bizim hərbi büdcəmiz Ermənistanın bütün büdcəsindən artıqdır, indi də deyin ki, bizim Avropa Oyunlarının yalnız açılışı və qapanışına səpdiyimiz pullar Rusiyanın Irəvana verdiyi 200 milyonluq silah parasından daha artıqdır, bütövlükdə yay oyunlarına sovurduğumuz milyardlar Putinin Sərkisyana əta etdiyi 200 milyonluq silah bazarlığından nə az, nə çox, 40 dəfə artıqdır. Deyin bunları ki, qoy 20 günə yaxın ən dəbdəbəli Bakı hotellərində bəslədiyiniz erməni idmançıları ərazisini işğal etdikləri ölkədən qorxub qaçsınlar da. Niyə susmusunuz?
Bəlkə hələ də Bakı meydanlarında dalğalanan erməni bayrağından həya edirsiniz? 20 ildir “Azərbaycan bayrağı Şuşada, Xankəndində dalğalanacaq”, deyib xalqa yalan vədlər verənlər, iki həftədən çoxdur ki, Bakının baş meydanında dalğalanan erməni bayrağının kölgəsinə sığınıblar. Berdimühəmməd və Imoməlinin alqışları altında keçirilən Avropa Oyunlarında, bütün xərcləri işğala məruz qalmış ev sahibinin ödədiyi Bakı oyunlarında Rusiya komandası birinci yeri tutdu. Lakin oyunlar başa çatmamış Kreml işğalçıya silahlanmaq üçün 200 milyon dollarlıq vəsait, əslində isə bu məbləğdə silah verəcəyi haqqında niyyətlərini açıqladı.
Bəs, xalqa şirin nağıllar danışıb vəd edirdiniz ki, Avropa Oyunları işğal altında olan ərazilərin azad olunmasında Azərbaycanın mövqelərini gücləndirəcək. Əvəzində nə gördük? Ermənistanı, sizin ağuşuna atılmaq istədiyiniz Rusiyanın silahlandırmasını. Doğrudan da, Bakıda dünən başa çatmış birinci Avropa Oyunları tarixə düşəcək.
Axı, bu oyunbazlıq 20 ildir ərazisinin 20 faizi işğal olunmuş bir ölkədə baş verir. Dünya idman tarixində doğrudan da bənzəri yoxdur. Dünya və Avropa idman tarixində ərazisi düşmən tapdağında olan bir ölkənin milli sərvətlərinin, il ərazində öz vətəndaşına verdiyi əmək haqqı, pensiya və müavinətlərin iki misli həcmində vəsaiti iki həftə ərazində belə böyük səxavətlə yeniyetmə idmançılara xərclədiyi ikinci bir hadisə olmayıb".