Iki – MMC və ASC-dəki auditin nəticələri ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib. “Aqrolizinq”də yenidən nöqsanlar tapıldı. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Aqrolizinq” ASC-nin Masallı rayon Aqroservis filialının, “Aqrolizinq” ASC-nin Salyan rayon Aqroservis filialının fəaliyyəti yoxlanılıb. Yoxlamalar zamanı bir sıra nöqsan və çatışmazlıqlara, habelə qanun pozuntularına yol verildiyi aşkar olunub.
Bundan başqa, Abşeron rayon Güzdək qoyunçuluq üzrə Damazlıq Kənd Təsərrüfatı Istehsalı Müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb.
Audit yoxlaması zamanı həmin şirkətin də fəaliyyətində bir sıra nöqsanlar aşkarlanıb. Müəyyənləşib ki, hesablamalar zamanı bəzi yeyinti hallarına yol verilib.
Auditin nəticələri ilə bağlı materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.
Kənd Təsərrüfatı Nazirliyi yoxlamaları davam etdirir.
Maraqlıdır ki, dövlət başçısı bu sahədə olan çatışmazlıqlarla bağlı dəfələrlə xəbərdarlıq edib, bu problemlərin aradan qaldırılmasını tapşırıb. Amma bu bəyanatlara baxmayaraq problemlər hələ də qalmaqdadır.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirdi ki, ümumiyyətlə, belə faktlar əksər rayonlarda aşkar edilib. “Aqrolizinq” sistemində korrupsiya hallarının mövcudluğu barədə dəfələrlə xəbərdarlıq edildiyini deyən V.Məhərrəmov vurğuladı ki, hələ bu təşkilat yaradılan zaman da korrupsiya ilə bağlı xəbərdarlıq edilmişdi: “Bu çatışmazlıq barədə fermerlər də, biz də dəfələrlə məsələ qaldırmışıq. Amma problemin aradan qaldırılması istiqamətində ciddi addımlar atılmır. Çatışmazlıqlar aşkar edilən rayonların adları da təsadüfən çəkilmir. Həmin rayonlarda ”Aqrolizinq"ə rəhbərlik edənlərin ya yuxarılarla münasibətlərində soyuqluq yaranıb, ya da ayrılan vəsaitlər düzgün bölüşmədiyi üçün neqativ nəticələr ortaya qoyulub. Ona görə düşünürük ki, ümumiyyətlə, kənd təsərrüfatında aparılan bu siyasət ləğv edilməlidir".
V.Məhərrəmov bildirdi ki, ən yaxşısı fermerlərə, sahibkarlara təsərrüfatlarını saxlamaq üçün müxtəlif kreditlərin ayrılmasıdır. Həmin kreditlər vasitəsilə onlar istehsal vasitələri, kənd təsərrüfatı texnikası ala bilərlər: “Biz çalışmalıyıq ki, elə mühit yaransın ki, burada rəqabət olsun. Əks halda biz bu sahəni inkişaf etdirə bilməyəcəyik. ”Aqrolizinq" kimi qurumlarda Rusiyada da korrupsiyanın geniş yayıldığı faktdır. Yəni bu sistemdə birmənalı olaraq korrupsiyanı və rüşvəti ləğv etmək mümkün olmayacaq. Ona görə də hökumət çalışıb bu sistemi ləğv etməlidir. Əvəzində özəl sahibkarların bu işlə məşğul olması üçün mühit yaradılmalıdır".