Parlament seçkiləri ərəfəsində islahat olacaqmı?

Nurəddin Məmmədli: «Hakimiyyətin hazırda yürütdüyü siyasət dəyişməzsə, bu bütövlükdə Azərbaycan cəmiyyəti üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər»

Azərbaycan Avropa Oyunları zamanı heç zaman olmadığı qədər beynəlxalq təzyiqlərlə üzləşdi. Bunu hakimiyyət təmsilçiləri açıqlamalarında da etiraf edirlər.
Azərbaycan hakimiyyətinin ünvanına Avropa Parlamenti, Avropa Şurası, BMT, Almaniya Bundestaqı səviyyəsində sərt tənqidlər ünvanlandı. Tənqidlərə səbəb isə Azərbaycan hakimiyyətinin insan hüquqları, demokratiya, siyasi məhbus problemləri ilə bağlı əldə etdiyi “nailiyyətlərdir”. Maraqlı bir məqam da ondan ibarətdir ki, bütün bu təpkilər Azərbaycanda parlament seçkiləri ərəfəsinə təsadüf edir. Yəni Azərbaycan ölkədə mühüm seçkilər ərəfəsində beynəlxalq aləmin gündəminə gəlir. Bu tip gündəmə gəlmə Azərbaycana nə vəd edir?
Digər bir tərəfdən bu cür beynəlxalq təpki qarşılığında Azərbaycan hakimiyyətinin hansı addım atacağıdır. Hakimiyyət ənənəsinə sadiq qalaraq növbəti qeyri-demokratik seçkiyə imza atacaq, yoxsa iqtidar müəyyən seçki islahatlarına gedərək azad və ədalətli seçki istiqamətində addım ata bilər?
AXCP sədrinin müavini Nurəddin Məmmədli hesab edir ki, artıq dünyanın Azərbaycan hakimiyyəti ilə çox ciddi konfliktdə olduğunu görməmək mümkün deyil. Azərbaycanın demokratikləşməsi məsələsinin hazırda dünyanın güc mərkəzlərinin də probleminə çevrildiyini deyən N.Məmmədli bildirdi ki, belə bir şəraitdə Azərbaycan hakimiyyətinin ata biləcəyi ən doğru addım islahatlara getməkdir: “Azərbaycan ən azı Avropa Şurasına daxil olan zaman üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində uzun müddətli proqrama riayət etməlidir. Əgər zəruri addımlar atılarsa, Azərbaycanda daxildə gedən təbəqələşmə prosesi zəifləyə bilər. Eyni zamanda dünyanın da Azərbaycan hakimiyyətinə qarşı təzyiqləri qismən azala bilər”.
N.Məmmədli bildirdi ki, amma bu hakimiyyətin xarakteri, istər daxildə, istərsə də xaricdə problemləri zorakılıq, rüşvətlə həll etmək meylləri nəzərə alınarsa, vəziyyətin ümidverici olduğunu söyləmək mümkün deyil. Amma siyasətdə zamandan asılı olaraq prioritetlərin dəyişdiyini deyən N.Məmmədli vurğuladı ki, bəzən müəyyən siyasi gedişlərin edilməsi zərurətə çevrilir: “Azərbaycanda hər hansı siyasi konfliktlərin, qarşıdurmaların əleyhinəyəm. Azərbaycan hakimiyyəti yürütdüyü siyasətin yanlış olduğunu dərk edərək, müəyyən konstruktiv mövqeyə əsaslanan islahatlara start verməlidir. Bu da ilk növbədə böyük mənfəət toplamış məmurların proseslərdən uzaqlaşdırılması, ölkədə konsensus əhval-ruhiyyəsinin yaradılması, o cümlədən seçkilərin azad və ədalətli keçirilməsinin təmin olunmasıdır. Əgər bunlar baş verməyəcəksə, ölkədə istər xalq, istərsə də hakimiyyət tərəfindən radikal meyllər güclənəcək. Bu qarşıdurmalar bütövlükdə Azərbaycan cəmiyyəti üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər”.
Hakimiyyətin parlament seçkiləri ərəfəsində azad və ədalətli seçkiləri təmin edəcək islahatlara gedib-getməyəcəyinə gəlincə isə, N.Məmmədli vurğuladı ki, iqtidarın xarakteri nəzərə alınarsa, hakimiyyətin geniş aspektdə islahatlar aparacağı inandırıcı deyil: “Çünki bunların zehniyyət məsələsində belə anlayış yoxdur. Amma hazırkı təzyiqlərə qarşı əvvəl-axır hakimiyyət sabitliyi, dözümlüyü itirəcəklər. Çünki dünyada sürətli anti-despotik hərəkət davam edir. Bir-birinin ardınca diktatura rejimləri çökür və Azərbaycan da bu prosesdən kənarda qala bilməz”.

Xəyal