Eynulla Fətullayevdən Avropa görüşləri haqda maraqlı açıqlamalar

«Bəzi səfirlər bizim ölkə haqqında danışanda dəhşətdən başlarını tuturdular»

Avropa Məhkəməsindəki azərbaycanlı hakim jurnalistə sensasion etiraf edib

Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberqin dəvətilə Avropada Strasburqdan səfərdən qayıtmış jurnalist Eynulla Fətullayev dünən mətbuat konfransı keçirdi. E.Fətullayev Avropada çox mühüm görüşlər keçirdiyini bildirərək, bu barədə jurnalistləri məlumatlandırdı. Fətullayev Avropa Şurasında, Avropa Birliyində, Avropa Məhkəməsində və “Sərhədsiz Reportyorlar” təşkilatında görüşlər keçirib.
Avropa Şurasının baş katibi Tyorborn Yaqlandı çox müsbət şəxs kimi xarakterizə edən E.Fətullayev bildirdi ki, görüş zamanı Azərbaycanda avtoritarizmdən diktaturaya keçid olması barədə həmsöhbətinə məlumat verib: “Ona dedim ki, indi Azərbaycanda azad, ədalətli seçki keçirilməsini sizdən tələb etmək qeyri-realdır. Ancaq heç olmasa, Azərbaycanda insan hüquq və azadlıqlarının səviyyəsini orta Asiya ölkələri səviyyəsindən Cənubi Qafqazdakı səviyyəyə çatdırmaq lazımdır. Ermənistanda, Gürcüstanda olan demokratik vəziyyəti Azərbaycanda da təmin etmək olar”.
E.Fətullayev Avropa Şurasının baş katibinə təklif edib ki, Azərbaycana gəlib Ilham Əliyevlə demokratikləşmə istiqamətində dialoqlara başlasın. O, bu təklifə müsbət yanaşıb.

E.Fətullayev AŞ PA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kriştofer Ştrasserlə də görüşü barədə danışdı. Ştrasser Fətullayevə Azərbaycan hökumətinin ona işləməyə şərait yaratmadığını, səfər üçün viza ala bilmədiyini deyib. Belə olan halda, E.Fətullayev xüsusi məruzəçini şəxsi qonağı kimi Azərbaycana dəvət etmək imkanının olduğunu bildirib. Kriştofer Ştrasser bu təklifi məmnunluqla qarşılayıb.
Fətullayev deyir ki, dünən Ştrasserə dəvət məktubu yollayaraq, avqustda onu qonağı kimi Azərbaycana çağırıb. “O, Azərbaycana gəldikdə hökumət imtina etsə belə, mən özüm siyasi məhbusların olduğu cəzaçəkmə müəssisələrini gəzməkdə Ştrasserə bələdçilik edəcəyəm”, – deyə jurnalist bildirib.
Eynulla Fətullayevin sözlərinə görə, Ştrasserin səlahiyyət müddəti sentyabrda bitir, ancaq bu müddəti daha bir il artıracaqlar.

“Çavuşoğlu Avropa Şurasının bayrağına düşən ləkədir”

AŞ PA-da Mövlud Çavuşoğlunun da onunla görüşə maraq göstərdiyini söyləyən E.Fətullayev bu görüşdən imtinasının səbəbini də açıqladı: “Mən dedim ki, bu adam Avropa Şurasının bayrağına düşən bir ləkədir. Avropa öz dəyərlərinə ləkə salan bu cür adamlarla tezliklə üzülüşməlidir”.
Avropa Şurası Nazirlər Komitəsindəki çoxsaylı görüşlərindən danışan jurnalist Azərbaycanın imicinin son 4 ildə dəhşətli dərəcədə bərbad hala qaldığını müşahidə edib: “Bəzi səfirlər bizim ölkə haqqında danışanda dəhşətdən başlarını tuturdular”.
E.Fətullayev Avropa Insan Haqları Məhkəməsində Azərbaycanı təmsil edən hakim Xanlar Hacıyevlə də görüşüb. Jurnalist deyir ki, Avropanın “havası” Xanlar Hacıyevi çox dəyişib: “Mən onda olduqca mütərəqqi, hətta inqilabi fikirlər və dəyişikliklər gördüm”.
Xanlar Hacıyev Eynulla Fətullayevə etiraf edib ki, onun şikayətinə Avropa Məhkəməsində baxılmamışdan əvvəl Azərbaycan hakimiyyətinə bu “iş”dən əl çəkmək üçün müraciət etməkdən, hətta yalvarmaqdan yorulubmuş…

Natiq