Bakı, oyun diplomatiyası

Quentin Müller, "Society" jurnalı, Fransa

Avropa liderlərinin qatılmadığı Avropa Oyunları

Fransapərəst və Bakını şərqin Parisinə çevirmək həvəskarı olan birinci ledi
 
Bakıda, Azərbaycanın paytaxtında Avropa liderlərinin qatılmadığı Avropa Oyunları keçirilir.
Azərbaycan İranla Rusiya arasında Ermənistanla köhnə münaqişəyə ilişib qalan bir ölkədir.
Bu oyun macəralarından isə neft, senzura, korrupsiya və lap azacıq da ümid qoxusu gəlir.
Bakının qaranlığına qərq olmuş Olimpiya stadionunun arenasında başları üzərində Ermənistan bayrağını dalğalandıran 4 yekəqarın kişi peyda olur. Ermənistandan gələn 18 idmançıdan heç biri milli olimpiya dəstələrinin sırasında səhnəyə çıxmağa cəsarət etmədi. Görünür, boşuna da deyil. Düşmən ölkənin komandasının adı elan edilən kimi yuxarıdan aşağıya doğru 70 000 fit səsi basıldı.
1988-ci ildən başlayan bu konflikt SSRİ-nin dağılmasından üzübəri davam edir. Dağlıq Qarabağ regionunda əhali çoxluğunu təşkil edən ermənilər özlərinin müstəqilliklərini elan ediblər və bu konflikt hələ də davam edir. O zamanlar Azərbaycan öz silahlı birləşmələrini oraya sahman yaratmaq üçün yolladı, Ermənistan da buna eyni qaydada cavab verdi. 1991-1994-cü illərdə davam edən qanlı döyüşlərdə minlərlə insan həlak oldu. Sonra ABŞ, Fransa və Rusiyanın məsuliyyəti altında atəşkəs elan edildi və bu münaqişənin həlli yollarını tapmaq üçün 20 ildir məsləhətləşmələr davam edir. 2005-ci ildən başlayan neft bumu isə Azərbaycana imkan verib ki, öz düşmənindən xeyli qabağa çıxsın və hətta beynəlxalq səviyyədə böyük mədəni diplomatiya xərclərini də özünə rəva görsün. Bu sırada builki Avropa Oyunarı və əvvəlki Avrovizion yarışmasını göstərmək olar.
Hələ 30 yaşı tamam olmayan Nurlan İbrahimov müharibəni xatırlamır. Bunun üçün çox gəncdir. O, müharibə üzündən Bakıya köçməyə məcbur olan Dağlıq Qarabağ futbol klubunun təmsilçilərindən biridir. O belə hesab edir ki, bu Avropa Oyunları onun ölkəsi üçün böyük imkanlar yaradır: “Avropanın bütün başqa ölkələrində olduğu kimi, Fransada da güclü erməni lobbisi var… Bunun əvəzinə biz də öz idmanımızı, mədəni əlaqələrimizi inkişaf etdirə bilərik. İdman həkimlərindən biri olan Ucal Seyidov deyir ki, ermənilər bizim torpaqlarımızın 20 faizini işğal ediblər və biz bunu yadımızdan çıxarmırıq, ancaq siyasi yollarla cavab vermək istəyirik: “Bu məsələdə azərbaycanlıların arasında həmrəylik var”.
 
Paris köşkləri və “fasad” faciələri
 

Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva şübhələri bölüşmürlər. Avropa Oyunlarına da, buna görə, böyük investisiyalar qoyulub. Fransanın Milli Olimpiya və İdman Komitəsinin sədri Denis Massaglia deyir ki, Azərbaycan Avropa Oyunlarının keçirildiyi yer olaraq ona görə seçilib ki, sadəcə olaraq, başqa namizədlər yox idi.

Bakıda isə hər yeri yaxşıca ütüləyiblər. Olimpiya kəndi də buna bir nümunədir. Olimpiya stadionunun bir neçə yüz metrliyində tikilən, üzü şəhərə və dənizə baxan bu binalar Osman memarlıq stilindədir. Bakı Sovet hakimiyyətindən çox uzaqlaşmış bir şəhərə çevrilib. Avropa Oyunlarına görə bütün cəhdlər göstərilib və çoxlu pullar xərclənib ki, şəhərin mərkəzində sovet memarlığı təəssüratından əsər-əlamət qalmasın.
Amma Bakının yeni görkəmindən feyziyab olmaq üçün çox az sayda xarici turistlər gəlib. “Siz buralarda çox adamlar görürsünüz, amma onlar turistlər deyil”. Bakıda hüquq təhsili alan Elvin buna görə də dilxordur ki, bu oyunlardan iqtisadi xeyir gözləməyə dəyməz. Buna baxmayaraq yerlilərin bəzilərinin sifətində sevinc sezmək çətin deyil. Bir çoxları ailəlikcə gələrək şəhərdə təşkil edilən bu idman oyunlarına baxırlar. Amma Elvin də özünü aldatmır: “Bunlar saxta oyunlardır. Aşkar görünür ki, hətta Niderland da bu oyunları öz ərazisində keçirməkdən imtina edirsə, deməli, bizim bu qədər xərclərimiz havaya sovrulub”. Hollandiya isə bu oyunlara görə cəmi 57,5 milyon avro xərcləməkdən də vaz keçdi və bəyan etdi ki, “bu, kifayət qədər səviyyəli yarış deyil”.
Rəsmi rəqəmlərə görə, Azərbaycan Olimpiya Kompleksinin tikintisinə 1 milyard avro xərcləyib, o cümlədən, sadəcə oxatanlar və güllə atanlar üçün tikilən mərkəzlərə 170 milyon avro xərclənib.
Açılış mərasiminə, idman qurğularına və şəhərin üzlənməsinə çəkilən xərclər isə sanki ölkəni iki yerə bölür. Avropa Oyunlarının açılışına bir aydan da az vaxt qalmış, mayın 19-da penoplastla üzlənmiş binalardan biri od tutub yandı, arasında uşaqlar da olan 15 nəfər öldü, onlarla adam isə ağır yaralandı. Yanğın tam təsadüfdən baş verib, amma bu saxta gözəlliyə aludə olmasaydılar, bu cəhənnəm faciəsi də baş verməzdi. Azərbaycanı sovetizmdən təmizləmək və “qərbpərəst” görünmək üçün Azərbaycan hökuməti bir neçə il ərzində bütün binaları üzləməklə məşğul olub.
Yerli inşaatçılar nazik suvaq üzərindən tər-təmiz sintetik üzlüklər vurublar. Beləliklə, azacıq qığılcım da kifayət edib ki, bu suvaqla penoplast arasındakı boşluq əsl məşələ çevrilsin.
Keçmiş səfir Arif Məmmədov bu üzlük kampaniyasına başçılıq edən “Global Construction” şirkətini və dövlət məmurlarını ittiham edir. Bu ittihamlara görə indi Brüsseldə yaşayan keçmiş səfiri hətta həyatına təhlükələrlə də hədələyiblər. O bildirir ki, “Bizim ölkəmizin siyasi sistemində korrupsiya möhkəmcə yuva qurub. Bizdə hələ mütləq monarxiya yoxdursa da, mütləq korrupsiya var”.
 
2012-ci ildə dünyanın ən çox korrupsiyalaşmış adamı elan edilən İlham Əliyev mətbuatın yaxın dostu reputasiyasını da qazana bilməyib. Əgər cəmisi bir-iki müxalifət qəzeti varsa, onların da imkanları minimuma endirilib. Bakı şəhərində köşklərin sayı da heyrət doğurur. Şəhərdəki bütün qəzet köşkləri “Paris köşkləri” ilə əvəz edilib. Bu təşəbbüs fransapərəst və Bakını şərqin Parisinə çevirmək həvəskarı olduğu deyilən birinci ledidən gəlib. Bakıda yeni həyata keçirilən “Ağ Şəhər” layihəsinin də ona məxsus olduğu deyilir. Burada da binalar baron Osmanın stilinə uyğunlaşdırılır. Bir çox brendlər də Bakıda sərmayə qoyurlar. Amma müştəri yoxdur. “Maraqlıdır, onlar burada öz dükanlarını nə üçün açıblar və necə saxlayırlar? Hətta bu Oyunlar ərəfəsində də bu mağazalara girən yoxdur”. Bunu Bakıdakı universitetlərin birində işləyən fransızdilli professor deyir…. Ayda 350 avro maaş alan bu professor Sovet hakimiyyətini minnətdarlıqla xatırlayır ki, o zamanlar şəhərin mərkəzində ev ala bilib. Deyir ki, “açılış mərasimi yaxşı idi, amma bizim dərdimiz başqa dərddir, açılış dərdi deyil”.
Öz vətəndaşlarını dərin sosial ehtiyaclar içində buraxan Azərbaycan hökuməti Avropa Oyunlarına böyük pullar xərcləyib. Rejimin bir çox əleyhdarları və xüsusi qıcıq doğuran jurnalistlər həbsxanalara salınıb. Amma bunun əvəzinə açılış şousunun qlamur qonağı olan Ledi Qaqa zühur edir.
Azərbaycan böyük bir mərci udmuş kimi görünür. Odlar Yurdu böyük bir oyunun içindədir. Açılış günü Olimpiya stadionunda 70 min nəfər gözlənilirdi və Azərbaycan hökuməti heç zaman bu qədər böyük izdiham görməyib. Buna görə də hökumət yüzlərlə əsgəri, polisi səfərbər edərək onları hər 5 metrdən bir Olimpiya stadionuna aparan küçələrə düzüb.
Səyahət bürolarından birinin rəhbəri olan Ruslan özünü xoşbəxt sayır: “Bu bizim ölkəmiz üçün böyük şərəfdir. Başa düşürsünüzmü? Ərdoğan və Putin bizim ölkəmizə gəlib”.
Əgər bütün bunlar fasad deyilsə…
Qeyd. Bəzi adlar dəyişdirilib.