Avropa oyunları başa çatır. Bu oyunlardan bizim qazancımız nə oldu, anlaya bilmədim, doğrusu. Əgər məsələ ölkəni dünyaya tanıtmaqdısa, bundan bir şey çıxmadı. Kənardan məlumatsız bir adam gəlib 10 dəqiqə bizim telekanalların xəbərlər proqramına baxsa, Avropa ilə elan edilmiş müharibə durumunda olduğumuzu düşünər. Avropanın Bakıda keçirilən yay oyunlarına münasibəti, insan haqlarının tapdanması və məhbuslar məsələsində hökuməti tənqid atəşinə tutması qəzəb doğurub, şübhəsiz. AŞPA-nın məlum qətnaməsindən sonra belə “heç bir güzəşt olunmayacaq” höcətliyi edənlər bunun ölkə üçün hansı ağır nəticələrə aparıb çıxara biləcəyini düşünmürlər demək ki. Məlum İşçi qrupunun dediklərinə inansaq, siyasi məhbusları azad edəcəkdilər oyunlar ərəfəsində. O da yalan çıxdı. Görünür, məsələ inad və hikkədə də deyil heç. Sadəcə, oralarda geriyə yol olmadığını düşünürlər, bu gedişlə Avropanı fəth edəcəklərmiş kimi…
Əslində, bu inadkarlıq və hikkə boşuna da deyil. Hökumətin sovetlərdən qalma qızıl kadrları bu işlərin ustasıdırlar. Bəli, mütləq hakimiyyət hərisliyi ilə islahat və ya yumşalma heç vaxt bir araya sığmaz. Çin təcrübəsindən bir nümunə. Əllinci illərin ən amansız diktatorlarından sayılan Mao Zedonqu tanımayan yoxdur. O, Stalinin ölümündən sonra baş qaldıran tənqidlərdən ruhlanaraq, tarixə “100 çiçək kampaniyası” kimi düşən bir ideya irəli sürmüşdü. Çinin yüz elm ocağına müraciət edərək, kommunist olmayan ziyalıları Kommunist Partiyası haqqında tənqidi fikirlərini səsləndirməyə çağırmışdı. Ancaq “100 çiçək açsın, yüz məktəb yarışsın” şüarı altında keçən bu kampaniya əks effekt verdi. Maonun müraciətinin təsirinə düşən kommunistlər də kampaniyaya qoşuldu. Həmin şəxslər partiyanın ünvanına açıq tənqidlər səsləndirməyə başladılar. Kampaniyanın altıncı həftəsində mövcud rejimin qalıb-qalmaması məsələləri müzakirə olunmağa başladı. Etiraz çağırışları partiya və ordunu sarsdı. Mao təcili bir çıxış hazırlayaraq, partiyanın kampaniyada çox irəli getdiyini açıqladı. Sonralar həmin tənqidçilər ağır ittihamlara hədəf olaraq cəzalandırıldı. Bir faktı da xatırladım ki, 26 il Çin MK-nin katibi olan Maonun öldürtdüyü insanların sayı 50 milyona çatır…
Təbii, bizdə heç “100 çiçək kampaniyası” da olmaz. On illərlə əldə saxlanan zorakı hakimiyyətə ölüm-dirim məsələsi kimi baxanlardan islahat və mərhəmət gözləməyin bir anlamı yox. Görün ki, həyatında ard-arda ağır faciələr yaşamış günahsız bir insanı belə azad etməyə insafları çatmadı. Çünki bu işin içində bir qisasçılıq, bir nifrət, bir bağışlanmazlıq var. Çünki Tofiq Yaqublu düşdüyü ən acı dərdin ortasında da haqsızlardan mərhəmət diləmədi. Ədalətsiz həbsinin üzərinə kölgə salıb “məni əfv edin” demədi. Bu gün zalımlıqla istidən, havasızlıqdan qan ağlayan zindanlara məhkum edilən başqa vicdan məhbuslarımız da eləcə. O üzdən, onlara bağışlanma ola bilməz. Onlar bu sistemin, bu mütləq hakimiyyət düşüncəsinin düşmənləri hesab olunurlar, imkan çatan yerə qədər içəridə daha çox saxlanmaqlarında fayda var. Hələ əldə bu məhkumluqlara haqq qazandıran hüquq müdafiəçiləri dəstəsi də varsa… Hələ Çingiz Qənizadə adlı birisi durub, övladı öldüyünə görə insanları azad etməyin heç bir əsası olmadığını deyir. Baxın, məsələni hansı müstəviyə gətirib çıxarırlar? Adam hüquq prosedurunu gözə soxmaqla, guya özünü ağıllı göstərməyə çalışır. Söhbət sanki qonşusunu öldürüb həbsxanaya düşən birindən və onun bağışlanma durumundan gedir. Bununla, bütün siyasi məhbusların həbsinə bir detal tapıb haqq qazandıra bilərsiniz. Zatən, sizin işiniz də elə bu deyilmi?
Xülasə, “oyunlar bitir” deyirəm, amma deyəsən əsas “oyunlar” bundan sonra başlayacaq. Son bir ayda baş verən bütün hadisələr belə deməyə əsas verir.