Cəmil Həsənli Dövlət Departamentinin hesabatını şərh etdi

Cəmil Həsənli: «Hamı Novruz Məmmədov kimi düşünmür…»
 

«Son bir ayda Azərbaycanın insan haqları, demokratiya ilə bağlı bir neçə qurum tərəfindən tənqid olunması, bu narahatçılıqlar təsadüfi deyil. Hesab edirəm ki, istər Almaniya Bundestaqı, istər Amerika Konqresi, AŞPA, hətta Dövlət Departamenti də Azərbaycanda olan real mənzərənin çox kiçik bir hissəsini verir».
 
Milli Şuranın sədri Cəmil Həsənli ABŞ Dövlət Departamentinin Azərbaycana dair son hesabatını şərh edərkən belə deyib.
 
AzadlıqRadiosuna açıqlamasında Cəmil Həsənli bildirib ki, ölkədə real vəziyyət hesabatda göstəriləndən daha acınacaqlıdır:
 
«Ölkədə seçkiyə nəzarət mexanizmi bütövlükdə hakimiyyətin əlindədir. Azərbaycan hakimiyyəti xalqın səsinə dayanmır, mandat xalqdan yox, birbaşa Mərkəzi Seçki Komissiyasından alınır. İnsan haqlarında çox ciddi problemlər yaranıb. Hazırda Rusiya da daxil keçmiş Sovet İttifaqına aid ölkələr arasında ən çox bizdə siyasi məhbus var. Son bir il ərzində Azərbaycanın qeyri -hökumət sektoru demək olar ki, sıradan çıxarılıb. Onların aparıcı nümayəndələrinin hamısı, tanınmış jurnalistlər, bloqqerlər,fəal gənclər bu gün həbsdədir. Bizim bəyənmədiyimiz sovet dövründə Azərbaycan xalqı hüquqi baxımından bu gün müstəqil Azərbaycanda olduğundan daha etibarlı müdafiə olunurdu. Sovet hökuməti heç vaxt öz vətəndaşının cibinə narkotik atıb onu həbs etməyi öz ləyaqətinə yaraşdırmırdı. İndi ölkədə məhkəmə sistemi yoxdur, o, Prezident Administrasiyasının bir əlavəsinə çevrilib».
 
Cəmil Həsənli hesab edir ki, beynəlxalq təpkilər ölkədəki vəziyyətə təsirsiz ötüşməyəcək:
 
«Bugünədək Azərbaycan hakimiyyətinin əsas dayağı Avropa Şurası idi. Sonuncu müzakirələr göstərdi ki, artıq bu dayaq da çökdü. Azərbaycan hakimiyyəti Avropa Şurasında görülməmiş şəkildə məğlubiyyətə uğradı. Şübhəsiz ki, bütün bunlar, qətnamələr, Dövlət Departamentinin bəyanatı Azərbaycandakı vəziyyətin acınacaqlı olduğunu ortaya qoyub. Azərbaycan bu gün sərt beynəlxalq təpki ilə qarşılaşıb və mütləq bunun nəticəsi olacaq. Məncə, xarici ölkələrdə heç də hamı Novruz Məmmədov kimi düşünmür ki, bütün dünya bizə qarşıdırsa, deməli, biz düz yoldayıq».