Almaniyanın nüfuzlu nəşrləri “Azadlıq”ın bağlanmaq təhlükəsindən yazdı

"Qəzeti iqtisadi cəhətdən boğmaq siyasəti onu fəaliyyətini dayandırmaq həddinə çatdırıb"
 

Avropanın ən nüfuzlu nəşrlərindən olan “Frankfurter Allgemaine Zeitung" qəzeti son günlərdə artıq neçənci dəfədir ki, Azərbaycanda aparılan repressiyalardan, söz azadlığına olan güclü təzyiqlərdən yazır.
 
Məşhur alman qəzeti yazır ki, Azərbaycan hakimiyyətininin söz azadlığına təzyiqləri səngimək bilmir.
 
"Hakimiyyətin apardığı sərt repressiya siyasəti nəticəsində çoxlu sayda mətbuat orqanları artıq susdurulub. Ən azı səkkiz jurnalist və bloqçu həbs edilib. Azərbaycan hakimiyyətini təndiq edən jurnalistlər kimi xarici ölkələrin tanınmış mətbuat nümayəndələri Avropa Oyunları zamanı ölkəyə buraxılmayıb".
 
Qəzet daha sonda yazır ki, ökənin əsas müxalifət qəzeti olan “Azadlıq” ağır maliyyə vəziyyətinə salınıb. Qəzeti iqtisadi cəhətdən boğmaq siyasəti onun fəaliyyətini dayandırmaq həddinə çatdırıb. “Azadlıq” qəzetinin böyük məbləğdə borcu yaranıb və bu yaxın vaxtlarda qəzetin çapının dayandırılması ilə nəticələnə bilər.
 
Məlumat üçün bildirək ki, "Frankfurter Allgemaine Zeitung" qəzetinin nüsxələri hər gün dünyanın 148 ölkəsinə çatdırılır.
 
***
 
Almaniyanın tiraji beş yüz mindən artıq olan “Fokus” jurnalı da Azərbaycanda artıq xeyli müddətdir baş alıb gedən repressiyalar haqqında material dərc edib.
 
Məqalədə deyilir ki, son bir il ərzində Azərbaycanda misli görünməmiş repressiya siyasəti aparılır. Bu repressiya kampaniyası çərçivəsində azad mətbuata, müstəqil jurnalistlərə və blogerlərə qarşı təzyiqlər səngimək bilmir.
 
Əvvəllər hakimiyyətə qarşı tənqidçi mövqedə duran mətbuat orqanları sıradan çıxarılıb. Hakimiyyətin korrupsiya əməllərini ifşa etməklə məşhurlaşmış Xədicə İsmayıl hələ də həbsxanadadır.
 
Ölkənin əsas müxalifət qəzeti olan “Azadlıq” ağır maliyyə vəziyyətinə salınıb. Qəzeti iqtisadi cəhətdən boğmaq siyasəti onu fəaliyyətini dayandırmaq həddinə çatdırıb. “Azadlıq” qəzetinin böyük məbləğdə borcu yaranıb və bu yaxın vaxtlarda qəzetin çapının dayandırılması ilə nəticələnə bilər. 
 
azadliq.info