xanbahadir@mail.ru
ADR-in yıxılmasından sonra Azərbaycandan getməli olan M.Ə.Rəsulzadə basqılar, izləmələr üzündən, demək olar, bütün Avropanı dolaşmaqla uzun sürəli qaçqınlıq yaşamı yaşayıb. Ancaq o, oçağkı, indiki bir çoxları kimi başını götürüb ölkələr gəzməyib: özüylə hər yana, hər yerə Azərbaycan sorunu, Azərbaycan ağrısı daşıyıb. Buna görə onun bioqrafiyası dolğun bir yaradıcılıq örnəyidir. O getdiyi, olduğu hər yerdə Azərbaycanı düşünüb, Azərbaycan üçün yaşayıb. Bütün yaşı, çalışmaları boyu o, Azərbayacana uğurlu gələcək axtarışlarında olub.
Ulu Öndərimiz hələ 20-ci yüzilin 20-30-cu illərində kapitalizm, komunizm, liberalizm kimi o çağın aktual, populyar ideologiyalarını araşdırıb, çağındaca onların düzgün dəyərini verib. Rəsulzadə istər bu, istərsə də bir çox başqa ideologiyaları Azərbaycan üçün keçərsiz sayır. O çağlar dünyada ən populyar iki ideologiya – komunizm ideologiyası ilə liberalizm ideologiyaları – üzərində daha geniş dayanır, dərin analiz yoluyla hər iki ideologiyanın bizlik olmadığını göstərir. Komunizm ideologiyası bu gün bütün dünyada çıxdaş durumdadır, liberalizm ideologiyasının isə istər çağdaş dünyada, istərsə də bizdə yandaşları indi də az deyil. Bu baxımdan Rəsulzadənin liberalizmlə bağlı analizləri aktuallığını indi də saxlayır. Rəsulzadə, komunizm kimi liberalizm ideologiyasının da gələcəyinin olmadığını göstərir: “Liberalizmdə başlıca ideal bireyin (birey – fərd) ən çox özgürlüyü, dövlətin vətəndaşlar arasındakı qarşılıqlı ilişkilərdə ən az qatqısıdır”. Liberalizm komunizmdən çox uzaq bir ideologiyadır, onun daha çox üstünlükləri var, bununla belə, Rəsulzadəyə görə, onların hər ikisi sonucda toplumu uğursuzluğa gətirib çıxarır: “Liberal dövlət öz sisteminin törəməsi olan kapitalizmin doğurduğu böhranla çarpışmada gücsüzdür”.
Rəsulzadə komunizmlə liberalizmin analizindən bunca toparlamaya gəlib çıxır: “Belədə sonuc öz özünə doğur: nə bireyin özgürlüyü ilə özəl mülkiyətin kəsinliyindən doğan kapitalist anarxiyasıyla yatırım diktaturası, nə də insanları mənliyindən çıxararaq bir kölə, maşın durumuna gətirən komunizm yenilgəsi! Nə mütləq liberalizm, nə də mütləq kollektivizm! Belədə: ikisini uzlaşdıran solidarizm – birlik”. Rəsulzadəyə görə, liberalizm kültürün ruhunu bireyin yaradıcı eqoizmində görür. Komunizm bunu sinif eqoizminə dönüşdürür. Birlik (solidarizm) isə kültürü birey eqoizmilə toplum çıxarları arasındakı uyğunluqda bulur. Liberal toplumda başqa cür düşünmək alplıq-bahadırlıqdır. Birlikdə (solidarizmdə) isə bu bir görəvdir. Kültür, tarix bağları ilə mənəvi birlik oluşduran bir millətin bireyləri topluluğun ortaq çıxarlarını qorumaq üçün özəl çıxarlarını sınırlandırmaya bilməzlər. Topluluğun çıxarlarını yansılayan qurum dövlətdir. Bireyin mənəvi mənliyini oluşduran ortaqlı bütün dəyərləndirmələrin qaynağı milli toplum, onu yansılayansa dövlətdir. Birey, başqa bireylərlə ortaq olduğu bu mənəvi mənliklə özünə özgü çıxarlarla maddi mənlik arasında çəkişmə çıxınca maddiliyini mənəviliyinə qurban verməyə bilməz. Özgür, yetkin insan olmaq ərdəminin üstünlüyü bundan başqa olamaz! Dövlətlər, millətlər, toplumlar ancaq “canlarını cananlarına qurban edə bilən” bu kimi üyələri olurkən yenilməzlik-yıxılmazlıq qazana bilirlər.
Az qala yüz il qabaq ortaya atılmasına baxmayaraq, olduqca aktual, önəmli yanaşmadır. Batı Avropa demokratiyasının patriarxlarından sayılan Villi Brant Ikinci dünya savaşından sonra, ölkəsi hələ dağıntı içindəykən demişdi: “Biz necə hökumət (hakimiyət) quracağımızı deyil, xalqımızı necə görmək istədiyimizi düşünməliyik”. Oxuyun, Öndərimizi tanıyın, tutacağımız yolu bilin! Məhəmməd Əmin Rəsulzadə bizim yalnız PARLAQ keçmişimiz deyil, eləcə də PARLAQ gələcəyimizdir!!!