Dünən “Bakı-2015” I Avropa Oyunlarında boks üzrə yarışların yarımfinal mərhələsinə yekun vurulub və eyni zamanda finallara start verilib.
Qadınlar arasında 54 kq çəki dərəcəsində yığmamızın liderlərindən Anna Əlimərdanova Avropa Oyunlarında ikinci döyüşünə çıxıb. Boksçumuz yarımfinalda Rusiya idmançısı Yelena Savelevaya ilə qarşılaşıb. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb.
Əlimərdanova isə yarımfinalda mübarizəni dayandırdığından bürünc medalla kifayətlənib.
Kişilər arasında 81 kq çəki dərəcəsində rinqə çıxan Teymur Məmmədov inamlı qələbə sayəsində, boks yığmamıza ilk qızıl medalı qazandırıb.
Dünən cüdo yarışlarına da start verilib. 60 kq çəki dərəcəsində tatami üzərinə çıxan Səfərov Azərbaycan əsilli Belarus təmsilçisi Arif Bağırovu sınağa çəkib. Görüş həmyerlimizin inamlı qələbəsi ilə başa çatıb. Cüdoçumuz 1/4 finalda isveçrəli Ludovik Çammartinlə münasibətinə aydınlıq gətirib. Rəqibinə vazari və yuko xalları ilə qalib gələn “Neftçi Idman Klubu”nun üzvü yarımfinalda ispaniyalı Fransisko Qarriqosla gücünü yoxlayıb. Cüdoçumuz bu görüşü də üstün bitirərək, finala yüksəlib.
Səfərov həlledici görüşdə rusiyalı Beslan Mudranovla qüvvəsini sınayıb. Avropa çempionu, dünya ikincisi olan rəqiblə görüş kifayət qədər gərgin alınıb. Orxan qarşılaşmanın başa çatmasına 17 saniyə qalmış fənd işlətmək istəyərkən, ippona düşüb və gümüş medalla kifayətlənib.
Qılıncoynatma yarışları davam edir. 4 qadın idmançımız sablya növündə yarışıb. Azərbaycan qılıncoynadanı Sevil Bünyadova yarışların finalına çıxıb. O, yarımfinalda fransalı Marqau Rifkiss üzərində 15:9 hesabı ilə qələbə qazanıb. Idmançımız həlledici görüşdə A.Vator ilə qarşılaşıb. Gərgin keçən görüşdə polşalı qılıncoynadan cüzi üstünlüklə qalib gəlib – 15:14. Bununla da, S.Benyadova gümüş medalla kifayətlənib.
Yarımfinalda digər təmsilçimiz Sevinc Bünyadova isə polşalı rəqibi Angelika Vatora üstün gələ bilməyib – 11:15. O, bürünc medalla kifayətlənib.
Yarışların 14-ü günü ümumi medal sayına görə Rusiya yığması liderdi. Bu ölkə idmançılarının 123 medalından 59-u qızıl, 32 -i gümüş, 32-i da bürüncdü. Azərbaycan idmançıları 46 medalla ikinci yerdə qərarlaşıb (15 qızıl, 13 gümüş, 18 bürünc).
3-cü yerdə 32 medalla (14 qızıl, 6 gümüş, 14 bürünc) Böyük Britaniya idmançılarıdır.
azadlıq.info