İranla yanaşı Rusiya da neft hasilatını artırır
«Bazarda neftin ucuzlaşması prosesi baş verə bilər»
Iyunun 30-da Iran neftinin dünya bazarına birbaşa çıxışı ilə bağlı danışıqlara start veriləcək. Qeyd edək ki, bu məqam Iranın nüvə proqramı ilə bağlı əldə olunan razılaşmaya daxildir. Artıq beynəlxalq ekspertlər bu danışıqlarla bağlı ilkin proqnozlarını verməkdədirlər. Belə ki, hesablamalara görə, Iranın neft bazarına daxil olması dünyada neftin qiymətinə neqativ təsir edəcək. Ekspertlərə görə, Iran faktiki olaraq bazara nefti 2015-ci ilin ikinci yarısından buraxa biləcək. Bu halda neftin qiymətinin 50-55 dollar arasında olacağı proqnozlaşdırılmışdı.
Bundan başqa, Iranın neft hasilatını artırmaq niyyətini açıqlaması vəziyyəti bir qədər də qəlizləşdirir. Artıq danışıqlar başlamamış Iran dənizdəki tankerlərdəÿ 40 milyon barrel neft ehtiyatı yığıb.
Iranın 40 milyon barrel neftinin Avropa ölkələri ilə nüvə proqramı üzrə əldə edilən son qərardan, yəni iyunun 30-dan sonra bazara çıxaracağı planlaşdırılır.
Beləliklə, bir neçə gün sonra, yəni iyunun 30-da ÿIran ilə Avropa ölkələri arasında bu istiqamətdə son qərar qəbul olunmalıdır.
Iranın qısa müddətdə hasilatı artıra biləcəyini deyən iqtisadçı Samir Əliyev hesab edir ki, Iran belə bir addım atmağa məcburdur. Amma dünya bazarında neftin qiymətinin enməsinə təkcə Iran faktoru təsir etməyəcək: “Amma Iranla yanaşı Rusiya, Liviya da hasilatı artırır. Çində isə iqtisadi artım tempinin aşağı düşməsi neftə təlabatı azaldıb. Situasiya ona gətirib çıxarır ki, bazarda neft artıqlığı yarana bilər. Bu isə o deməkdir ki, bazarda neftin ucuzlaşması prosesi baş verə bilər. Bahalaşma prosesi isə hələlik gözlənilmir”.
Irana qarşı sanksiyaların aradan qaldırılması ilə neftin dünya bazar qiymətinə təsirlərinin artacağını deyən S.Əliyev bildirdi ki, əslində neftin qiymətinin düşməsi ABŞ-a da sərf etmir: “Çünki ABŞ artıq yüksək texnologiyanı tətbiq edərək slans neftinin çıxarılmasına başlayıb. Məlumatlar göstərir ki, neftin qiyməti 60 dollardan yuxarı olanda ABŞ-da neft hasilatı rentabelli olur. Iran neftinin dünya bazarına çıxması qiyməti aşağı sala bilər. Amma bu, ABŞ və OPEK-in qərarından daha çox asılı olacaq”.
S.Əliyev onu da bildirdi ki, neftin qiyməti eyni zamanda siyasi faktorlarla bağlıdır. Bu sırada ilk növbədə Rusiyanın yürütdüyü xarici siyasəti göstərmək olar.
Xəyal