Hökumət 7 il ərzində bu sahədə cüzi də olsa irəlləyişə nail ola bilmədi
Vahid Məhərrəmov
Azərbaycan hökuməti 7 il əvvəl “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edib. Qəbul olunan bu Proqramda “qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı dövlət tərəfindən iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir”. Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Həmin proqramda 2015-ci il üçün əsas hədəflər müəyyən edilmişdi. Belə ki, proqramda dənli bitkilərin əkin sahələrini 900 min hektara, məhsuldarlığı 32 sentnerə, ümumi istehsalı 2,8 milyon tona; ət istehsalını 340 min tona, süd və süd məhsullarının istehsalını 2,4 milyon tona; kartof istehsalının həcmini 1,12 milyon tona çatdırmaq nəzərdə tutulur. Bununla yanaşı digər kənd təsərrüfatı məhsullarının da 7 il ərzində artırılması proqramda nəzərə alınmışdı.
Bu il Dövlət Proqramının yerinə yetirilməsinə yekun vurulmalıdır. Lakin reallıq onu deməyə əsas verir ki, keçən dövr ərzində hökumət düzgün aqrar siyasət qura bilmədiyi üçün Dövlət Proqramı fiaskoya uğradı. Onu da qeyd etməliyəm ki, Dövlət Proqramındakı hədəf kimi götürülmüş rəqəmlər heç də yüksək göstəricilər deyil. Görünür, hökumətin məqsədi qonşu ölkələrdə olduğu kimi proqram qəbul edib fəaliyyət kimi qabartmaqdan ibarət olub. Bu Dövlət Proqramında əhalinin əsas ərzaq mallarına, ətə, südə, kartofa, meyvəyə və sair məhsullara olan təlabatı, ümumiyyətlə, nəzərə alınmayıb. Belə ki, sənəddə hədəf kimi nəzərdə tutulan rəqəmlərə baxarkən aydın olur ki, hökumət “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nı Dünya Səhiyyə Təşkilatının (DST) müəyyən etdiyi qida normasını nəzərə almadan hazırlayıb. Bununla yanaşı Proqramda qarşıya qoyulan kiçik məqsədə nail olmaq üçün hökumətin fəaliyyəti əks-effekt vermişdi. Belə ki, bu sənəd qəbul olunan ili bir sıra məhsullar üzrə göstəricilər indikindən xeyli yüksək idi. Belə ki, 2008-ci ildə ölkədə 2498,3 min ton taxıl istehsal olunduğu halda indi 2014-cü ildə bu göstərici 118,9 min ton azalaraq 2379,4 min tona enmişdi. Kartof istehsalı həmin ildə 1077,1 min ton olduğu halda isə, bu göstərici 257,8 min ton azalaraq 819,3 min ton təşkil etmişdi. Tərəvəz və digər məhsullar üzrə də ciddi azalmalar olmuşdu.
Əvvəllər il ərzində ölkədə 2,8-2,9 milyon ton taxıl istehsal olunduğu haqda məlumat verildiyi halda hökumət proqramda 2015-ci il üçün hədəf kimi 2,8 milyon ton taxıl istehsal olunacağını nəzərdə tutub. Lakin 2014-cü ilin statistik məlumatlarında ölkədə 2379,4 min ton taxıl istehsal olunduğu göstərilir ki, bu da nəzərdə tutulan göstəricidən 420,6 min ton azdır. Bu il taxıl sahələrində apardığımız monitorinqlər taxıl istehsalının az olacağını düşünməyə əsas verir. Əlbəttə, hökumətin əlində bu rəqəmləri istədiyi kimi görmək, korrektə etmək üçün kifayət qədər alətlər var. Ancaq reallıq onu deməyə əsas verir ki, hökumət 7 il ərzində bu sahədə cüzi də olsa irəlləyişə nail ola bilmədi. Əksinə, bu sahə get-gedə geriləməkdə, taxıl idxalı isə artmaqda davam edir.
Proqramda süd istehsalının 2,4 milyon tona çatdırılması nəzərdə tutulsa da, bu qədər məhsul istehsalı real görünmür. Apardığımız müşahidələr göstərir ki, bu ilin qış aylarında heyvandarlıqda yem çatışmazlığı ilə bağlı yaranmış problem nəticəsində məhsul istehsalında ciddi azalmalar var. Ona görə də Dövlət Proqramında nəzərdə tutulan rəqəmlə real göstərici arasındakı fərqin 700 min ton olacağı tam gerçəkdir. Ölkəyə son bir neçə ildə südlük istiqamətində çoxlu sayda, baha qiymətə cins mal-qara gətirilsə də, bu sahədə də irəlləyişə nail olunmadı.
Dövlət Proqramının hazırlanmasında hökumətin qeyri-ciddi yanaşmasını sübuta yetirən faktlardan biri də çay yarpağı istehsalı ilə bağlıdır. Belə ki, proqram qəbul olunanadək 1700 hektar (2007-ci il) sahədə çay istehsalı ilə məşğul olunduğu və 480 ton çay yarpağı istehsal edildiyi halda növbəti illərdə əkin sahələri 900 hektaradək (2013-cü il) azalmışdı. Bununla yanaşı Dövlət Proqramında 3 min ton çay yarpağı istehsalı nəzərdə tutulmuşdu. Lakin 2014-cü ildə 460 ton istehsal göstəricisini nəzərə alsaq, Dövlət Proqramında nəzərdə tutulduğundan 6 dəfə az çay yarpağı istehsalı olduğu aydın şəkildə görünür.
Mövcud vəziyyəti nazərə alaraq bəri başdan demək olar, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” iflasa uğradı.
Aşağıda Dövlət Proqramında nəzərdə tutulan hədəflər və 2014-cü ilin statistik göstəricilərinin müqayisəsi təqdim olunur.