Hüzurlu ölkədə yaşamaq necə olur və ona ömrümüz çatacaqmı, bilmirəm. Amma bu şansı olan insanları dünyanın ən bəxtiyar sakinləri sayıram. Həqiqətən, böyük anlamda xoşbəxtlik budur elə. Xəyal edin, sabah gözünüzü yuxudan açdığınızda ancaq gözəl şeyləri xatırlayırsınız. Nə qalxıb dayanacaqlarda ağzınacan dolu avtobusları gözləmək, nə buxarlanan metro vaqonlarında tövşüyə-tövşüyə yol getmək, nə tıxaclar, nə məişət problemləri, evsizlik, pulsuzluq, üstünüzə yüklənmiş kredit borcları… Xəyal edin, sevdiyiniz bir üzü, bir şeir parçasını, bir mahnının sözlərini xatırlayırsınız hər oyandığınızda. Hələ bir az artıq pulunuz da var, bir gəzinti, bir səyahət, bir istirahət həftəsi haqqında da düşünmək olar. Gözəl xəyaldır, deyilmi? Nə yazıq ki, xəyaldır və hələ nə qədər xəyal olaraq qalacaq, onu da bilmirik…
Mən hələ bir insana hüzur verə bilən xırda şeyləri qeyd etdim. Hansı ki, o xırda şeylər birmənalı olaraq hüzurun əsası sayılan böyük şərtlərin təmin edilməsi sayəsində yaranır və məhz o üzdən, insan xoşbəxtliyinin ayrılmaz elementlərinə çevrilir. Bir ölkədə şərtsiz olaraq hüquq və qanunun aliliyinə söykənən hakimiyyətin hüzurun təməl prinsipi olduğunu kim bilmir ki? Kim bilmir, fikir azadlığının, açıq sözün və hiyləsiz seçkinin cəmiyyətdəki inkişafın hüceyrəsi olduğunu? Bəs heç bir asılılığa əl yeri qoymayan ədalətli məhkəmə sistemi, qanun qarşısında hər kəsin imtiyazsız bərabərliyi? Əgər yaşadığımız ölkədə bütün bunlar təmin edilmiş olsaydı, işsizlik, yoxsulluq, təbəqələşmə, haqsızlıq, baş alıb gedərdimi, sizcə? Yaşadığımız həyat şərtləri bu fəlakətli səviyyəyə düşərdimi? Var-yoxumuz, olub-qalanımız bir ovuc adam tərəfindən talanıb pay-puş edilə bilərdimi? Bu qədər ədalətsiz basqılara, yasaqlara, pozuntulara, həbslərə yol açılardımı? Zorakı sistemə və yalan hakimiyyətinə qarşı çıxan ləyaqətli insanlarımız, intellektual düşüncə sahiblərimiz qurama ittihamlarla həbsxanalara doldurula bilərdimi? Heç bir halda!
Dünyanın nüfuzlu təşkilatları vaxtaşırı ölkələrin xoşbəxtlik, hüzur, dinclik, zənginlik dərəcəsinə görə reytinq cədvəlini hazırlayır, bilirsiniz. O reytinq dərəcəsi ölçülərkən insanların həyatına təsir edən bir çox meyarlar nəzərə alınır, iqtisadiyyat, mədəniyyət, siyasət də daxil olmaqla. Biz də hər dəfə o cədvəllərin üst onluğunda olan ölkələrə baxıb köks ötürməklə kifayətlənirik eləcə. Bu günlərdə Iqtisadiyyat və Sülh Institutu da özünün yeni Qlobal sülh indeksi siyahısını açıqlayıb. Həmin siyahının ilk üçlüyündə Islandiya, Danimarka və Avstriyanın adı gəlir.ÿYəni bütün göstəricilərə görə bu üç ölkə dünyanın ən hüzurlu və insanların özlərini rahat hiss etdikləri ölkə sayılır. Ümumilikdə, hüzurlu sayılan yüksək reytinqli 20 ölkədən 15-i Avropanın payına düşür. Bizim hökumətin bəyənmədiyi, ünvanına olmazın həqarətlər yağdırdığı, vaxtaşırı “ölkəmizdən əlinizi çəkin” mesajı göndərdiyi Avropa. Hakimiyyət TV-lərinin təqdimatına görə əxlaqı pozulmuş, mənəviyyatı aşınmış, işsizliyin və aclığın qan ağladığı bu Avropa ölkələri necə olub da o cədvəlin ən yüksək 10 yerini tutub, maraqlıdır. Bəs bizim yerimiz haralardadır, heç onu bu aralarda görən olubmu yəni? Biz kimi aldadırıq, kimə xox gəlirik, kimə dəyənək göstəririk? Bu yarıtmaz idarəçilik sistemi ilə bizi qırx arşın quyunun dibinə saldığınızın, hüzurumuzu qaçırdığınızın, həyatımızı alt-üst etdiyinizin fərqində deyilmisiniz? Fərqində olsaydınız keşkə…
Hüzursuz ölkədə yaşamaq
•