İqtidar-erməni müqayisəsi daha ədalətli olmazdımı?

xaqaniquzeyli@gmail.com

Yazıma Ermənistan prezidenti Serj Sərkisyanın Azərbaycanda keçirilən son prezident seçkilərinə münasibəti ilə başlamaq istəyirəm. O, YAP rejiminin daha beş il iş başında olmasını Ermənistan üçün məqbul olduğunu vurğuladı.
Serj Sərkisyan birmənalı olaraq, Azərbaycan xalqının düşmənidir, Xocalı faciəsindən məmnunluğunu gizlətməyən çox az sayda ermənidən biridir. Sual oluna bilər, nədən o, müharibənin həm erməni həm də Azərbaycan xalqına sərf etmədiyini bəyan edən Milli Şura sədri Rüstəm Ibrahimbəyovu namizəd göstərən müxalifəti yox, 20 il ərzində Ermənistanı hər fürsətdə hədələyən rejimi tərcih etdi". Niyə o “dost”dan üz döndərib, “düşməni” seçdi?"
Sərkisyanın nə Ilham Əliyevə, nə Rüstəm Ibrahimbəyova, nə də Cəmil Həsənliyə rəğbəti var. Hər üçü onun gözündə düşməndir. Sərkisyan seçimini Azərbaycana hakim olan korrupsioner və rüşvətxor rejimdən yana etdi. O çox gözəl bilirdi ki, Azərbaycanda demokratik rejimin bərqərar olması Ermənistan və Qarabağdakı separat qurum üçün nə deməkdir.
Rusiyanın Ukraynadakı demokratik proseslərdən necə narahat olduğunu yəqin ki, müşahidə edirsiniz. Kreml bunu əngəlləmək üçün az qala dünya savaşını başlatmağa hazır kimi görünür. Putin gözəl bilir ki, qonşuluqda Ukrayna kimi demokratik dövlətin mövcudluğu onun sonunu gətirəcək. Rus xalqı slavyan qardaşlarından geri qalmaq istəməyəcək və o, buna əngəl ola bilməyəcək.
Istər Ermənistan rəhbərliyinin, istərsə də erməni lobbisinin  ən böyük nigarançılığı bir gün Azərbaycanda oxşar proseslərin başlanmasıdır. Bunu əngəlləmək üçün onlar hər şeyə hazırdılar, necə ki, bunu zaman-zaman nümayiş etdirirlər.
“1993-cü ildə ermənilər yatsalar da yuxularına girməzdi ki, Qarabağı bu qədər uzun müddətə əllərində saxlaya bilərlər. Onlar neftdən gələn gəlirlərin Qarabağı qaytarmaq üçün xərclənəcəyini zənn edirdilər. AXC hakimiyyətinin devrilməsi nəticəsində ermənilərin bu qorxulu röyası gerçəkləşmədi. Neftdən gələn milyardları hakimiyyət mənimsədi və 20 ildən çoxdur ki, Qarabağ savaşı virtual məkanda gedir. Nəticə isə göz qabağındadır.
Gələk, müxalifətə qarşı sürülən erməni dəyirmanı ittihamlarına, “rus projesinə”.
Razılaşın ki, loru dildə desək, şitini çıxarıblar. Hətta bu o qədər təhlükəli bir həddə gəlib çatıb ki, artıq insanlar Kreml, xüsusilə də erməni haqda başqa cür fikirləşməyə başlayıblar. “Əcəba, ölkədəki korrupsiya və rüşvətxorluqda da ermənilərin barmağı var?” deyə düşünürlər. “Səhiyyə, təhsil, hüquq mühafizə və s. sahələrdəki vəziyyət də bir erməni təxribatıdır?” “Bir milyon qaçqını anladıq, qalan üç milyondan çox insanı ölkədən kim didərgin salıb?” “Məmurlar daha çox torpaq ələ keçirib, yoxsa ermənilər?..”
Suallar, göründüyü kimi, çoxdur və yəqin razılaşarsınız ki, heç biri də iqtidarın xeyrinə deyil. Və bu suallara cavab da o qədər mürəkkəb deyil.
Ermənilərin bu cür “siyavuşnovruzovsayağı, ”yenimusavatsayağı" reablitasiyası ilk növbədə YAP iqtidarına zərbə vurur. Insanlar hakimiyyətin və ermənilərin bizə nə etdiklərini tərəziyə qoyur və hər ikisindən vahimələnirlər.
Əbəs yerə yuxarıda təhsil, səhiyyə, hüquq mühafizə və məhkəmə orqanları, YAP hakimiyyəti dövründə ölkəni tərk etmək məcburiyyətində qalmış milyonlarla soydaşlarımızdan  söhbət açmadım. Insanlar bu saydıqlarım və saymadıqlarımı  ermənilərin etmədiyini bilirlər.
Yəqin siz də müşahidə etmisiniz, televiziyaların cinayət xronikalarında insan ölümü adi xəbər kimi, sanki heç nə olmayıbmış kimi verilir. Ürək ağrısı ilə qeyd edirəm ki,  son illər xüsusi amansızlıqla müşayiət olunan cinayətlər o qədər çoxalıb ki, sıradan olan qətllər insanların diqqətini o qədər də cəlb etmir. Daxili Işlər Nazirliyinin saytından götürdüyüm 2014-cü il üzrə yekun hesabatdan bir cümləni nəzərinizə çatdırmaqla yazımı yekunlaşdırmaq istəyirəm, buyurun: “Hesabat ilində mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 1893, o cümlədən 638 ağır və xüsusilə ağır cinayət törətmiş 2212 nəfəri birləşdirən 845 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir”. Razılaşın ki, kiçik bir ölkə üçün qorxunc statistikadır…
Nə yazıq ki, bu dəhşətli rəqəmlər, eləcə də yuxarıdakı müqayisələr mənim təxəyyülümün məhsulu deyil…