Hakimiyyətin özünə inteqrasiyası

Millət vəkili yarıtmaz siyasətə yeni ad tapıb

Azərbaycan hakimiyyəti ölkədə və beynəlxalq aləmdə dayaqlarını itirdikcə, daha absurd addımlar atır. Haqlı iradlardan, tənqidlərdən nəticə çıxarmaq əvəzinə, bütün dünya ilə düşmənçilik yarışına giriblər. Ötən yazımızda da qeyd etdiyimiz kimi hakimiyyət “cığal uşaq” hərəkəti edir. Vəziyyət o həddə çatıb ki, arqumentlər tükənib və keyfiyyətini itirib. Ona görə hökumət yeni “arqument”lər istehsal etməyə başlayıb.
Əvvəlcə PA-nın şöbə müdiri Novruz Məmmədov politologiyaya “yenilik” gətirdi. O öz “tvitter” səhifəsində yazdı ki, əgər bizə hər tərəfdən təzyiq varsa, deməli biz düz yoldayıq.  Bəli, Novruz Məmmədov korrupsiyanın, repressiyanın, monopoliyaların, seçki saxtakarlığının, sifarişlə işləyən məhkəmələrin olmasını düzgün yolun göstəricisi kimi təqdim etdi.  
Ardınca isə parlamentin Insan hüquqları komitəsinin üzvü Astan Şahverdiyev “şedevr” yaratdı. Millət vəkili belə də deyib: “Bu gün bütün dünyaya sübut olundu ki, Azərbaycan necə sivil, demokratik və hüquqi dövlətdir. Biz bunu sözdə demirik, əməllərimizlə göstəririk. Azərbaycanı demokratiya sahəsində Belarusla müqayisə etmək özü ağılsızlıqdır. Azərbaycana qarşı total böhtan kampaniyası aparılır. Bu da cənab Ilham Əliyevin heç bir bloka qoşulmaması, müstəqil siyasət yeritməsi ilə bağlıdır. Azərbaycan bu gün heç yerə yox, özü özünə inteqrasiya edir, dünya ölkələri də bundan nümunə götürməlidir”.
Bəli, yeni “tapıntı” budur ki, Azərbaycan özünə inteqrasiya edir. Bütün dünyanı nəzərdən keçirən hökumətimiz bu qərara gəlib ki, özümüzə girişməliyik. Əslində Astan Şahverdiyevin fikirlərində müəyyən həqiqət var. Bu hakimiyyət bizim öz “yolumuz var” deyəndə xəstə təfəkkürə inteqrasiyanı nəzərdə tutub. Bu “özünə inteqrasiya”nın nəticəsdir ki, ölkə dünyadan təcrid olunur. Hakimiyyətin özünə inteqrasiyası təhsili, səhiyyəni, hüquq sistemini, iqtisadiyyatı, elmi, mədəniyyəti bərbad vəziyyətə saldı. Bu özünə inteqrasiyanın nəticəsində həbsxanalar siyasi məhbuslarla doludur, vətəndaş dilənçi maaşına məhkum edilib, 2.5 milyon insan kredit faizlərinin girovuna çevrilib, ölkənin sərvətləri offşorlara aparılıb.
Cənab deputat, dünya da, ölkə vətəndaşları da məhz bu “özünə inteqrasiya”dan bezib. Sizin özünüzə inteqrasiya siyasətiniz tənəzzülə, cəhalətə, köləliyə aparıb.
Bu hakimiyyət bu təfəkkürlə özünə inteqrasiya edib, tərəqqi, demokratiya, azadlıq, insan haqları deyil, yalan və yaltaqlıq yetişdirir. Yəni, sizin bu çarəsizlikdən tapdığınız arqument də sizin ifşanıza xidmət edir.
Özünə intqeqrasiyanın nəticəsidir ki, seçkili orqan təyinatlı orqana çevrilib. Bu ölkədə vicdanlı, mübariz insanlar ona görə təqib olunur ki, bu adamlar rejimin şər bataqlığına inteqrasiya etmirlər.
Astan Şahverdiyev həm də etiraf edir ki, bu hakimiyyətin və ona qulluq edənlərin bəşəri dəyərlərdən xəbəri yoxdur.
Siz komanda şəklində özünüzə inteqrasiya edin. Biz isə dünyaya inteqrasiya etmək istəyirik.  
Bir sözlə, hakimiyyət komandası özünə pərçimlənməyi, köhnəlikdən ayırla bilməməyi, cəhalətə “stavka” etməyi inteqrasiya kimi qiymətləndirir. O qədər sürətlə özlərinə inteqrasiya ediblər ki, indi bütün dünya bunları özlərindən xilas edə bilmir.

Akif