Yaxud, Səməd Seyidovun gülməli göz yaşları
Uzun illərdən sonra hakimiyyət layiq olduğu qiyməti almaqdadır. Artıq heç bir ölkə, beynəlxalq təşkilat Azərbaycan hakimiyyətinin ərköyünlüyünə dözmək fikrində deyil. Son dövrlər beynəlxalq təşkilatların hakimiyyəti kəskin tənqid etməsi və Almaniya Bundestaqında qəbul olunmuş qətnamə göstərdi ki, rejim bütün nüfuzunu itirib və etibarlı tərəfdaş kimi qəbul olunmur.
Amma məsələ bununla da bitmədi. Azərbaycan hakimiyyətinin uzun illər ümid yeri kim baxdığı AŞ PA da sərt üzünü göstərdi. Qeyd edək ki, uzun müddət AŞ PA-da Azərbaycanla bağlı məsələlər müzakirəyə çıxarılmayıb. Bunun da müxtəlif səbəbləri olub. Ona görə də hakimiyyət həmişə AŞ PA-ya daha asan aşılan sədd kimi baxıb. Amma 2 gün öncə AŞ PA-da qəbul olunan qətnamə Azərbaycan hakimiyyətinə “tərs şillə” kimi dəydi. 140 nəfər lehinə 13 nəfər əleyhinə olmaqla sənəd qəbul olundu. Müxtəlif ölkələri təmsil edən ekspertlər Azərbaycan reallıqlarını dilə gətirdilər və hakimiyyətin anti-demokratik siyasətini kəskin tənqid etdilər. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov həyatının ən əzablı günlərini yaşadı. Demək olar ki, heç bir ittihama tutarlı cavab verilmədi. Həmişəki kimi çeynənmiş arqumentlər səsləndirildi.
Xatırlayırsızsa, bir müddət əvvəl Səməd Seyidov Avropalılara Azərbaycanın “sendviç” kimi əzildiyini sübut etməyə çalışırdı. Yəni, əsaslandırmaq istəyirdi ki, Rusiya və Iran amili olmasa Azərbaycan demokratiyaya doğru addımlayar. Amma sonrakı mərəhələ göstərdi ki, problem həm də rejimin təfəkküründədir. Yəni, bu hakimiyyət avtoritar idarəçiliyə könül verib.
Bu dəfə isə Səməd Seyidovun özü “sendviç” kimi əzildi və başa salındı ki, Qərb mətbəxi ilə Qərbi şantaj etmək olmaz.
Indi məlum qətnamənin qəbul edilməsini Səməd Seyidov AŞ PA-dakı problemlərlə əlaqələndirməyə çalışır: “AŞ PA-dakı müzakirələr göstərdi ki, bu təşkilatın daxilində kifayət qədər problemlər var. Bu problemlər Avropa Şurasının faktiki böhranı, onun təşkilat kimi mövcudluğunun böyük sual altına düşməsi deməkdir. Faktiki olaraq biz, Azərbaycan nümayəndə heyəti, dünən Avropa dəyərləri uğrunda, insan haqları uğrunda mübarizə aparırdıq.ÿAŞ PAÿvə onlaraÿ havadarlıq edənlər, xüsusilə erməni lobbisi isə Avropanın və Avropa Insan Haqları Məhkəməsinin qərarları əleyhinə fəaliyyət göstərdi. Bu, paradoksdur və gülməlidir” – deyə Səməd Seyidov bildirib.
Deməli, “demokratiyaya doğru bir addım” deyəndə Avropa Şurası mötəbər qurum idi, amma Azərbaycan hakimiyyətini tənqid edəndə mövcudluğu sual altına düşür. Belə çıxır ki, AŞ PA-nın mövcudluğuna YAP hakimiyyəti son qoyacaq?
Daha sonra Səməd Seyidov təşkilatın daxilində kifayət qədər problemlərin olduğunu əsas gətirir. Amma qətnamənin qəbuluna 140 nəfərin səs verməsi göstərir ki, təşkilatın daxilində vəziyyət normaldır və çəkici eyni zindana vura bilirlər.
Paradoks və gülməli olan isə Səməd Seyidovun “biz dünən insan haqları və Avropa dəyərləri uğrunda mübarizə apardıq” deməsidir. Belə çıxır ki, gecə-gündüz Avropanı söymək, vicdanlı insanları şərləyib həbs etmək, ölkənin sərvətlərini talamaq, seçkiləri saxtalaşdırmaq Avropa dəyərlərinə xidmətdir. Digər tərəfdən Avropa Şurası Avropa dəyərləri uğrunda mübarizə aparan ölkəni niyə cəzalandırsın? Göründüyü kimi Səməd Seyidov özü də nə dediyinin fərqinə varmır. Yəqin bu dəfə lap çox sıxılıblar. Yəni, “sendviç” maksimum əzilib. Səməd Seyidovun gülməli göz yaşları çox təsirlidir.
Istənilən halda AŞ PA-da verilən qərar hakimiyyəti növbəti dəfə silkələdi və bugünə qədər istifadə olunan manevr üsullarını sıradan çıxardı. Hakimiyyətin “öz yolu” tikanlığa aparmaqdadır.
Azad


