Azərbaycanda söz azadlığını səmimi şəkildə müdafiə edənləri qəzetin xilası kampaniyasında yaxından iştiraka çağırırıq!
“Azadlıq” qəzetinin artıq uzun müddətdir ağır olan maliyyə durumu kritik həddə çatıb. Heç kimə sirr deyil ki, bu durum illərdir Azərbaycan hakimiyyətinin “Azadlıq”ı susdurmaq üçün müxtəlif vasitələrlə həyata keçirdiyi təzyiqlərin nəticəsidir.
“Azadlıq”a qarşı təzyiqlərə gəlincə, xatırlatladaq ki, YAP-çı deputat Mirkazım Kazımovun rəhbərlik etdiyi “Qasid” yayım firması “Azadlıq”ın satılmış nüsxələrinin pulu olan 69 min manatı mənimsəyərək, redaksiyaya ödəməkdən imtina edir. Kütləvi Informasiya Vasitələrinə Dəstək Fondu “Azadlıq”la əməkdaşlığı dayandırdı. Metro stansiyalarında qəzet və jurnal satışının dayandırılması məhz “Azadlıq”ın yayımının qarşısını almaq üçün atılmış addım idi. Üstəlik, paytaxtda əldə qəzet satışı da qadağan edildi. Bundan başqa, hakimiyyətin “Azadlıq”a qarşı aqressiv kampaniyası iş adamlarını bu qəzetə reklam verməməyə məcbur edir. Son aylarda hakimiyyətin nəzarətində olan Kütləvi Informasiya Vasitələri “Azadlıq” qəzetinə qarşı səlib yürüşünə yenidən start veriblər. Demək olar ki, hər gün siyasi sifarişlə “Azadlıq”a qarşı əsassız, heç bir məntiqə sığmayan, qarayaxma xarakterli ittihamlar irəli sürülür. Bütün bunlar hakimiyyətin qəzetlə bağlı ciddi narahatlığının göstəricisi kimi qiymətləndirilməlidir.
Son aylar ərzində qəzetin fəaliyyətini davam etdirməsinin başlıca səbəbi kollektivin hədsiz fədakarlığıdır. Təsəvvür edin ki, kollektiv son beş ayın maaşını hələ də almayıb. Təəssüf ki, bütün problemləri fədakarlıq hesabına həll etmək mümkün deyil. Redaksiyanın ağır maliyyə vəziyyəti artıq gələn həftə qəzetin nəşrini davam etdirməsini sual altında qoyur. Iş o həddə çatıb ki, kağız, çap və kommunal xərclər üzrə faktiki ödəniş etmək imkanı yoxdur. Ən qısa müddət ərzində bu problemlərin aradan qaldırılmaması “Azadlıq”ın nəşrini mümkünsüz edəcək.
Biz bir daha “Azadlıq”sevərləri – Azərbaycanda söz azadlığını səmimi şəkildə müdafiə edənləri qəzetin xilası kampaniyasında yaxından iştiraka çağırırıq! Hesab edirik ki, Azərbaycanın ictimai-siyasi həyatının misilsiz fenomeninə çevrilmiş “Azadlıq” qəzetini xilas etmək demokratik düşüncəli bütün vətəndaşların mühüm işinə çevrilməlidir!
“Azadlıq”
Qəzetə abunə olmaq üçün:
Qaya mətbuat yayımı – (012)5646345, (012)4656713
Azərmətbuat yayım şirkəti – (012)4404694/75, (012)4402785
İanə köçürmək üçün:
International Bank of Azerbaijan Republic
Yasamal Branch kod 805142
SWIFT: IBAZAZ2X
Beneficiary: AMIROV FAIQ SAMIDXAN
USD only Account#: AZ16IBAZ33882018403146388216