Əsəd rejimi daha bir şəhərə qoşun yeritdi

Həmada qanlı əməliyyatlar başlandı, müxalifət isə ümummilli tətilə hazırlaşır

Əsəd rejimi hakimiyyətə qarşı etirazları yatırmaq məqsədilə qanlı əməliyyatlarını davam etdirir. Artıq bir neçə şəhəri dağıdan və tamamilə yararsız hala salan rejimin növbəti hədəfi Həma şəhəri olub. Bölgəyə xüsusi təyinatlı dəstələr gətirilib. Şahidlər Həma şəhərinə 30 avtobusla xüsusi təyinatlıların daşındığını bildirib. Tank və zirehli texnika ilə şəhər dövrəyə alınıb. Əraziyə giriş-çıxış məhdudlaşdırılıb. Nəzarət buraxılış məntəqələrinin sayı artırılıb, maşınlar və avtobuslar yoxlanılır.
“Reuters” agentliyinin xəbərinə görə, hökumət qüvvələri iyulun 2-dən 3-nə keçən gecə Həma şəhərində müxaliflərə qarşı əməliyyatlara başlayıb. Rejim silahlıları müxalifət tərəfdarları olmaqda şübhələndiyi şəxslərin evlərinə basqınlar edib. Onları həbs edərək naməlum istiqamətlərə aparıblar. Təhlükəsizlik qüvvələrinin əməliyyatına qarşı çıxan şəhər sakinlərindən bəziləri əsgərlərlə silahlı qarşıdurmaya gedib. Şəhərin müxtəlif yerlərində qanlı döyüşlər yaşanıb. Hər iki tərəfdən ölən və yaralananların olduğu bildirilir.
Qanlı əməliyyat keçirilməsinə baxmayaraq, yenə də Həmanın müxtəlif bölgə və məhəllələrində Bəşər Əsəd əleyhinə aksiyalar keçirilib. Etirazçılar “Allahu Əkbər”, “Bəşər Əsədə lənət olsun” kimi şüarlar səsləndirərək küçələrdə dolaşıblar. Əlavə edək ki, ötən cümə günü Həma şəhərində Əsəd əleyhinə mitinqə 500 min insan qatılmışdı. Bu, hakimiyyətə qarşı etirazların başlandığı gündən ən kütləvi mitinq olub. Ölkədə davam edən nümayişlərdə son olaraq 2 nəfərin öldüyü açıqlanıb. “Əl Cəzirə” kanalı paytaxt Dəməşqin kənar məhəllələrində keçirilən aksiya zamanı hökumət qüvvələrinin açdığı atəş nəticəsində 2 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirib. Humus şəhərində isə iyunun 30-da baş tutan mitinqlər zamanı hökumət qüvvələrinin müxalifət tərəfdarlarına tərəddüd etmədən odlu silahdan atəş açdığını təsdiqləyən videogörüntülər yayılıb. Kadrlardan görünür ki, xüsusi təyinatlılar dinc aksiya keçirənləri avtomat və pulemyotlardan ataşə tutur. Çoxlu sayda ölən və yaralananların olduğu görünür.
Suriya müxalifəti isə cümə axşamı iyulun 7-də ölkə boyu ümummilli tətilin keçirilməsi haqda qərar qəbul edib. “Əl Əvsat” qəzeti yazıb ki, ölkə müxalifəti aksiyanın keçirilməsi üçün hazırlıqlara başlayıb.
Bu arada, Isveçrə Suriya rəhbərliyinə məxsus ümumi məbləği 27 milyon frank (31,8 mln. dollar) olan bütün maliyyə aktivlərini dondurub. Bu barədə xəbəri Isveçrənin Iqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin mətbuat sözçüsü Antye Berçi də təsdiqləyib. Onun sözlərinə görə, bu addımlar Avropa Birliyinin Suriya diktatoru Bəşər Əsədə qarşı tətbiq etdiyi qadağalar çərçivəsində atılıb.
Hazırda Isveçrə ərəb liderlərinin bütün aktivlərini “qıfıllayıb”. Liviya diktatoru Müəmmər Qəzzafinin 767 milyon dollar, Misirin devrilmiş diktatoru Hüsnü Mübarəkin 484 milyon dollar, Tunisin eks-prezidenti Zeynal Abidin Ben Əlinin isə 70 milyon dollar həcmində olan aktivləri dondurulub.

Elxan