80-90-cı illərdə Azərbaycanda ən populyar və nüfuzlu şəxslərdən biri, jurnalist və siyasətçi, ədalət uğrunda mübariz, Azərbaycanda müstəqil jurnalistikanın banisi və xalq hərəkatının liderlərindən biri Nəcəf Nəcəfov bu gün onun jurnalist həmkarlarından çoxunun prinsip və əqidə alveri edən “bizmesmenlər”ə çevrilməsinə çox təəccüblənərdi.
Bütün bu metamorfozanın baş verməsi üçün az vaxtın – hardasa 15-20 ilin lazım gəldiyinə təəccüblənərdi.
Həm də 90-cı illərin əvvəlində qazanılan müstəqillik nailiyyətlərinin çoxunun bu gün lazım olmamasından dilxor olardı.
Belə məlum oldu ki, Kommunist Partiyası nomenklaturası ənənələri üzərində qələbə son deyilmiş. O zamanlarda olduğu kimi, bu gün də hökumətə mədhiyyə yazanlar, “xalq düşmənləri”ni ləkələyənlər, hakimiyyətin gizli istəklərini bilənlər, öz ehtiramını bildirmək üçün növbəyə duranlar hörmət sahibidir.
AzTV-nin telereportajlarında və dövlət qəzetlərində məqalələrin xarakterində çox aş şey dəyişib. Sadəcə, kommunistlər birdən-birə vətənpərvər olublar, sovet xalqı türk dünyası ilə əvəzlənib, imperialistləri xristianlar əvəz edib ki, onlar da yataraq yuxularında bizi necə məhv etməyin yollarını görürlər.
Bütün bunlar necə də bəsit və “aydın”dır. Şanlı sovet dövründə olduğu kimi. Və nəyisə dəyişmək, plüralizm və söz azadlığı tələb etmək nədən ötrü lazım idi?
Onlara sərf etməyən jurnalistlərin təqibinə sanksiya verən dövlət məmurunun sonra utanmazcasına ölkədə demokratiyanın qələbəsindən danışması üçünmü? İnsanların demək olar ki, 20-ci əsr boyunca yaşadıqları “həqiqətləri” yenidən dərk etmələri üçünmü?
Həqiqət və qanunçuluq yoxdur, yalnız pulun və hakimiyyətin gücü var ki, bunlara qarşı mübarizə aparmaq mənasız və təhlükəlidir.
Bu gün həqiqətin dəyəri və özəlliyi partiya mənsubiyyətindən, sponsorun oriyentasiyasından, sifarişçinin verdiyi qonorarın həcmindən asılı olaraq dəyişə bilir.
Ağa qara demək mümkündür, hətta “böhtançı”dan kompensasiya şəklində yaxşı pul alaraq bunu məhkəmədə də sübut etmək olar.
Həbsdə olan jurnalist azadlığa çıxa və onu həbs edənləri yox, müdafiə edənləri ləkələyə bilər.
Özünü az qala xalqı xilas edəcək xilaskar kimi təqdim edən redaktor hakimiyyətin çirkin sifarişlərinin açıq icraçısına çevrilə və müxalifətdən olan həmkarlarına qara yaxa bilər.
Bu günün jurnalistika mühitində vəziyyəti təhlil edərkən daha bir paradoks görünür – söz azadlığı jurnalistlərin düzgünlüyünə zəmanət vermir. Bundan əlavə, KİV və jurnalistlər özlərini müdafiə etmək üçün birləşmək iqtidarında deyil. Və bu, o zaman baş verir ki, Azərbaycanda mətbuatı müdafiə etməli olan jurnalist birlikləri və təşkilatlar rahatlıqla fəaliyyət göstərir və artır. Jurnalist etikasının normalarını müəyyən edən hədd və meyarla itib.
Bu gün jurnalist mühitində reketlər, səriştəsiz, təsadüfü adamlar çoxdur. Bu adamların cəzalandırılmasını söz və KİV azadlığıının pozulması hesab etmək lazımdırmı sualına cavab birmənalı deyil
Nəcəfin yaratdığı jurnalist ənənələrinin itirilməsi Azərbaycan çağdaş jurnalistika tarixinin acı nəticələrindən biridir.
Mənası vardımı, Nəcəf? Bəlkə bu ölkəyə, bu adamlara başqa nələrsə lazım idi? Bəlkə buna görə Allah səni öz yanına belə tez apardı ki, sən burada lazım deyildin?
Nəcəf Nəcəfov kimdir?
Bu günlərdə GİPA-da (Gürcüstan İctimai Əlaqələr İnstitutu) təhsil üçün namizədlərin seçimində iştiraka dəvət olunmuşdum. Bu, jurnalistlərin təhsil aldığı və hazırlandığı Amerika layihəsidir.
Seçim zamanı mən bir neçə namizəddən ölkənin müasir jurnalistikasının banilərinin adlarını çəkməyi xahiş etdim. Lakin bu gənclər indikilərdən başqa heç birini tanımadılar. Nəcəfin adını isə heç eşitməyiblər. Onları bunda günahlandırmaq çətindir.
Çağdaş Azərbaycanın görkəmli ictimai və siyasi xadimi Nəcəf Adil oğlu Nəcəfov (1955-1999) Azərbaycan müstəqil jurnalistikasının banisidir.
Zənnimcə, onun həyatının başlıca yekunu
ölkədə müstəqil jurnalistika ənənələrinin təməlini qoymasıdır. Bu təməllər LKGİ MK-nın orqanı olan “Molodyoj Azerbaydjana” qəzetində qoyuldu. 1986-cı ilin aprelindən 1989-cu ilin noyabrına kimi onun redktoru Nəcəf idi.
O zaman yeknəsəq Azərbaycan mətbuatı fonunda dərhal KİV arasında liderə çevrilən və bütün SSRİ məkanında şöhrət qazanan mətbuat orqanı yarandı.
Qəzetin uğurunun səbəbi o dövr üçün görünməmiş olan iş stili idi. Jurnalistlərin kor-koranə iş icraçıları olmasına son qoyuldu. Onlar üçün qadağa olunmuş mövzular yox idi (kommunist rejimində bu nə dərəcədə mümkün idi).
Jurnalistlər və ən başlıcası oxucular yaradıcı axtarış, fikir azadlığı, müzakirə və mübahisə etmək hüququ əldə etdilər. Və nəticə olaraq uzun müddət qadağa qoyulan, hökumət əleyhinə mövzular hesab edilən mövzular işıqlandırıldı. Lakin avtoritar sistemdə həqiqət və ədalət axtarışı jurnalistləri əsas fəlakət mənbəyinə – dövlət quruculuğu, cəmiyyətdə dəyərlər sistemi, onun üzvlərinin ikiüzlülüyü və açıq yalanlara gətirib çıxarmaya bilməzdi. Bu cür təhlükəli həddə çatan “Molodyojka” dayanmadı və heç kimin hec zaman özünə rəva görmədiyini o, özünə rəva gördü – komsomolun mərkəzi orqanları və Azərbaycan KP MK rəhbərləri daxil olmaqla, hakimiyyətin nüfuzunu şübhə altına almağa başladı. Bu, görünməmiş hal idi.
“Molodyojka”nın jurnalistləri durğunluqdan oyanan sovet cəmiyyətinin ilk sıralarında gedirdilər, aşkarlıqdan istifadə edədək həqiqəti deməyə can atırdılar. Və 80-ci illərin sonlarında bu istək sarsılmaz görünən totalitar dövlətin qaydaları ilə bir araya sığmırdı.
Azərbaycanda ilk dəfə olaraq belə missiyanı öz üzərinə götürən bir qrup jurnalistə Nəcəf Nəcəfov rəhbərlik edirdi. O zaman Azərbaycanda tarixi presedent yarandı ki, bunu da şərti olaraq jurnalistlərin dissident hərəkatı adlandırmaq olar.
Bu hərəkətin prinsiplərini qısaca ifadə etsək, demək olar ki, bu gün bunları azad mətbuatın prinsipləri adlandırmaq qəbul olunub. Lakin o zaman hələ SSRİ-də heç kim bilmirdi ki, bu nədir və ümumiyyətlə, mətbuatın azad olmasını düşünən adam az idi.
Qarabağ münaqişəsinin başlanması ilə Azərbaycanda dissident jurnalistin xarakteri dəyişmədi. Əksinə, sərtlər dəyişdi. “Molodyoj Azerbaydjana”nın dissident jurnalistlərinin sayəsində milli maraqların müdafiəsi kimi bu mövzulara qoyulan yasaq faktiki olaraq aradan qaldırıldı.
İlk dəfə ölkə vətəndaşları qəzet səhifələrində xalqın maraqlarına təhlükənin olması və onun müdafiəsinin vacibliyi barədə danışırdılar. Azərbaycan xalqının Moskvaya açıq meydan oxumasında Nəcəfin böyük xidmətləri vardı.
O zaman Qorbaçovun timsalında ölkənin ali rəhbərliyi tərəfindən qəbul olunan qərarların məqsədəuyğunluğunu və düzgünlüyünü ilk şübhə altına alanlar arasında jurnalistlər vardı.
Bu prosesin lokomotivi əvvəlkitək Nəcəf Nəcəfov idi. Belə ki, o, “Molodyojka”nın redaktoru olmasının altını çəkirdi. O susmağın müqabilində yüksək dövlət postlarını tutmaq barədə təklifləri rədd edirdi.
80-ci illərin sonunda Nəcəf şəxsiyyəti bir çoxları tərəfindən başqa formasiyanın insanı kimi qəbul olunmağa başlanmışdı. Belə ki, bu formasiyanın nümayəndələri cəmiyyətin həyatını dəyişməyə qadir, insanları öz arxasınca apa bilən, milli hərəkata rəhbərlik edən və ya dövlət başında olmağı bacaran insanlar idi.
Nəcəf dissident ənənələrini sonralar da, 89-cu illərin sonunda yaratdığı “Azadlıq” və bir il sonra işıq üzü görən “Svoboda” qəzetlərində davam etdirdi.
Nəcəfin rəhbərliyi dövründə “Azadlıq” ölkədə ən populyar qəzet idi. Xalq Cəbhəsinin orqanı olmasına baxmayaraq, onun redaktoru ədalət uğrunda mübariz qalmağa davam edirdi. Özünün partiyadaxili məhdud maraqların ifadəçisinə çevrilməsinə imkan vermirdi.
Nəcəf bu keyfiyyətlərini heç zaman itirmədi və dəfələrlə büruzə verdi: DİN rəhbəri İsgəndər Həmidovla münaqişədə öz həmkarlarını müdafiə edəndə də, 1993-cü ildə AXC hökumətinin apardığı daxili və xarici siyasətlə razı olmayaraq ölkə prezidentinin müşaviri postundan nümayişkaranə şəkildə gedəndə də.
O, həmişə prinsip və ənənələri konkret şəxslərdən və siyasi qüvvələrdən üstün tuturdu, prinsipial məsələlərdə heç vaxt güzəştə getmirdi.
Nəcəfin özündən sonra qoyduğu böyük jurnalistika məktəbi onun danılmaz xidmətidir. Onun yetişdirdiyi onlarla jurnalist bu gün tanınmış KİV-lərə rəhbərlik edir, Azərbaycanın hüdudlarından kənarda müxtəlif KİV-lərdə çalışırlar.
Çağdaş Azərbaycan jurnalistikasına belə güclü və müsbət təsir edən, bu cür parlaq iz qoyan ikinci bir ad çəkmək çətindir.
Nəcəf ömrünün son 7 ilini (Elçibəy hökumətinin süqutundan sonra) jurnalistikadan kənarda qalmağa məcbur oldu. Paradoksal olsa da bunda günahı olanların arasında böyük jurnalistikaya gəlişinə görə məhz Nəcəfə borclu olanlar, siyasətdə onunla çiyin-çiyinə ağır və mürəkkəb yol keçənlər də vardı. Bu, Nəcəfin həyatında ən böyük ədalətsizlik idi.
Bu insanın əhvalatı Qorkinin Dankosunun əhvalatıdır. Həyatının son günlərində o ağır xəstə idi, lakin Nəcəf baş verənlərə fəlsəfi yanaşırdı. Bir fikri tez-tez xatırlayırdı: “Vaxt gələcək, qiymətləndirəcəklər, indi olmasa da, ancaq qiymətləndirəcəklər”.
Şahin Hacıyev
(contact.az)


