Məhəmmədəli Cəfəri prezidenti yalan danışmaqda ittiham etdi
Iran Inqilab Keşikçiləri Korpusunun (“SEPAH”) komandanı Məhəmmədəli Cəfəri jurnalistlərlə görüşü zamanı ölkə rəhbəri Mahmud Əhmədinejadın bəzi hərbi qurumların qanunsuz əmtəə qaçaqmalçılığı ilə məşğul olması barədə açıqlamasına münasibət bildirib.
“SEPAH” komandanı qurumun nəzarətində olan məntəqələrdə hər hansı qanunsuz əmtəə idxalı və ya sövdələşməsi həyata keçirilmədiyini söyləyib. Onun sözlərinə görə, bəzilərinin ortaya atdığı bu yanlış və düzgün olmayan məsələ müəyyən maraqlardan qaynaqlanır. Bəzi siyasi oyunların nəticəsidir.
Xatırladaq ki, Mahmud Əhmədinejad iyulun 2-də Tehranda keçirilən valyuta və əmtəə qaçaqmalçılığına qarşı mübarizə toplantısında bəzi hərbi qurumların ölkənin cənubunda qanunsuz əmtəə qaçaqmalçılığı ilə məşğul olduğunu söyləmişd: “Bu məsələ araşdırılmalı və heç kəs toxunulmaz olmamalıdır. Hesab edirəm ki, əgər hətta müdafiə, təhlükəsizlik və informasiya sahələri ilə bağlı bəzi əmtəələrin ölkəyə gətirilməsi vacib olsa da, hər şey qanuni sərhəd gömrüyündən keçməlidir. Irana hər il 60 milyard ədədə qədər qanunsuz siqaret gətirilir. Bu, təxminən 2 milyard dollar deməkdir”.


