elnurastanbeyli@gmail.com
Təhsil Nazirliyi belə bir statistika açıqlayıb ki, 2014-2015-ci dərs ilində 9361 nəfər şagird evdə təhsilə cəlb olunub. Açıqlamanın ardını oxuduqda belə məlum olur ki, söhbət fiziki qüsurlu və “əqli inkişafında ləngiməsi olan” (ifadə keçmiş qoruq müdirinin rəhbərlik etdiyi Təhsil Nazirliyinin özünə məxsusdur) uşaqlardan gedir.
Açığı, mən bilmirəm belə bir statistika hazırlamaq nəyə gərəkdir. Bu ölkədə heç bir fiziki qüsuru və əqli inkişafında ləngiməsi olmayan uşaqlar da evdə təhsilin ümidinə qalıblar, biz bunun adına repetitorluq deyirik. Azərbaycanda məktəb təyinatını çoxdan dəyişib, orada uşaqlara şəxsiyyətə pərəstiş öyrədir, rüşvəti dadızdırırlar. Məktəbin “bilik məbədi” olduğu günlər artıq keçmişdə qalıb. Indi onu “biliksizlik məbədi”, “savadsızlıq ocağı” adlandırmaq daha yerinə düşərdi.
Qayıdaq Təhsil Nazirliyinin açıqlamasındakı “əqli inkişafında ləngiməsi olan” ifadəsinə. Mövcud təhsil sisteminin mahiyyəti elədir ki, o özü artıq uşaqların əqli inkişafında bir nömrəli əngələ çevrilib! Bir təhsil sistemi düşünün ki, o, kitabı uşağa sevdirə bilməsin, uşaqda oxu, öyrənmə vərdişləri aşılaya bilməsin. Bəli, vəziyyət məhz belədir!
Bu gün biz ölkədə kitaba marağın olmamasından danışırıqsa, onun əsas səbəbkarlarından, baiskarlarından biri məhz yaptokratların haqqında ağızdolusu danışdığı təhsil sistemidir. Bu sistemin artıq 22 yaşı var. Hanı onun yetişdirdiyi yüzminlərlə gənc? Biz onları hansı qiyafədə görürük? Özünü Polad Ələmdara oxşadan, küçədə, yolda-izdə böyürə-böyürə, şıllaq ata-ata dolaşan, 5 yaşlı qızcığaza belə tamah salan, çayxanalarda “oğru dünyası”nı müzakirə edən, əlində kitab gördüyü tək-tük yaşıdını məsxərəyə qoyan, sosial şəbəkələrdə qız tutmaq üçün veyillənən, avtoşluğu böyük mərifət sayan “gənclik ordusu” kimin məhsuludur, sizcə? Mütləq əksəriyyəti sənət zövqü Vüsal Əliyevin, Üzeyir Mehdizadənin mahnılarından o yana getməyən, ədəbiyyatı Çingiz Abdullayevin geydirmə detektiv romanlarından ibarət zənn edən, mənasız, əttökən türk seriallarına baxıb zır-zır ağlayan, vedrə-vedrə göz yaşı tökən, etiraz aksiyalarında özlərini müasir “Qoçu Əsgər” kimi aparan bığ yeni təzəcə tərləmiş mülkigeyimli gənclərdən ibarət “yeni” nəsli kim yetişdirib? Əlbəttə, məhz yaptokratik təhsil sistemi! Bunun o yanı-bu yanı yoxdur.
Gəncliyin sayca xeyli az olan duyarlı, modern, mədəni, savadlı, ictimai aktiv kəsiminə görə isə biz tamam fərqli səbəbkarlara minnətdar olmalıyıq: onların bir hissəsi xaricdə aldıqları təhsilin, orada mənimsədikləri dünyagörüşün yetirmələridir; bir hissəsi internetin, informasiya çağının yaratdığı imkanlar sayəsində özünü gəlişdirənlər; bir hissəsi də yeni azad yaradıcı nəslin son on ildəki parlaq fəaliyyətinin məhsuludur. Əlbəttə, irəligörüşlü, duyarlı, mübariz valideynlərinin düzgün yönləndirməsi sayəsində yaptokratik təhsil sisteminin yetişdirdiyi “kölələr ordusu”nun nəfəri olmaqdan qurtulan gənclərimiz də az deyil. Elə hakim Sistemin xaricdə təhsilə nifrətinin, internetə qəzəbinin, ədəbiyyatda, digər sənət sahələrində yenilikçi, azad təmayüllərə qısqanclığının da kökündə bu dayanır: onlar istəyirlər ki, hər yetişən gənc hər cür ictimai-siyasi, mədəni təşəbbüskarlıqdan, aktivlikdən, yaradıcı azadlıqdan, fərqlilikdən, vətəndaş həssaslığından, özgür düşüncədən, bilgidən uzaq olsun, sadəcə, biət etsin, məişət təfəkküründən bir addım uzağa getməsin, bayağılıqdan zövq alsın, mental zehniyyətin içində əriyib itsin və s.
Bir sözlə, ölkənin təhsil sisteminin indiki hala salınması qətiyyən idarəetmə yarıtmazlığından irəli gəlmir, bu məqsədlidir, şüurlu şəkildə edilir. Təhsil sistemi bilərəkdən bu vəziyyətə qoyulub ki, o, öz təbirlərincə desək, yeni nəslin əqli inkişafını ləngitsin, Sistemin bundan sonra daha neçə onillər boyu öz varlığını rahat, təhlükəsiz şəkildə davam etdirməsi mümkün olsun.
Işin əsli, gerçəyin özü budur. Gerisi fiksiyadır.