Azərbaycanda turizm sektoru inkişaf etmir

Xidmət və qiymətin baha olması, monopoliya əcnəbilərin bu sektora marağını azaldır

Azərbaycanda turizm sektorunun inkişaf etməsi üçün münbit şərait olsa da, nədənsə, soydaşlarımız daha çox xaricə səyahət edir. Ölkə vətəndaşlarının üstünlük verdiyi ölkələrin sıralanmasında qonşu Gürcüstan və Türkiyədən sonra Avropa ölkələri gəlir. Beləliklə, Gürcüstan və Türkiyənin müxtəlif turizm bölgələrinə axın gün-gündən artır.
Azərbaycana gələn əcnəbiləri sayına görə turist hesab etmək bir qədər qaranlıqdır. Çünki gələnlərin arasında şəxsi məqsəd, işgüzar səfər və yaxud qohumları ziyarət, qısamüddətli tədbirlərdə iştirak edənləri misal göstərmək olar. Bir sözlə, ölkədən gedənlər çoxdur, nəinki bura turist kimi gələnlər. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də bir müddət öncə açıqlamışdı ki, 2014-cü ildə Azərbaycana 2 milyon turist gəlib. Buna müqayisə üçün qonşu Gürcüstana  ötən il 5 milyondan artıq əcnəbinin girib-çıxdığını demək olar. Görəsən, Azərbaycanda niyə turizm sektoru inkişaf etmir?  Axı bu sahənin inkişafına rəvac verən təbiət və iqlim parametrləri ölkə iqtisadiyyatı üçün də gəlir mənbəyi ola bilər.
Ekspertlərin rəyinə görə, ölkəmizdə turizm sektorunun inkişaf etməməsinin başlıca səbəbi monopoliyadır. Monopoliya olan yerdə inkişafdan söhbət gedə bilməz. Çünki monopolistlər imkandan istifadə edərək qoyduqları vəsaiti  çıxarmaq üçün yüksək qiymətlər diqtə edirlər:
“Ona görə də insanlar bahalı turizm bölgələrindən yan keçir. Daxili turizmdə durum belədir. Xaricdən gələnlər xidmətin baha olduğunu görəndə bu axın ildən-ilə azalır. Dünyanın inkişaf etmiş ölkələrində turizmlə özəl sektor məşğul olur.  Özəl sektorun bu  işlə məşğul olması rəqabət mühiti yaradır və nəticədə, qiymətlər aşağı düşür.
Bizdə isə vəziyyət tamam başqadır. Bölgələrdə yaradılan turizm obyektlərinin dövlətin hesabına başa gəldiyi bildirilir ki, bu zaman əlbəttə, monopoliya olduğu üçün rəqabət də olmayacaq. Həmçinin, orada qiymətlər də bahadır. Bir sözlə, Azərbaycanda monopoliya olduğu üçün xidmət və qiymət bahadır. Monopolistlər istədiyi qiyməti diqtə edir və  görünən mənzərə də budur ki, ölkəmizə turizm marağı azdır?.

Nigar