Ibrahimbəyova söyüb Əli Həsənova susanlar

Yaxud xəyanət edən kimlərdi?

Etiraf edək ki, bu ölkədə həqiqətləri yazmaq, real problemlərə işıq salmaq cəsarət tələb edir. Çünki, ölkədə avtoritar bir rejim var və bu rejim tənqidçilərinə qarşı ən iyrənc mübarizə metodlarından istifadə edir. Ona görə də  hakimiyyətə yarınmaq, hakimiyyətin hədəfində olan şəxslərə ləkə atmaq “ənənə”si geniş vüsət alıb. Indi də hakimiyyətin cinayətlərindən yaza bilməyənlər, cəsarətini içində dəfn edənlər Rüstəm Ibrahimbəyovu hədəf seçiblər. Ümumiyyətlə, bugünlərdə ən populyar mövzu Avropanı söymək və Milli Şuraya şər-böhtan atmaqdır.
Deməli, bugünlərdə Rüstəm Ibrahimbəyov “The New Times”a müsahibə verib. Müsahibədə Azərbaycandakı korrupsiyadan, totalitar idarəetmədən söhbət açılır. Amma “vətənpərvər”lər müsahibənin başqa bir hissəsini kontekstdən çıxararaq Rüstəm Ibrahimbəyovu erməniləri müdafiə etməkdə qınayır. Qeyd edək ki, Rüstəm Ibrahimbəyov hər zaman bu mövqedə olub ki, xalqlar müharibələrə görə məsuliyyət daşımır. Bu mənada erməni xalqının da günahkar olmadığını və vəziyyətdən narazı qaldığını ifadə edib.
Amma məsələnin maraqlı tərəfi budur ki, bu “vətənpərvər”lər  eyni fikirləri prezidentin köməkçisi Əli Həsənov səsləndirəndə kar, kor, lal olurlar. Bəli, Əli Həsənov  Avropa Oyunlarında ermənilərin iştirakına belə münasibət bildirmişdi: “Azərbaycanda keçirilən yarışda Ermənistan idmançıları da iştirak edir. Ilk Avropa Oyunlarının Azərbaycan və erməni xalqlarının yaxınlaşmasında pozitiv rol oynayacağına inanıram. Ermənistandakı xalq bu ölkədəki separatçı düşüncəli insanların girovuna çevrilib”.
Bu gün Rüstəm Ibrahimbəyovu hədəf seçənlər, niyə Əli Həsənovu da tənqid atəşinə tutmurlar?
Milli Şuranın sədri Cəmil Həsənli “facebook” səhifəsində yazdığı statusda bu məsələyə də münasibət bildirib: “Ondan dərhal sonra ”qaçqınkom" sədri Əli Həsənov da təxminən buna bənzər bir fikri bəyan etdi. Indi bilavasitə Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsinə məsul olan dövlət rəsmiləri ilə müstəqil bir ziyalının dediklərini özünüz müqayisə edin. Hansı daha ziyanlıdır? Belə olan halda bir qələm əhlinin “qəlb çırpıntıları” ilə yazdığı “Ancaq əgər bu, erməni köpəkoğlu 25 ildə bir qarış torpağımızı belə qaytarmayıbsa, qaytarmağa qətiyyən hazırlaşmırsa, Xocalı soyqırımına görə zərrəcə utanc hissi keçirmirsə, Şuşanın işğalını ”Şuşanın azadlığı günü" kimi bayram edirsə və bu iradənin, həyasızlığın arxasında da məhz erməni xalqı dayanırsa, o zaman birtərəfli dostluq mesajları kimə gərəkdir?" Maraqlıdır, Əli Həsənov 12 gün əvvəl bu açıqlamaları verəndə həmin “erməni köpəkoğlu” niyə yada düşmədi? Rüstəm haqqında bu hədyanları yazanlar hər gün işə gələndə də, evlərinə dönəndə də Bakının meydanlarında və küçələrində dalğalanan erməni bayraqlarını görüb xəcalət çəkmirlərmi? Indi bu dəyərləri və bu baxışı necə, bölüşürlərmi? Qəribədir, 12 gün əvvəl erməni sevgisini dövlət rəsmiləri səsləndirəndə tut yemiş bülbül kimi susanlar, Rüstəm “…ancaq mən səmimi qəlbdən əminəm ki, biz erməni xalqı ilə düşmən deyilik və gec-tez mütləq barışacağıq. Ermənistan və Azərbaycan xalqları baş verənlərə görə günahkar deyillər. Və mən hər iki tərəfdən aqressiv ritorikanın əleyhinəyəm”, deyəndə leş yemiş qarğa-quzğun kimi onun üzərinə şığıyıb bu dəyərləri “bölüşmürlər”- deyə Cəmil Həsənli yazır.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev də məsələyə belə münasibət bildirib: “Rüstəm Ibrahimbəyovun dediyi hər sözün altına qol çəkməyə hazıram. Onun fikirlərini konteksdən çıxararaq cəmiyyətə yalan məlumat ötürənləri hamı yaxşı tanıyır. ”Yeni Müsavat" qəzeti Milli Şura yarandıqdan sonra gah “milyonerlər ittifaqı” nağılı uydurdu, gah Milli Şuranı Putinə bağladı, gah qurucusu Rüstəm Ibrahimbəyovun ermənipərəst olduğunu dedi. Bunların işi böhtandan ibarətdir. Sizə bir misal çəkim. 2-ci Dünya müharibəsində milyonlarla insan həyatını itirdi. Müharibədə iki əsas tərəf olan Almaniya və Rusiya gərək indi düşmən olaydı. Bizim problemimiz işğalçı Ermənistan iqtidarı ilə bağlıdır. Dünyanın istənilən yerində xalqların düşmənçiliyi fəlakət gətirib hər iki xalq üçün. Düzdür, erməni xalqında xislət, özünəvurğunluq var, bu onların genindədir. Ermənilər işğalçıdır, biz bunu bilməli və torpaqlarımızı azad etməliyik. Rüstəm Ibrahimbəyov da hər zaman bu fikirdə olub.  Rüstəm Ibrahimbəyovun arxasınca ekzotik səslər çıxaranlar onun atılan dırnağı ola bilməzlər."
Siyasi məhbusların şəklini səhifəsindən yığışdıran, hakim ailə və nazirlər haqqında yazmağa tövbə edən “Yeni Müsavat”ın bu məsələyə həyəcanlı münasibət bildirməsi isə qeyri-səmimiliyin Everest zirvəsidir.
Bu qəzet ermənilər Bakıya gələndə, erməni bayrağı Bakıda dalğalananda, Heydər Əliyev fondu ermənipərəsət ölkələrə milyonluq yatırımlar edəndə niyə yazmır? Heç kimə sirr deyil ki, bu gün Ermənistanı ayaqda saxlayan da, Qarabağ probleminin həllinə əngəl olan da Rusiyadır. Azərbaycan hakimiyyəti isə bu dövlətin qarşısında səcdə edib. Ən böyük xəyanət bu deyilmi? “Vətənpərəvər”lər bu faktın qarşısında niyə həyəcanlanmırlar?
Cənablar, xəyanətdən danışanda bir az ehtiyatlı olun. Çünki, keçmişinə, mübarizəsinə, silahdaşlarına xəyanət edənləri hamı tanıyır.