cemilhesenli

Cəmil Həsənli qaragüruhu yerində oturtdu

Rüstəm İbrahimbəyovun xarici mətbuatda çıxan müsahibəsi ona və Milli Şuraya qarşı növbəti kampaniyaya səbəb olub. Milli Şura sədri Cəmil Həsənli Facebook səhifəsində R.İbrahimbəyovu hədəf seçənlərə cavab verib. 
 
Dəyərli dostlar! Milli Şuranın sədrindən qurtarmamış qarğa-quzğun dəstəsi indi də onun fəxri sədrinin üzərinə düşüb. Bu hay-küy Rüstəm İbrahimbəyov “The New Times” qəzetinə məlum müsahibəsi ilə bağlıdır. Rüstəm bəyin əleyhinə aparılan süni təbliğat kampaniyası iki tezis üzərində qurulub. Bunun birincisi “Ancaq mən səmimi qəlbdən əminəm ki, biz erməni xalqı ilə düşmən deyilik və gec-tez mütləq barışacağıq. Ermənistan və Azərbaycan xalqları baş verənlərə görə günahkar deyillər. Və mən hər iki tərəfdən aqressiv ritorikanın əleyhinəyəm”, İkincisi isə “Uşaqlıda Tolstoyun “Sevastopol hekayələri”ni oxuyan istənilən şəxs kimi mən də hesab edirəm ki, Krım Rusiya torpağıdır. Bu torpaqlar Xrüşşov dövründə Ukraynaya keçib. SSRİ dağılanda Yelstin bu məsələni həll etmədi, hərçənd kifayət qədər sadə və münaqişəsiz şəkildə buna nail ola bilərdi. Sonra uzun müddət nədənsə heç kim bundan narahat olmadı” fikridir. Amma nədənsə ermənilərlə bağlı eyni fikri 12 gün əvvəl daha tutumlu formada prezident administrasiyasının rəsmisi Əli Həsənov APA-ya açıqlamasında səsləndirəndə bəzi dostlarımızın vətənpərvərlik qanı “cuşə” gəlmədi. Məsələn Əli Həsənov bəyan etmişdi ki, “Azərbaycanda keçirilən yarışda Ermənistan idmançıları da iştirak edir. İlk Avropa Oyunlarının Azərbaycan və erməni xalqlarının yaxınlaşmasında pozitiv rol oynayacağına inanıram. Ə. Həsənov deyib ki, Ermənistandakı xalq bu ölkədəki separatçı düşüncəli insanların girovuna çevrililiblər”. http://az.apa.az/news/386932
Ondan dərhal sonra qaçqınkom Əli Həsənov da təxminən buna bənzər bir fikri bəyan etdi. İndi bilavasitə Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsinə məsul olan dövlət rəsmiləri ilə müstəqil bir ziyalının dediklərin özünüz müqayisə edən. Hansı daha ziyanlıdır? Belə olan halda bir qələm əhlinin “qəlb çırpıntıları” ilə yazdığı “Ancaq əgər bu, erməni köpəkoğlu 25 ildə bir qarış torpağımızı belə qaytarmayıbsa, qaytarmağa qətiyyən hazırlaşmırsa, Xocalı soyqırımına görə zərrəcə utanc hissi keçirmirsə, Şuşanın işğalını “Şuşanın azadlığı günü” kimi bayram edirsə və bu iradənin, həyasızlığın arxasında da məhz erməni xalqı dayanırsa, o zaman birtərəfli dostluq mesajları kimə gərəkdir?” Maraqlıdır Əli Həsənov 12 gün əvvəl bu açıqlamaları verəndə həmin “erməni köpəkoğlu” niyə yada düşmədi? Rüstəm haqqında bu hədyanları yazanda hər gün işə gələndə də, evlərinə dönəndə Bakının meydanlarında və küçələrində dalğalanan erməni bayraqlarını görüb xəcalət çəkmirlərmi? İndi bu dəyərləri və bu baxışı necə, bölüşürlərmi? Qəribədir, 12 gün əvvəl erməni sevgisi dövlət rəsmiləri tərəfindən səsləndiriləndə tut yemiş bülbül kimi susanlar, Rüstəm ““Ancaq mən səmimi qəlbdən əminəm ki, biz erməni xalqı ilə düşmən deyilik və gec-tez mütləq barışacağıq. Ermənistan və Azərbaycan xalqları baş verənlərə görə günahkar deyillər. Və mən hər iki tərəfdən aqressiv ritorikanın əleyhinəyəm”,deyəndə leş yemiş qarğa-quzğun kimi onun üzərinə şığıyıb bu dəyərləri “bölüşmürlər”. 
İndi gələk Krım məsələsinə: Birincisi Rüstəm İbrahimbəyov Moskvada yaşayan çox az ziyalılardandır ki, Rusiyanın Krımı işğal etməsini açıq şəkildə pisləyib və bu işğalın əleyhdarlarının sırasında olub. İkincisi, AŞPA-dakı Azərbaycanın rəsmi nümayəndə heyəti bu qurumun Rusiyanın işğalını pisləyən qətnaməsinin əleyhinə səs verəndə, yəni ərazisi işğal olmuş bir dövlətin rəsmi nümayəndə heyətinin işğalçı Rusiyanın yanında dayananda bu “vətənpərvərlərin” səsi niyə çıxmadı? “Bəs beynəlxalq hüquq, birgə yaşayış normaları, BMT Nizamnaməsi, Avropa təhlükəsizlik sistemi necə olsun? İndi hansı dövlət güclüdürsə, zəif qonşunun ərazisini zəbt eləməlidir? Hansı əsrdə yaşayırıq? Elə erməni də eyni şeyi etməyibmi?” kimi ritorik suallar onda niyə bu qələm “əzabkeşlərinin” yadına düşmədi. Halbuki, Rüstəm bəy elə bu müsahibəsində də Krımla bağlı deyir ki, “Və birdən geosiyasi situasiyanın özəlliklərini nəzərə almadan məsələni sürətlə yoluna qoydular. Nəticədə insanlar həlak olur”. Hətta bu adamlar Rüstəmin Krımın 1954-cü ilə kimi Rusiyanın tərkibində olması faktını söyləməsindən də nəysə bir kriminal düzəltmək istəyirlər. XVIII əsrdə Krım xanlığı ləğv edildikdən sonra yarmada Rusiyaya ilhaq edildi. Bolşevik inqilabına qədər imperiyanın, 1954-cü ilə kimi isə Rusiya Sovet Federativ Sosialist Respublikasının tərkibində olub, Ukraynanın Rusiyaya birləşməsinin 300 illiyi ilə bağlı Nikita Xruşşov tərəfindən Ukraynaya verilib. Burada mübahisə etməli nə var?
 
P.S. Əli Həsənovun statusda qeyd olunan çıxışını da əlavə edirik: http://az.apa.az/news/386932