Əliyev-Putin münasibətləri yetərincə isti olduğu məqamda Rusiya məsələsi niyə mənfi planda qabardılır
Azərbaycan hakimiyyəti növbəti dəfə “Rusiyapərəstlərin” hədəfə alınmasına start verib. 2013-cü ildə olduğu kimi Azərbaycan iqtidarına qarşı çıxanlara dərhal Rusiyameylli damğası vurulur. Binəqədidə yanan bina ilə bağlı tənqidi status yazdığına görə gündəmə gələn səfir Arif Məmmədov da istisna olmadı. Səfiri dərhal Rusiya proyekti elan etdilər.
Milli Şuraya qarşı bu arqumentsiz iddialar səngimək bilmir. Rusiyapərəstlikdə ittiham olunan Abbas Abbasovun da hədəfə gəlməsi məhz hakimiyyətin ünvanına səsləndirdiyi ittihamlardır.
Amma məsələ burasındadır ki, hazırda hakimiyyətin Qərblə münasibətləri pik həddə çatıb. Gərginlik hər ötən gün daha da dərinləşir. Baş verənlərin fonunda isə Azərbaycanın Rusiya ilə münasibətləri indiyə qədər olmadığı dərəcədə yaxşıdır. Bunu qarşılıqlı tərif dolu bəyanatlar da sübut edir. Amma hakimiyyət öz rəqiblərini nədənsə Rusiyapərəstlikdə ittiham edir. Qəribə deyilmi?
Ekspertlərin fikrincə, əvvəlki dövrlərdən fərqli olaraq Azərbaycan hakimiyyətinin ciddi narahatçılığı özünü açıq-aşkar büruzə verir. Bu narahatçılıq ilk növbədə hakimiyyətin perspektivləri ilə bağlı məsələlərdə özünü göstərir. Ölkədə və beynəlxalq aləmdə hakim siyasi qüvvənin mövqeləri nisbətən möhkəm olanda bu tipli narahatçılıqlar az qala görünmür. Beynəlxalq aləm ilk növbədə, demokratik Qərb dünyası, hakimiyyətin antidemokratik addımlarına göz yummaq fikrində olmadığını göstərən addımlar atandan iqtidar bir çox məsələlərə isterik reaksiyalar verməyə başlayıb. Bütün avtoritar rejimlər problemlərlə üzləşəndə dərhal düşmən axtarışına başlayır. Azərbaycan nümunəsində bu, ayrı-ayrı dövlətlər, təşkilatlar və ayrı-ayrı şəxslərdir. Beynəlxalq aləmlə münasibətlərini formalaşmış sivil qaydalar çərçivəsində tənzimləməyi bacarmayan hakimiyyət bir çox ölkələrin təcrübəsində sınaqdan çıxmış repressiya, şantaj və qarayaxma yolunu seçib.
Qərblə münasibətlərdə kəskin qarşıdurma açıq-aşkar görünür. Rusiya ilə münasibətlərə gəldikdə isə hər iki ölkədə eyni tipli avtoritar rejimlər mövcuddur. Məhz buna görə biz Azərbaycan rəsmilərinin dilində antiRusiya ritorikasına rast gəlmirik. Rusiya ilə bağlı ayrı-ayrı şəxslərin hədəfə alınması heç bir halda antiRusiya kampaniyası kimi qəbul edilə bilməz. Bu məsələ hansısa hakimiyyətdaxili konfliktlər kontekstində qiymətləndirilməlidir.
Hikmət


