
«Dagbladet» hakimiyyətin Arif Məmmədovun «facebook» statusuna isterik reaksiyası, Brüsselin səfirə dəstəyindən yazır
«Die Welt»: «Azərbaycanda Ilham Əliyevin rəhbərliyi altında diktatura hökm sürür»
Beynəlxalq media Azərbaycanda baş verən olayları kifayət qədər diqqətlə izləyir. Ölkə əsasən Bakıda keçirilən Avropa Oyunlarına görə beynəlxalq diqqət mərkəzinə düşsə də, əcnəbi jurnalistlər Azərbaycanın tarixi, ənənələrindən tutmuş, bu ölkədə əhalinin yaşayış səviyyəsi, Ilham Əliyev hökumətinin idarəçiliyi, korrupsiya, repressiyalara qədər ən müxtəlif məsələləri araşdırır.
Məsələn, Norveçin “Dagbladet” qəzeti Azərbaycanda səfir Arif Məmmədovun “facebook”dakı tənqidi statusuna görə yaşanan diplomatik qalmaqalla bağlı geniş material hazırlayıb. Məqalədə məlum bina yanğınından tutmuş, hökumətin səfirin tənqidi statusuna isterik reaksiyasına qədər bir sıra məqamlara toxunulub. Məqalənin tərcüməsini təqdim edirik:
“Bakıda bu yaxınlarda baş vermiş və 15 nəfərin ölümü ilə nəticələnmiş yanğınla əlaqədar azərbaycanlı səfirin ”facebook"da yazdığı fikirlər Azərbaycanın diplomatik xidmətində qalmaqala səbəb olub. Səfir “facebook” statusunda yanğında korrupsiyalaşmış hökumətin günahkar olduğunu göstərmişdi.
Bakıda Avropa Oyunlarının açılış mərasimi keçirilən gün Norveç və Azərbaycanın futbol üzrə yığma komandalarının qarşılaşması keçirilirdi.
Avropa Oyunları ərəfəsində Avropa Parlamentinin üzvləri prezident Ilham Əliyevin rəhbərlik etdiyi avtoritar rejimi ölkədəki bütün siyasi məhbusları azadlığa buraxmağa çağırmışdı. Siyasi məhbus həyatı yaşayanlar arasında hüquq müdafiəçiləri, jurnalistlər də var. Beynəlxalq idman qurumlarına tövsiyə olunurdu ki, bu ölkədə insan hüquqları sahəsindəki problemləri azərbaycanlı həmkarları ilə müzakirələrdə qaldırsınlar.
Lakin bütün bu çağırışlar qarşılığında Azərbaycan hökuməti ATƏT-in Bakıdakı ofisini bağlamaq qərarına gəldi. Bu,
ATƏT-in Azərbaycanda mətbuat azadlığının olmadığı barədə hesabatından az sonra baş verdi.
Bakı sakinləri hökumətin Avropa Oyunları öncəsi şəhərdə gördüyü işləri tənqid edirlər. Mayın 19-da paytaxtdakı yaşayış binalarından birində baş vermiş güclü yanğın nəticəsində 15 nəfər dünyasını dəyişib. Hökumət bildirib ki, yanğına binanın fasadının yenilənməsində istifadə olunan tezalışan üzlüklər səbəb olub.
Hökumətdəki nəhəng adamlar özlərinin iqtisadi maraqları naminə tikinti sahəsinə xüsusi diqqət yetirirlər və bu da korrupsiya şübhələrini daha da artırır.
Səfir Arif Məmmədov yanğından sonra “facebook”da yazdığı statusa görə hakimiyyətin təzyiqlərilə üz-üzə qaldı.
“Heç bir xalq bu biabırçılığa və ədalətsizliyə dözməz. Məmurlar xalqımızın faciəsi üzərində milyonlar qazanır. Onlar xalqın qəzəbindən qorxmurlarsa da, Allahın qəzəbindən qorxsunlar”, – deyə səfir yazmışdı.
Bundan sonra Arif Məmmədov 20 il çalışdığı diplomatik xidmətdən uzaqlaşdırıldı. O, 2000-ci ildən 2006-cı ilə qədər Avropa Ittifaqında, 2007-ci ildən 2012-ci ilədək isə Avropa Şurasında Azərbaycanın səfiri olub. Bundan sonra isə Islam Əməkdaşlıq Təşkilatının Avropa Birliyindəki səfiri vəzifəsinə təyin olunub.
Arif Məmmədov “Dagbladet”ə açıqlamasında bildirib ki, təmsil etdiyi Islam Əməkdaşlıq Təşkilatına ziyan dəyməməsi üçün bu qalmaqaldan sonra istefa verib.
Ancaq vəzifəsindən çıxan təkcə Arif Məmmədov deyil. Onun “facebook”dakı sözügedən statusunu bəyənmiş daha beş diplomat da vəzifəsindən çıxarılıb. Hətta Azərbaycanın Ukraynadakı səfiri oğlu Arif Məmmədovun statusunu “like” elədiyinə görə geri çağırılıb.
Azərbaycanda hökumətyönlü mediada Arif Məmmədov “xəyanətkar”, “yeni müxalifət fəalı” kimi təqdim olunur. Iddia edilir ki, guya, xarici siyasət idarəsindəki “xarici kəşfiyyatın təsiri altında olan üsyankarlar” dövlət çevrilişi hazırlayırmışlar.
“Onun qanında erməni qanı var. Azərbaycan barədə bu cür fikirlər səsləndirən adam erməni olmalıdır”, – deyə hakim Yeni Azərbaycan Partiyasının əsas funksionerlərindən biri olan Siyavuş Novruzov Arif Məmmədov barəsində danışarkən deyib.
Qeyd edək ki, Ermənistanla Azərbaycan Dağlıq Qarabağ vilayətinə görə düşmən dövlətlərdir.
Belçika hökuməti bütün bu baş verənlərdən sonra səfir və yaxınlarının təhlükəsizliyinin təmin olunmasına qərar verib.
“Əks halda, Azərbaycan hökuməti məni məhv elətdirə bilər”, – deyə Arif Məmmədov bildirib.
O, “facebook”da yazdığı və qalmaqala səbəb olan fikirləri haqda da danışıb: “Ola bilsin ki, yazdıqlarım bir o qədər diplomatik deyildi. Lakin mən baş verənləri görüb qəzəblənmişdim. Onlar binanın köhnəliyini gizlətmək üçün onu tezalışan materialla üzləyiblər. Bununla da adamları diri-diri yandırdılar”.
Arif Məmmədov hələ də Brüsseldədir. Azərbaycan hökuməti iddia edir ki, o, Norveçdən siyasi sığınacaq istəyəcək. Lakin Arif Məmmədov bu haqda deyilənləri təkzib edir.
“Mən demokratiya, insan haqları və qanunun aliliyi uğrunda mübarizəni davam etdirəcəm. Amma hələ bilmirəm ki, özüm və yaxınlarım harada qalacaq. Bilmirəm ki, mən harada daha təhlükəsiz şəraitdə ola bilərəm. Məni saxlayıb Azərbaycan hökumətinə təhvil verə biləcək ölkələrə də getməyəcəm”, – deyə Arif Məmmədov bildirib.
Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gil “facebook” səhifəsində Arif Məmmədovun müraciətini yaymışdı.
“Bu olaya böyük diqqət var. Hakimiyyətdəkilər ciddi narahatlıq keçirir. Sərt və panika içində reaksiya verirlər. Əvvəlki dövrlərlə müqayisədə indi Azərbaycan hökumətinə siyasi məhbuslara görə tənqidlər artıb”, – deyə Steynar Gil bildirib.
“Hiss olunur ki, bu ölkəyə böyük neft pulları gəlib”
Almaniyanın “Die Welt” qəzetində Azərbaycanla bağlı geniş həcmli məqalədə isə müəllif Marko Martin əvvəlcə Bakıda gördüklərini qələmə alıb. Yazır ki, Bakıda hava limanından çıxıb Abşeron yarımadasına gedərkən yol boyu hündür hasarlar görürsən: “Müşahidə olunanlar göstərir ki, bu ölkəyə böyük neft pulları gəlib”.
Müəllif həmçinin Azərbaycanda Ilham Əliyevin rəhbərliyi altında diktatura rejiminin hökm sürdüyünü yazır: “Azərbaycan sözünün mənası ”Odlar Yurdu" deməkdir. Bu ölkə narahat regionda yerləşir. Qafqazda, Xəzər dənizi sahilindəki bu ölkə şimaldan Rusiya, Qərbdən müharibə vəziyyətində olduğu Ermənistan, cənubdan isə Iranla həmsərhəddir.
Burada aeroport, küçələr, parklar, mərkəzlər və s. 2003-cü ildə ölümündən az əvvəl hakimiyyəti oğlu Ilham Əliyevə ötürmüş Heydər Əliyevin adını daşıyır. Onu “müasir Azərbaycanın banisi” kimi təqdim edirlər.
Azərbaycanın NATO, ABŞ, hətta Israillə hərbi, iqtisadi əlaqələri olmasına baxmayaraq, bu ölkədə diktatura hökm sürür. Burada vətəndaşların ifadə azadlığı daim məhdudlaşdırılır.
Eyni zamanda, Bakı müasir şəhər təsiri bağışlayır: spiral formasında olan üç nəhəng Alov qüllələri, məşhur memar Zaha Hədidin əl işi olan Heydər Əliyev mərkəzi kimi müasir binaları göstərmək olar.
Bakının mərkəzi hissəsində Içəri şəhər deyilən yer var. Orada da Şirvanşahlar sarayı adlı qədim, cəlbedici abidə var. Bu da ölkənin qədim tarixinin göstəricisidir. Amma neft maqnatları bu qədimliyə xələl gətirən həddə Içəri şəhərin simasını dəyişiblər".
Məqalədən məlum olur ki, müəllif Bakıda gördüklərilə kifayətlənməyib, Azərbaycanın bölgələrinə də səfər edib. O, Lahıc, Şəkinin Kiş kəndində araşdırmalar zamanı əldə etdiyi məlumatları da oxucuları ilə bölüşüb: “Azərbaycanla bağlı maraqlı faktlardan biri məşhur norveç səyyah-arxeoloqu Tur Heyerdalın bu ölkə ilə bağlı fikirləridir. O, vaxtilə Şəkinin Kiş kəndindəki alban məbədini ziyarət edib. Tur Heyerdalın tezisinə görə, şimal xalqlarının qəhrəmanı Nordik Hero Odin mifik Azər torpağından çıxıb. Qobustandakı qaya rəsmlərilə Skandinaviyadakı rəsmlərin eynilik təşkil etməsi onda belə fikirlərin yaranmasına əsas verib.
Qobustan eyni zamanda, Amerikadakı “Ölüm Vadisi”ni xatırladır. Azərbaycanda çoxlu sayda palçıq vulkanları var".



