Avropanı hədəf alanların özünüifşası
Son dövrlər Azərbaycan hakimiyyətinin xarici siyasəti tamamən “qarğış-böhtan” janrına köklənib. Hakimiyyət təmsilçiləri Azərbaycanla bağlı bütün tənqidi fikirlərə, hesabatlara, yazılanlara “cığal uşaq” reaksiyası verməyə başlayıb.
Belə ki, Azərbaycandakı siyasi məhbus, korrupsiya, monopoliya ilə bağlı faktlar qarşılığında Azərbaycan hakimiyyəti “özünsən” arqumenti ilə silahlanıb. Yəni bu ittihamların əsassız olduğunu, Azərbaycanda şəffaf bir vəziyyətin hökm sürdüyünü sübut edə bilmədikləri üçün bütün tənqidçilərini “sən ermənipərəstsən”, “Azərbaycanı gözləri götürmür” kimi cılız arqumentlərlə “salamladılar”. Qanunsuzluğun, ədalətsizliyin səviyyəsi o həddə çatdı ki, artıq Azərbaycanda baş verənləri gizlətmək mümkün olmadı və yalan imarəti çökməyə başladı.
Xatırlayırsızsa, uzun müddət hakimiyyət “Azərbaycanda siyasi məhbus yoxdur”, “ölkədə şəffaflıq hökm sürür” deyirdi. Yəni israrla beynəlxalq aləmin ittihamlarını yalan adlandırırdı. Son dövrlər isə Azərbaycandakı vəziyyət haqqında yalnız hansısa hüquq müdafiə təşkilatları, siyasi ekspertlər deyil, mötəbər qurumlar da mövqe nümayiş etdirdi. Bu gün Almaniya, ABŞ, Avropa Birliyi, AŞ PA Azərbaycan hakimiyyətini sərt tənqid edir və ölkədə insan haqlarının kobud şəkildə pozulduğunu dilə gətirirlər. Yəni artıq təzyiqlər qlobal xarakter aldığına görə hakimiyyət real vəziyyəti dana bilmir.
Ona görə də hökumət mətbuatı, telekanallar, hakimiyyət təmsilçiləri dünyanın ittihamlarına “sizdə də neqativ hallar var” arqumenti ilə cavab verməyə başlayıb. Bütün günü ABŞ-da qaradərililərin döyülməsini, Almaniyada hansısa aksiya iştirakçısına dəyənək vurulmasını, Britaniyada hansısa məmurun korrupsiya cinayətində ittiham edildiyini tirajlayırlar. Bu saat hakimiyyət Qərb ölkələrində keçmişdə baş vermiş neqativ halların axtarışına çıxıb.
Məsələ burasındadır ki, hakimiyyətin bu strategiyası özünüifşa və ittihamları qəbul etməkdir. Tutaq ki, ABŞ, Almaniya, Britaniya qanunların olmadığı ölkədir. Bu əsas verirmi ki, YAP hakimiyyəti ölkə vətəndaşlarını şərləyib həbs etsin? Yaxud ABŞ-da qaradərilinin öldürülməsi, Azərbaycandakı monopliyalara, korrupsiyaya, məhkəmə biabırçılıqlarına bəraət qazandırırmı?
ABŞ-da hansısa neqativ hal baş verə bilər, Almaniyada hansısa etirazçını vura bilərlər. Amma bütün bunlar ABŞ və Almaniyanın təbii halı deyil. Yəni bu neqativ hallar Qərbdə tendensiyaya çevrilməyib. Azərbaycanda isə korrupsiyadan tutmuş, sifarişli məhkəmə hökmələrinə qədər hər şey ənənəyə çevrilib. Hakimiyyəti isə nə qədər ifşa olunsa da geri addım atmaq istəmir. Məsələn, ABŞ-a qarşı Quantanamo ittihamı var idi. Bu məsələ ictimailəşdi və hökumət problemi həll etdi. Azərbaycan hakimiyyəti isə 100-lərlə fakt ortaya çıxsa da “cığal uşaq” kimi manevr fürsəti axtarır, özünə haqq qazandırmağa çalışır.
Bir sözlə, hakimiyyətin bu gün Qərb ölkələrinə qarşı qara kampaniya aparması arqumentsizlikdən doğur və dünya səviyyəsində nüfuzdan düşmənin göstəricisidir. Həm də texnologiya əsrində Almaniyanı, ABŞ-ı nə qədər fərqli təqdim etməyə çalışsan da, reallığı dəyişə bilməzsən. Ən azı ona görə ki, bu gün 1000-lərlə Azərbaycan vətəndaşı Almaniyada mühacir həyatı yaşayır.
Görünən budur ki, hakimiyyət özünü bitirməyə davam edir.
Akif


