İctimai Palata daha 3 rayonda şöbə yaratdı

Palata yerlərdə təşkilatlanma işinı başa çatdırır

 

Bazar günü Ictimai Palatanın (IP) daha bir rayon şöbəsinin – Suraxanının təsis konfransı keçirildi. Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, IP Qadınlar şurasının sədri,  AXCP sədrinin müavini Gözəl Bayramlı, Palata üzvü Nurəddin Məmmədlinin, Palatanın Regional Təşkilatlanma Komissiyasının üzvü, Müsavat funksioneri Mustafa Hacıbəylinin qatıldığı konfrans olduqca canlı və yüksək təşkilatçılıq şəraitində baş tutdu.
Ictimai Palatanın yerli təşkilatının təsisinə AXCP, Müsavat, KXCP-nin və bitərəflərin nümayəndələri gəlmişdilər. Konfransın gündəliyində 3 məsələ vardı: rayon şöbəsinin təsisi, şöbənin Əlaqələndirmə Şurasına seçkilər və ictimai-siyasi vəziyyət.
Səsvermə yolu ilə rayon şöbəsi təsis olunduqdan sonra hər partiyadan və bitərəflərdən 2 nəfər olmaqla 8 nəfərlik Əlaqələndirmə Şurası seçildi.
Təşkilati məsələlərin həllindən sonra ölkədəki ictimai-siyasi durum barədə AXCP sədri Əli Kərimli qısa məruzə etdi. Əli Kərimli parlament seçkilərində 2 dəfə ona etimad göstərən Suraxanı fəallarına minnətdarlığını bildirərək ölkədəki siyasi vəziyyət barədə danışdı.
Dünyada hər ay az qala bir diktatorun yıxıldığını deyən Əli Kərimli əminliklə bildirdi ki, Azərbaycanın cırtdan diktaturası bu yıxılmalardan dərs çıxarmasa da, dəyişikliklər sırası bura da gələcək: “Azərbaycanda köklü dəyişikliklərin ”ayaq səsləri” artıq eşidilməkdədir. Bu dəyişiklik mütləq olacaq və mən əminən ki, həmin prosesin avanqardı Ictimai Palata, sizlər olacaqsınız”.
Daha sonra IP üzvləri Nurəddin Məmmdəli, Mustafa Hacıbəyli Suraxanı şöbəsinə təbriklərini çatdırdılar, təşkilatlanma və IP-in sıralarına bitərəf insanların cəlb olunması ilə bağlı fikirlərini bildirdilər.
Konfrans sonda “2 aprel məhbusları”nın azad olunması tələbilə bəyanat qəbul etdi.

***

Ictimai Palatanın Saatlı rayon şöbəsi təsis edilib

Ictimai Palatanın (IP) Saatlı rayon şöbəsi yaradılıb. Bazar günü keçirilən təsis yığıncağında rayondakı müxalifət partiyalarının və ictimaiyyətin nümayəndələri iştirak edib. “Azadlıq”a verilən məlumata görə, təsis konfransında ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib. IP-in rayon şöbəsinin yaradılmasının zəruriliyi vurğulanıb.
AXCP-dən Şamil Hacıbəyli, Ziyafət Hüseynli, Müsavatdan Asəf Rzayev, Ilham Nərimanov, KXCP-dən Ilhar Cəfərli, Əlisa Həsənov, ictimaiyyət nümayəndələrindən Sübhü Həsənov, Mübariz Balakişiyev, Ramiz Ağayev koordinasiya şurasına üzv seçiliblər. Növbəti mərhələ üçün əlaqələndirmə şurasının Ictimai Palatanın digər şöbələriylə işləməsi barədə qərar qəbul edilib.

***

Ictimai Palatanın Nizami rayon regional şöbəsi yaradıldı

Ictimai Palatanın (IP) Nizami rayonu üzrə regional şöbəsi yaradılıb. Regional şöbədən “Azadlıq”a verilən məlumata görə, təsis konfransında IP-ə daxil olan partiyaların nümayəndələri və rayon ziyalıları iştirak edib:
“Ictimai Palatının rayonda yaranmasına maraq böyük idi. Uğurla təsis konfransı keçirildi. Siyasi məhbuslarla bağlı etiraz bəyanatı qəbul edildi. Əlaqələndirmə şurası yardıldı. Növbəti mərhələ üçün əlaqələndirmə şurası Ictimai Palatanın digər regional şöbələriylə işləməsi barədə qəbul edildi”.

 

Natiq, Ramin