Prezident aparatından mühacirətə (Üçüncü hissə)

Qamət Qəhrəmanov, azerbaycansaati.tv

Yazının əvvəli burda

Moskva tələbələrinin təşkilatlanması

Qayıdaq 2001-ci ilə. Həmin gənclərlə tanışlıqdan sonra mən də təşkilatlanma prosesinə qoşulmağı özümə borc bildim. Bir neçə müddətdən sonra onlar məni Ümumrusiya Azərbaycanlıları Konqresinin rəhbərliyinə təqdim etdilər. Mən də öz tərəfimdən aktiv olaraq təşkilatlanma işlərinə qoşuldum, gənclərlə tanış oldum, yaradılmış özək təşkilatların aktivləri ilə iclaslar keçirdim. O zaman üçün vəziyyət aşağıdakı kimi idi:

Ali məktəblərin əksəriyyətində zaman-zaman tələbə-gənclər təşkilatları olmuşdur. Amma azərbaycanlı tələbələrin sayının az olması və ya 90-cı illərin ortaları və sonlarında gənclərin Moskva ali məktəblərində təhsil alma imkanlarının olmamasında bir çox təşkilatlar tamamilə fəaliyyətini dayandırmışdılar. İlk olaraq 1997-ci ildən başlayaraq Moskva Meriyası və Azərbaycan Təhsil Nazirliyinin birgə müqaviləsi əsasında yenidənAzərbaycandan tələbə qəbulunu həyata keçirdilər. Bu tələbələr TQDK-nın keçirdiyi imtahanlarda yüksək bal toplamış abituriyentlərin arasından müsabiqə yolu ilə seçilirdilər. Bu proses demək olar ki, 2001-2002-ci ilə qədər davam etdi. Bundan əlavə, Kimya üzrə Beynəlxalq Olimpiadanın qalibləri, 2000-2002-ci illərdə BDU-dan tələbə mübadiləsi ilə gələn tələbələr də var idi. Və əlbəttə ki, Rusiya vətəndaşları olan azərbaycanlıların övladları. Ümumilikdə yalnız Moskva şəhərində 1000-1500 nəfər gənc təşkilatın işinə cəlb oluna bilirdi ki, onların 300 nəfərdən çoxu bütün tədbirlərdə iştirak edirdilər. Fəallara gəldikdə idə 25-40 nəfər arası iştimai əsaslarla fəaliyyət göstərən fəallar var idi.

Təşkilati- struktur cəhətdən biz komsomolu və ya ierarxik quruluşu olan hər hansı bir təşkilatı kopyalaya bilməzdik, çünki dövr başqa idi və gənclərin maraqları əsasən öz gələcəklərini qurmaq və daha çox özünü reallaşdırma imkanlarının dəyərləndirmək idi. Beləliklə, 23 ali məktəbdə 1 və ya bir neçə aktivə əsaslanan özək təşkilatlar yarandı. Həmin ali məktəblərdə təhsil alanlar isə özək təşkilatların və eyni anda ÜAK-ın Gənclər Təşkilatının üzvləri kimi qeydiyyata götürülürdü. Təşkilatın ümumi rəhbərliyini isə hər özək təşkilatdan 1 nəfər nümayəndənin iştirakı ilə toplanan iclas həyata keçirirdi. Mən isə bu iclaslarda MDU-nu təmsil edir və MDU-nun böyüklüyünü nəzərə alaraq çox vaxtlar iclasları idarə də edirdim. 2002, 2003-cü illərdə istər ÜAK-ın tərkibində istərsə də ayrı-ayrı ali məktəblərdə ümumilikdə 35 tədbir keçirmişik. Tədbirlərin əsas mövzusu Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, Novruz Bayramı, Respublika Günü və 20 Yanvar şəhidlərinin anılması kimi tarixi günlərin qeyd edilməsindən ibarət idi. Həmin illər heç bir təşkilatdan maddi yardım almamışıq. Tədbirlərin ərsəyə gəlməsini tələbələr arasında pul toplamaq və ya bilet satmaq yolu ilə həyata keçirmişik. Hər tədbirdə yüzlərlə gənc iştirak edir və hər dəfə yeni gənclərin bizə qoşulduğunu müşahidə edirdik. Burada qeyd etmək istəyirəm ki, bu işləri mən tək başıma deyil, güclu bir komandanın köməyilə həyata keçirmişik. Mən də həmin komandanın bir üzvü olmuşam. Sadəcə olaraq yazının mahiyyətindən irəli gələrək digərlərinin adlarını qeyd etmirəm, məni düzgün başa düşmələrini təvəqqə edirəm.

Təhsil Nazirliyi tələbələri tanımaq istəmirdi

Yay tətilləri zamanı Bakıya gəldiyimizdə nəinki Rusiyada həm də dünyanın digər ölkələrində təhsil alan gənclər ilə görüşür və müxtəlif məsələlər ətrafında fikir mübadilələri aparırdıq. Görüşlərin nəticələri olaraq təcrübələrimizi bölüşür və dünyanın bir çox ölkələrində şəbəkələşmə prosesini yaradırdıq. Apardığımız təşkilatlanma işinin nəticəsi olaraq Azərbaycan Təhsil Nazirliyində görüşlər keçirir, bizdə olan aktual siyahıları onlara verirdik. Müəyyən olurdu ki, Təhsil Nazirliyinin Moskvada təhsil alan gənclərin ən azı 50%-dən xəbəri olmur. Təhsil Nazirliyində xarici ölkədə təhsil almağa gedən gənclər haqqında məlumat yalnız Azərbaycan hökumətindən təqaüd alanlarla bitirdi. Təqaüd alanlar isə ümumi tələbələrin ən çoxu 30-40 %ni təşkil edirdi. Digər tələbələrin qeydiyyatı mexanizmi isə yox idi. Bu qeydiyyatın lazımsızlığını arqument kimi göstərənlərə isə hər zaman belə bir cavab verirdik, “o zaman, ölkədə olanların qeydiyyatı nə üçün lazımdır, yalnız ayrılan vəsait görəmi? Axı vəsait yalnız tələbələrin yarısına ayrılır, digər yarısı isə ödənişli əsaslarla təhsil alırlar.” Təəccüblüsü o idi ki, bu sualları nazir müavini səviyyəsində bizə verirdilər. Əlbəttə ki, sonradan özüm işlədiyim zaman gördüm ki, dövlət idarəetməsində olanlar öz vəzifələrini bilmirlər. Ən azından, yaxın gələcəkdə əmək bazarını nəzarətdə saxlamaq üçün bu siyahılar hökumət üçün maraqlı və vacib olmalı idi.

gamet02

Prezident seçkilərində biz hamıya gərək olduq

2003-cü ildə Xaricdə Təhsil alan Gənclərin İdarə Heyəti adında yarımformal bir qrup yaradıldı. Həmin qrupa mən də daxil olundum. Qrupun əsas məqsədi həmin il Prezident seçkilərində iştirak edəcək İlham Əliyevin təhsil aldığımız ölkələrdə təbliğinin təşkil etmək idi. İlk dəfə olaraq əvvəlki illərdə çayxanalarda toplaşan gənclər bu il işiqlı kabinetlərə dəvət olundu və ən yüksək səviyyədə olan dövlət məmurları ilə ünsiyyətdə oldu. Həmin ildən sonra bizlərdə belə bir fikir formalaşdı ki, deməli, bizim gördüyümüz işlər diqqətdən kənarda qalmadı və sonunda hökumət bizimlə işləmək qərarına gəldi.

Fəaliyyətimiz Azərbaycanda və Rusiyada azərbaycanlı gənclər arasında olmaqla yanaşı həm də ali məktəblər daxilində olan digər tələbə təşkilatları ilə inteqrasiyaya yönəlmişdi. Belə ki, MDU-da 2003-cü ildə “Gənclik” Azərbaycanlı Tələbə Təşkilatı yaradıldı. Əslində bu yeni bir təşkilat deyildi və bu günə qədər MDU divarlarında azərbaycanlı gənclərin gördüyü işlərə formal don geyindirmək məqsədi daşıyırdı. Təşkilatın sədri mən seçildim və ilk dəfə olaraq ierarxik struktur formalaşdırdıq. Təşkilatın nümunəsində MDU-da təhsil alan digər millətlərin nümayəndələri də öz təşkilatlarını qurdular və 2004-cü ilin yanvar ayında 7 milli təşkilatın iştirakı ilə MDU-nun Xarici Tələbələr Şurası yaradıldı. Şuranın ilk sədri mən seçildim. Təşkilat Universitetin strukturuna daxil olan Gənclər Şurasına qəbul olundu. Bugündən sonra mən həm də 68 ölkədən olan 7000 tələbənin maraqlarını MDU Rektorluğu qarşısında ifadə etməyə başladım.

Tələbələr üçün “antiinqilab peyvəndi”

Həmin il Ukrayna və Gürcüstanda olan məxməri inqilablarda gənclər aparıcı rol oynadıqlarından, Rusiyada yenidən Gənclər siyasəti işlənməyə başladı. Bu prosesə başçılığı isə MDU-nun Gənclər Şurasının sədri edirdi. Hərdən məndə belə fikir formalaşır ki, həmin illər Azərbaycan hakimiyyəti tərəfindən artırılan diqqət də həmin proseslərlə bağlı idi. 2004-cü ildə ili xarakterizə edəcək bir çox əhəmiyyətli hadisələr baş verdi. Universitet daxilində milli qruplara görünməmiş diqqət ayrılmağa başlandı. Tədbirlərin keçirilməsi üçün tələb olunan bütün imkanları yaratdılar. Oktyabrın 22-də MDU-da möhtəşəm Azərbaycan Mədəniyyəti Gününü keçirdik. Tədbirdə ÜAK-ın vitse prezidentləri, Azərbaycan səfirliyinin diplomatları, keçmiş məzunlar, Universitetin rektoru da iştirak etdilər. Bu tədbirdə 600 nəfər gənc iştirak etdi və ölkə kanallarının hamısının Xəbərlər buraxılışlarında tədbir haqqında məlumat verildi.

Bizim işə keçməyən təkliflərimiz 

Tədbirdən sonra bizdə olan ruh yüksəkliyi bizlərə gənc diasporun digər problemlərini qabartmağımıza səbəb oldu. Həmin problemlərdən bir qismi aşağıdakılar idi:

  • Maddi yardım – Son illər Universitetləri müvəffəqiyyətlə bitirən gənclər maddi çətinliklərə görə təhsillərini növbəti pillələrdə davam etdirə bilmirlər; Tələbələrin əhəmiyyətli hissəsi heç bir təqaüd almır. Bu tələbələri bir neçə kateqoriyaya bölərək, Rusiya vətəndaşları üçün Rusiya hökuməti qarşısında, Azərbaycan vətəndaşları üçün Azərbaycan hökuməti qarşısında məsələ qaldırmaq; Xüsusi olaraq azərbaycanlı gənclərin istər ölkə daxilində istərsə də ölkə xaricində təcrübə keçmək, gənc tədqiqatçıların konfranslarda iştirak etmələrini təmin etmək üçün ÜAK-ın Gənclər Fondunun yaradılması.

  • Süni baryerlərin qaldırılması – Rusiya Universitetlərini bitirdikdən sonra Azərbaycanlı məzunlar öz ölkəmizdə çox əziyyətli və alçaldıcı prosedurla rastlaşırlar. Bu, diplomlara Şəhadətnamənin verilməsidir. Uyğunluq Şəhadətnaməsi olmadıqda gənclər hərbi xidmət zamanı ali təhsili olmayanlarla bərabər tutulur. Məsələn bəzi hallarda oxuduğun şəhərdə yaşadığına dair yaşayış yerindən arayış tələb edirdilər. Şəhadətnamələr bir qayda olaraq 1 il ərzində verilirdi. Bu müddət ərzində isə məzun işlə təmin olunmaq üçün keçirilən müsabiqələrdə iştirak edə bilmirdi. Təklifimiz isə ondan ibarət idi ki, bu proseduru sadələşdirsinlər.

  • Hərbi xidmətdən möhlət hüququnun əldə edilməsinin düzgün mexanizminin işlənməsi – Hərbi komissarlıqlar tələb edirdilər ki, ali məktəblərdən alınmış arayışlar səfirlikdə təsdiq edilsin. Səfirlik isə öz növbəsində Rusiyada verilmiş hə hansı sənədi təsdiq etmək səlahiyyətinin olmadığını bildirirdi. Nəticədə tələbələr ildə bir dəfə Hərbi komissara və hava limanının komendantına rüşvət verməli olurdu.

Tələbə təşkilatına qarşı sirrli hücum

Əlbəttə, bu təkliflərə heç kim məhəl qoymadı. Bir müddətdən sonra isə qəribə proseslər vüsət aldı. Belə ki, 2004-cü ilin sonlarına doğru Azərbaycan Səfirliyinin diplomatlarının təşkilatçılığı ilə Moskva şəhərində təhsil alan gənclərin ümumi görüşü keçirildi və Azərbaycan Gənclərinin Koordinasiya Şurası deyilən bir qurum yaradıldı. Həmin quruma bizim tanıdığımız aktivlərlə yanaşı heç tanımadığımız gəncləri daxil edildilər. Çox keçmədi ki, həmin Şura daxilində ciddi intriqalar baş qaldırdı. İlk olaraq mənə qarşı qarayaxma kampaniyası təşkil edildi. Mənə qarşı ən ağlasığmaz böhtanlar atıldı. Mənim üçün ən təəccüblüsü isə indiyə qədər mənimlə eyni komandada hesab etdiyim insanların bu məsələlərə biganə olması oldu. Daha sonra uzun illər diaspora işində əmək sərf etmiş başqaları intriqaların mərkəzində oldular. Nəticədə 5-6 ay müddətində 5 ilə formalaşmış və güclənmiş komanda dağıdıldı…

(ardı var)