Azərbaycanda 1-ci Avropa oyunları keçirilir. Bu hadisə ölkənin Avropaya inteqrasiyası prosesinə nə kimi yardım edə bilər. Bu tip tədbirlərlə ölkənin imicini Avropa istiqamətində sağlamlaşdırmaq, dəyişmək mümkündürmü? Ümumiyyətlə Azərbaycanın avropa məkanına inteqrasiyası nə qədər aktualdır? Gəlin bu haqda danışaq. Azərbaycanın Avropaya inteqrasiyası bir ictimai-siyasi və elmi problem olaraq ölkəmizin öz dövlət müstəqilliyini əldə etdikdən sonra aktuallaşıb. Baxmayaraq ki, bu ideyanın başlanğıcı hələ XIX əsrə gedib çıxır. Avropa yönümlü ictimai fikir tarixi hələ M.F. Axundovla başlamış, eləcə də H.Zərdabi və digər böyük Azərbaycan ziyalılarının yaradıcılığında əks olunmuşdur.Şübhəsiz Azərbaycanın yeni fikir tarixi Axundovla başlayıb – novatorluq, maarifçi-demokratik dünyagörüşün əsası Axundovun əsərləri ilə bağlıdır. Onların fikirləri ilə avropalaşmaq, müasirləşmək və modernləşmək ideyaları ictimai şüurda özünə yer almağa başlayıb. Ancaq 1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra yeni, təkmilləşmiş ideoloji axtarış dövrü bitir.
Görəsən, Avropa dəyərlərini səciyyələndirən başlıca əlamətlər hansılardır? Avropa ideyalarının tarixi nədir? Müasir Avropa sivilizasiyası bir sıra tarixi mərhələdən keçib. Birincisi, antik yunan-roma sivilizasiyasıdır. Bu sivilizasiya dövründə hüququ dövlət, qanunun aliliyi, hakimiyyətin bölgüsü kimi ideyaların sanki rüşeym kimi əsası qoyulub. Sonrakı mərhələ xristian mədəniyyətidir. Sonuncu isə renessans, maarifçilik və sənayeləşmə mərhələsidir. Sadalananlar müasir Avropanın keçdiyi ən mühüm tarixi fazalardır. XX əsrdə Avropada iki dünya müharibəsi olub.İkinci dünya müharibəsindən sonra Avropanın düşüncə mərkəzləri yeniAvropanın necə qurulmalı olması barədə suallarını verməyə başladılar. İki dünya müharibələrinin nəticələrini təhlil etdikdən sonra bu qənaətə gəldilər ki, burada təsisatlar, strukturlar zəif olub. İctimai sistem faşizm, millətçilik kimi ideologiyalar hakimiyyətə gəlməyə imkan verdiyinə görə, onlar təsisatları dəyişməyə və Avropanın yeni, azad, demokratik təsisatlar əsasında qurulmasına başladılar.
Müasir dünyada olan sivil inkişafın önündə gedən dəyərlər Avropa dəyərləridir.Avropa mədəniyyətinin kökləri kifayət qədər dərin olsa da, müasir mexanizmlərinin – hakimiyyət bölgüsü, qanunun aliliyinin təmi edilməsi, azad məhkəmlər, plüralizm və s. tarixi 250 ildən də azdır. Hətta onun siyasi, kulturoloji dəyərlərini bütün digər lokal və qlobal məkanlarda yaranan dəyərlərdən önəmli sayan avropasentrizm adlı ideoloji doktrina da yaranmışdır. Avropasentrizmin ən tanınmış nümayəndəlrindən bir Şarl Lui Monteskyö yazırdı ki, soyuq iqlim demokratiyanı yaradır, isti iqlim isə despotizmi. Öz fikirlərini əsaslandırmaq üçün coğrafiyaların, relyeflərin, iqlimlərin, xalqların ruhuna, yaratdığı hakimiyyət strukturlarına, siyasi sistemə təsirini araşdırır və coğrafi determinizm adlı bir nəzəriyyə formalaşdırmışdır.
Bizim ictimai fikirdə avrointeqrasiya ilə bağlı belə bir yanlış yanaşma mövcuddur ki, biz Avropadan elm və texnologiya almalıyıq, öz mədəniyyətimizi, mənəviyyatımızı qorumalıyıq. Bu fikir təkcə adi düşüncədə deyil, habelə cəmiyyətin intellektual kəsiminə aid olan insanlar arasında da yayılıb. Bu çox sadəlövh yanaşmadır. Bu yanaşma o vaxt doğru olardı ki, söz sahibi sən özün olardın. Azərbaycanın böyük alimi Xudu Məmmədov deyirdi ki, hər bir xalq dünya sivilizasiyasına nə qədər pay verirsə , yalnız o qədər də götürə bilər.Belə düşüncə isə həmişə əks nəticələrə gətirib çıxarmışdır.
Müasir dünyada ölkələri əsas 4 təsnifata ayırırlar:
1. Bilik istehsal edən ölkələr. Bunlar Qərbi Avropa və Şimali Amerika ölkələridir.
2. Texnologiya istehsal edən ölkələr. Bunlar Yaponiya, Cənubi Koreya və s. bu kimi ölkələrdir.
3. Xammal istehsal edən ölkələr. Bunlar Rusiya, İran, Azərbaycan və s. bu kimi ölkələrdir.
4. İnkişafın yedəyində gedən ölkələr. Bunlar dünyanın hələ inkişaf etməmiş aqrar ölkələridir.
Şübhəsiz ki, Azərbaycan Avropaya meylli ölkədir. Azərbaycan Şərq təməlli, Avropa təsirli ölkədir. XIX əsrdə Azərbaycanlı demokratların yaratdığı ideologiya,
sonra Şərqdə ilk demokratik respublіka olan Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması, parlamentin olması, incəsənət sahəsində ilk dəfə cazın, operanın və s.yaranması buna nümunə sayıla bilər. Lakin təkcə bu mexaniki şəkildə əsas vermir ki, biz Avropanın bir hissəsi olduğumuzu deyə bilək. M.Ə.Rəsulzadə özünün “Azərbaycan Cümhuriyyəti” əsərində yazırdı ki, əgər M.F.Axundovun ideyaları olmasaydı, Cümhuriyyət ideyaları da olmazdı. 1920-ci ildə Azərbaycanın sovet işğalından sonra müasirləşmə, modernizasiya və Avropa təfəkkürü və ideyası, meylləri uzun zaman fasiləsi ərzində öz rolunu itirməyə başladı. Bir məsələni ünutmaq olmaz ki, real siyasətdə tarix iştirak etmir.Yəni tariximizdə olan modernləşmə və Avropa dəyərlərinin sadaladığımız nailiyyətləri mexaniki şəkildə Avropaya qovuşmağımıza kömək etmir. Şübhəsiz ki, bu tarixi uğurlar müasirləşmək üçün zəmin yaradır.
İndi isə artıq öz dövlət müstəqilliyimizə qovuşduqdan sonra biz çox vacib Avropa təsisatlarına üzv olmuşuq. Avropanın bu gün üçün 4 vacib strukturu var. ATƏT-in 1992-ci ildən üzvüyük. Bu təsisatlardan biri Avropa Şurasıdır. 2001-ci ilin yanvarın 25-dən biz bu təşkilata üzvük. Avropanın ən vacib strukturu isə Avropa Birliyidir. Avropa Birliyinin bir çox proqramlarının, məsələn Şərq Tərəfdaşlığı Proqramına biz artıq qoşulmuşuq. Ondan əvvəl isə Avropa Qonşuluq Siyasəti proqramına qoşulmuşduq. Daha mühüm olan hərbi-siyasi təşkilat olan NATO-nun da müəyyən proqramlarında az-çox iştirak edirik.
Azərbaycanın bu gün Avropaya inteqrasiyası üçün çox böyük potensialı vardır. Bunlardan ən vacibi isə iqtisadi potensial sayıla bilər. Lakin biz hələ öz iqtisadi potenisalımızdan Avropaya inteqrasiya yönümündə tam faydalana bilməmişik. Məsələn, Gürcüstan və Ermənistan Ümumdünya Ticarət Təşkilatına üzvdür. Biz isə hələ bu təşkilata üzv ola bilməmişik. Bildiyimiz kimi, bu təşkilata üzvlük iqtisadiyyatımızda liberallaşmanı, vergi, gömrük sistemində və s. şəffaflığı təmin edir. Bu da Avropaya inteqrasiyaya mane olan əsas səbəblərdən biridir.
Sosioloji elmin banisi O.Kont gənc yaşlarında məşhur alman fіlosofu,ictimai inkişafla bağlı yeni nəzəriyyənin yaradıcısı olan Hegelə yazır ki “siz yaratdığınız təlimi qısa, çox sadə və fransızca şərh edib məktubla mənə
göndərin”. Hegel cavab olaraq yazır ki, “mənim yaratdığım təlimin sadə, çox qısa və fransızca şərhi yoxdur”. Fəlsəfə tarixində olan bu məşhur fikri ona görə yada salıram ki, Avropalaşma və modernləşmə məsələlərinə bizdə mexanіki yanaşma mövcuddur. Əgər biz rəsmi mətbuatı təhli etsək görərik ki, orada qeyd olunur ki, biz artıq Avropaya inteqrasiya etmişik, onun bir hissəsiyik. Amma mahiyyətcə bu heç də belə deyil.Və görünən odur ki biz ümumiyyətlə humanizmdən, müasirlikdən daha sürətlə uzaqlaşmaqdayıq. Müasirlik bizim kimi toplumlar üçün daha çox maska xarakteri daşımaqdadr.
Bu gün Azərbaycanın Avropaya inteqrasiyasında özünü göstərən ən əsas maneələrdən biri elm və təhsil sahələrində geriliklə bağlıdır. Məsələn, Dövlət Büdcəsindən elm və təhsilə ayrılan vəsait başqa ölkələrlə müqayisədə çox cüzi miqdar təşkil edir. Elm və təhsil bu səviyyədədirsə, Avropaya inteqrasiyadan, modernləşmənin uğurluluğundan bəhs etmək özü çox çətindir.
Bizim ölkə tarixən qonşu ölkələrə nisbətən vesternizasiyada kecikib. M.Ə.Rəsulzadə hələ keçən əsrin əvvəllərində “İstiqlal məfkurəsi və gənclik” adlı məruzəsində təhlil edərək göstərir ki, Gürcüstanda və Ermənistanda təhsilin səviyyəsi, mətbuatın inkişafı, sosial-siyasi fəallığın göstəriciləri Azərbaycanda aşağıdır. Bununla əlaqədar qeyd etmək olar ki, bu geriləmə bütün tarixi mərhələlərdə özünü göstərmişdir. Bizdə isə bu məsələ yalnız hazırda gündəmə gəlməyə başlamışdır.M.Rəsulzadənin Avropa mədəniyyəti ilə bağlı digər fikri də çox önəmlidir. Ötən əsrin 30-cu illərində deyirdi ki, Şərq-Qərb sivilizasiyası anlayışı əslində yoxdur, biri var orta əsrlər sivilizasiyası və bir də müasir sivilizasiya..
Qeyd etdiyim mexaniki yanaşmaya başqa sahələri də nümunə gətirmək mümkündür. Azərbaycanın geopolitik səciyyəsini təhlil edən qərb politoloqu Fullerin fikrincə, Azərbaycan mürəkkəb geosiyasi məkanda yerləşir. Bu mürəkkəblik ölkənin geopolitik xüsusiyyətləri ilə bağlıdır. Tədqiqatçı Azərbaycanın aşağıdakı əlamətləri qeyd edir:
1. Azərbaycan müsəlman ölkəsidir , bu baxımdan biz islam dünyasının bir hissəsidir;
2.Azərbaycan Türk soylu ölkədir , bu səbəbdən o türk dünyasının tərkibinə daxildir.
3. Azərbaycan keçmiş Sovet İttifaqının bir respublikası olub , postsovet məkanının bir hissəsidir.
4. Azərbaycan Avropanın, eyni zamanda Şərqin bir hissəsidir.
Unutmaq olmaz ki , biz tarixən düşmən olan iki imperiyanın sərhədində olan yeganə ölkəyik.Bütün bu amillər avrointeqrasiya prosesinə bu və digər dərəcədə təsir edir.
Avropaya inteqrasiya məsələlərində özünü göstərən ən mühüm problemlərdən biri də peşəkarlığa münasibətdir. Bizdə peşəkarlığa münasibət, demək olar ki, stimullaşdırılmamışdır. Azərbaycanın ali məktəbləri öz hazırkı intellektula potensialı ilə müasir tələblərə cavab verən səviyyədə peşəkarlıq keyfiyyətlərinə malik, hazırlıqlı, Avropa standartlarına uyğun ixtisaslı kadrlar yetişdirmək imkanında deyil. Bunun üçün ciddi islahatlara ehtiyac vardır. Bir faktı qeyd etmək yerinə düşər ki, neft ixracatçısı olmayan Gürcüstanın Almaniyada 3000 tələbəsi olduğu halda, Azərbaycanın orada cəmisi 450 tələbəsi var.
Universitetlərimizin çoxu Baloniya sisteminə keçsə də hələ köklü dəyişikliklərə nail ola bilməmişik.Ordumuz da NATO standartlarına keçdiyini bəyan edir.Amma problemlərin çoxluğunu qeyd etmək lazımdır. Bunların bir çoxu da onunla bağlıdır ki, biz hələ də sovet idarəciliyi təcrübəsindən ayrıla bilməmişik.
İnteqrasiya prosesində zərərli təsir göstərən əlamətlərdən biri kimi Azərbaycan cəmiyyətində korrupsiyanın çox yüksək səviyyədə mövcudluğunu qeyd etmək olar. Korrupsiya bizim cəmiyyətimizdə artıq ictimai əxlaqın bir formasına çevrilib, inzibatı idarəetmənin, kadr korpusunun formalaşmasının müəyyənedici amilidi..
Bu prosesi ləngidən digər “sosial qayda” yerliçilik və regionçuluqdur. Bütün bunlar cəmiyyətin sivil dəyərlər yönümündə inkişafına mane olan paradiqmalar kimi özünü göstərir və cəmiyyətin mütəşəkkiliyinə mənfi təsir etməklə cəmiyyətin qloballaşma və modernləşməsində ciddi ziddiyyət və stereotiplər formalaşdırır. Avropaya inteqrasiya yönümündə böyük tarixi potensialın olmasına baxmayaraq
onu real maarifçilik yolu ilə fəaliyyətə keçirə bilməmişik. Xalqımızın böyük hissəsi öz tarixini yaxşı bilmir, ona görə də bugünün tarixi reallıqlarını lazımınca dəyərləndirə bilmirlər. İnsan hüquqlarının təmin olunması, qanunun aliliyinin bərqərar edilməsi sahəsində də ciddi çatışmazlıqların olduğu zənnimcə hamıya aydındır.
Mehman Xanlaroğlu, politoloq


