Yaxud, Zahid Oruca ağ və qara örnəyi
Artıq hakimiyyət də, cəmiyyət də, beynəlxalq aləm də dəqiq bilir ki, ölkənin yeganə müxalifət qurumu Milli Şura və onun lokomotivi olan AXCP-dir. Məhz buna görə də real alternativə qarşı bütün istiqamətlərdən hücum həyata keçirlir. Milli Şuranın, AXCP-nin istənilən məsələyə tənqidi münasibəti süngü ilə qarşılanır və dövlətə zərbə kimi qiymətləndirilir.
Avropa oyunları ilə bağlı Milli Şuranın mövqeyi hakimiyyəti yenə də qıcıqlandırdı. Hansıki, AXCP və Milli Şura səviyyəsində idmançılarımız təbrik edildi, yarışlarda idmançılarımıza uğurlar arzulandı və hər dəfə komandamız qalib gələndə “Azadlıq” qəzeti operativ məlumatlar verdi. Yəni, bir daha aydın oldu ki, real müxalifət idmana, idman ictimaiyyətinə qarşı deyil. Hakimiyyətin yarıtmaz, talançı və uğursuzluğa aparan siyasətinə qarşıdır.
Bu məsələyə millət vəkili Zahid Oruc da münasibət bildirib və AXCP-ni “qaraguruh” adlandırıb: “Müsavat Partiyasının bu məsələdə mövqeyi yalnız Avropa Oyunlarına bir neçə gün qalmış kəskinliyə çevrildi. Milli Şura isə hər şeyi qara görməkdə əvvəldən davam edir. Odur ki, Müsavatla Milli Şura arasında bərabərlik işarəsini qoymaq insafsızlıq olardı. Mən bu gün də o mövqedəyəm ki, Müsavat Partiyasının sıradan çıxması AXCP qaragüruhunu, siyasi ekstremizmi gücləndirər. Düşünürəm ki, Avropa Oyunlarına müxalif münasibət göstərmək çox yanlış idi. Bu hadisə üzərindən daxildə belə cəbhə açılmamalı idi. Qərb dövlətləri sabah yenə də Azərbaycanla münasibətlərini davam edəcək. Daxildəki həmin müxalif qüvvələr də görəcəklər ki, onların müraciətləri, məktubları poçt qutusunda qalıb və sona qədər getməyib” – deyə Zahid Oruc bildirib.
Biz Zahid Orucun Müsavat partiyasını niyə müsbət mənada təqdim etməsinə münasibət bildirmək istəmirik. Bu haqda özləri izahat verərlər. Biz millət vəkilinin “qaraguruh” ifadəsinə aydınlıq gətirmək istəyirik.
Ümumiyyətlə, bu ifadəni tez-tez eşidirik və hər dəfə hakimiyyət təmsilçiləri müxalifətə qarşı bu ifadəni ağızdolusu işlədir. Görəsən, bu “qaraguruh” nə deməkdir?
Korrupsiyadan, monopoliyadan, ölkədən oğurlanan milyardlardan, təhsil və səhiyyənin biabırçı vəziyyətindən, məhv edilmiş məhkəmə sistemindən, məmur özbaşınalığından, müəllimlərin, həkimlərin az əmək haqqında danışmaq qaraguruhluqdurmu? Yaxud, hər il Gül bayramına 10 milyonlarla vəsaitin xərclənməsinə etiraz etmək, demokratik islahatlar, şəffaf seçki, sosial-ədalət istəməkdirmi qaraguruhluq?
Əgər vicdanlı vətəndaş olmağın, şərəflə yaşamağın, köləlikdən imtina etməyin adı “qaraguruh” dursa, bununla fəxr etmək lazımdır.
Amma reallıq başqa ünvanı göstərir. Məlum olur ki, qara əməllərin gurultusu hakimiyyətin çadırından gəlir.
Millət vəkilinə xatırlatmaq istəyirik ki, qaraguruhluq təyinatla parlamentdə oturmaq, yaltaqlığı dövlət siyasətinə çevirmək, yalana əl çalmaq, tənəzzülü tərəqqi kimi qələmə vermək, ən cılız insanları dəyər kimi təqdim etməkdir. Qaraguruhluq kütləvi savadsızlıq mühiti yaratmaq, müxalifətə qarşı ən iyrənc üsullarla müharibə aparmaq, müəllimi seçki saxtakarına çevirmək, 15 insanın faciəsinə görə JEK müdirini cəzalandırmaqdı. Ən böyük qaraguruh öz vətəndaşını “erməni” adlandırmaq, bütün tənqidlərə “ermənipərəst” arqumenti ilə cavab vermək, mətbuatı, televiziyanı “palatka toyu”na çevirməkdir.
Görməmiş kimi ölkənin hər yerində mülk tikdirmək, dünyada bahalı iqamətgahlar almaq, ölkə sərvətinin offşorlara daşımaqdı qaraguruhluq. 22 ilərzində bir qarış torpaq almayıb, “ermənistan acından ölür” deməklə təsəlli tapmaqdan böyük qaraguruhluq varmı? Ölkənin taleyini neftin belinə yükləyib, sonra “analoqsuz inkişaf edirik” deməkdən “orijinal” qaraguruh nümunəsi ola bilməz. Ermənipərəst ölkələrə 100 milyonlarla yatırım edib, sonra dünyada erməni ovuna çıxmaqdan iyrənc qaraguruhluq ola bilərmi? Siyahını uzatmaq da olar. Demək istəyirik ki, hakimiyyət həmişə öz çirkin adını təmiz adamlara tərasfer etməyi xoşlayıb.
Bu ölkədə haqqının tələb edən, ədalət istəyən, oğurluğa etiraz edən hər kəs “xuliqan”, “vətən xaini”, “qaraguruh” kimi ifadələrlə qiymətləndirilir.
Reallıq isə budur ki, AXCP, Milli Şura müasirliyin, yeniliyin, inteqrasiyanın tərəfdarı kimi çıxış edir. Hakimiyyət isə cəhalətin, geriliyin, avtoritarizmin heyranı kimi ortaya çıxır.
Indi kimin qara guruh, kimin ağ qüvvə olduğunu aydınlaşdırmaq çox asandır. Müalicəyə ehtiyacı olan Qarabağ əlilinə 5000 manat qıymayıb, Ledi Qaqaya 2 milyon dollar bağışlamaq qaranın ən tünd formasıdır.
Sonda onu da qeyd edək ki, faciə məktubun poçt qutusunda qalması yox, şəxslərin tarixin qara səhifəsində qalmasıdır.
Akif


