Hakimiyyət üçün daha bir utanc

Avopa Məhkəməsi Azərbaycandan olan hakimlərə etimad göstərmir

Azərbaycan hakimiyyətinin dövlətin imicinə vurduğu zərbə hər addımda hiss olunur. Bütün mötəbər təşkilatlar, inkişaf etmiş ölkələr Azərbaycan hakimiyyətinin yarıtmaz siyasətinə etiraz edir və dünyadan təcrid prosesi gedir. Avropa oyunları zamanı müşahidə etdiyimz mənzərə onu göstərdi ki, hakimiyyət bütün dayaqlarını itirib və bu rejimin etimad limiti bitib. Öz vətəndaşına hörmət etməyən, repressiv bir siyasət yürüdən və hakimiyyət kürsüsü üçün bütün irənc addımlarla əl atan zehniyyət təbii ki, dünyada süngü ilə qarşılanmalı idi.
Bugünlərdə Avropa Şurasında Azərbaycana utanc gətirən daha bir hadisə baş verdi. Belə ki,ÿParlament Assambleyasının Avropa Məhkəməsi hakimlərinin seçilməsi üzrə Komitəsinin iclasında Azərbaycandan təqdim edilmiş namizədlər üçün müsahibə keçirilib. Amma nəticə qənaətbəxş olmayıb. Yəni, Azərbaycandan olan hakimlərə etimad göstərilməyib.
Baş verənlərə Milli Məclisin hüquq komitəsinin sədri Əli Hüseynli də münasibət bildirib və Azərbaycna qarşı qərəzin göstəricisi kimi qiymətləndirib: “Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş namizədlər ədalətli, açıq və şəffaf prosedur nəticəsində seçilib. Müvafiq elan Məhkəmə-Hüquq Şurası tərəfindən kütləvi informasiya vasitələrində dərc edilib və iki mərhələdə, yəni yazılı test və müsahibə çərçivəsində namizədlərin siyahısı müəyyən edilib. Bildirməliyəm ki, Azərbaycandan başqa həmçinin digər 4 dövlət tərəfindən təqdim edilmiş namizədlər üçün də müsahibə keçirilib. Həmin iclas qapalı qaydada keçirilsə də, bizdə olan məlumatlar onu deməyə əsas verir ki, Azərbaycana qarşı yenə də qərəzli mövqe tutulub, prosedurlar şəffaf olmayıb”-deyə Əli Hüseynli bildirib.
Göründüyü kimi hakimiyyət təmsilçiləri heç bir hadla özlərində günah görmürlər. Həmişəki kimi “bizə qarşı qərəz var” deməklə vəziyyətdən çıxmaq istəyirlər.
Reallıq isə budur ki, Azərbyacanda hüquq sistemi məhv edildiyinə görə, müstəqil hüquqşünaslar da yox həddindədir.  Azərbaycan məhkəmələrinin hansı meyarla əsasında hökm çıxarması hər kəs məlumdur. Siyasi xarkterli məhkəmələrin nəticəsi sifarişlə müəyyən olunur. Digər məhkəmə proseslərnidə isə maddiyyat böyük rol oynayır. Ümumiyyətlə, bu gün bütün dünya bilir ki, Azərbyacanda 100-ə yaxın siyasi məhbus var və bu adamların məhkəmə prosesi bibarıçı formada təşkil edilib. Yəni, heç bir sübut olmadığı halda, şər-böhtan nəticəsində bu adamlar həbs olunub. Siyasi məhbusların içində bəziləri var ki, bütün dünya tanıyır və buna görə də bu şəxslərin məhkəmələri beynəlxalq diqqətdə olub. Deməli, real vəziyyət hamıya aydındır. Müstəqil qərar qəbul edə bilən vəkillər Kollegiyadan uzaqlaşdırılıb, müstəqil hakimlər proseslərdən kənarlaşdırılıb. Onu da qeyd etmək lazımdır ki, Avropa Məhkəməsinə ən çox şikayət gedən ölkələrdən biri də Azərbaycandır. Dəfələrlə burdakı saxta hökmlər ifşa olunub və dövlət təzminat ödəyib. Yəni, bu gün üzdə olan hakimlərin əksəriyyətinin tərcümeyi-halı Avropa Şurasına da məlumdur.
Ona görə də baş verənləri qərəz kimi yox, Azərbaycan hakimiyətinin yarıtmaz siyasəti kimi qiymətləndirmək lazımdır.  Bütün ittihamları “qərəzli mövqe”, “erməni lobbisinin fəaliyyəti” kimi təqdim etmək vəziyyətdən çıxış yolu deyil.
Reallıq odur ki, bu gün Azərbaycanın Avropa Məhkəməsinə 2 hakim təqdim edə bilmir. dövlətin imici o qədər korlanıb ki, beynəlxalq təşkilatlar Azərbaycandan olan namizədlərə etimad göstərmir. Düşünürlər ki, öz ölkəsinin vətəndaşına əsassız olaraq 8-10 il həbs hökmü oxuyan adam, başqasına ölüm hökmü də oxuyar.
Bir sözlə, hakimiyyət  hüquq sistemini elə şikəst edib ki, sağalması çətin məsələdir. Ədalətin bərqərar olunacağı yeri də xəyanət yuvasına çeviriblər.

Samir