Emin Şəkinski keçmiş həyat yoldaşını ondan külli miqdarda pul oğurlamaqda ittiham edir
Bakı Ağır Cinayətlər Məhkəməsində Pənah Dadaşov, Namiq Camalov, Raqub Isfəndiyarov, Zeynəb Cəfərova, Saçlı Həsənova, Pərvin Dadaşova, Rəvanə Dadaşova, Tahirə Hüseynova, Günel Hüseynova, Adəm Iskəndərov və Ənnab Iskəndərovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Haqqin.az-ın məlumatına görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.
Ittiham aktında bildirilir ki, Namiq Camalov, Gülnarə Şəkinskayanın keçmiş əri – Daxili Işlər Nazirliyi (DIN) cinayət-axtarış Baş Idarəsinin rəisi Emin Şəkinskinin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə Pənah Dadaşov, Zeynəb Cəfərova, Saçlı Həsənova və digərləri ilə cinayət əlaqəsinə girərək Gülnarə Şəkinskayaya qızları Nadya, Həmidə, Məryəm və Cəvahirlə birlikdə ölkə sərhədini qanunsuz keçmək üçün sənəd düzətməyə söz verib. Bu məqsədlə Gülnarə Şəkinkaya keçmiş əri Emin Şəkinskinin mənzilindəki seyfdən 60 min manat oğurlayıb və bununla da sonuncuya xüsusilə külli miqdarda zərər vurub.
Ittiham aktında iddia olunur ki, oğurlanmış pulun 31 min manatını Gülnarə Şəkinskaya özünə və qızlarına Azərbaycan Respublikasının sərhədini keçmək üçün saxta sənəd düzəltdirmək məqsədilə Namiq Camalov və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlının qardaşı, hazırda Almaniyada mühacirətdə olan Əlövsət Əliyev vasitəsilə cinayətkar qrupun digər üzvlərinə verib.
Əldə olunmuş razılaşmaya görə, 17 mart 2014-cü ildə Saçlı Həsənova Bərdə rayon Icra Hakimiyyətində Gülnarə Şəkinskayanı öz qızı Aysel Əliyeva kimi qələmə verib. Burada Saçlı Həsənova Gülnarə Şəkinskayanın Bərdə şəhəri, Koroğlu küçəsi, 10, mənzil 1 ünvanında qeydiyyatda olması barədə saxta arayış ala bilib.
Bundan sonra, Saçlı Həsənova rəsmi qaydada Bərdə rayon Polis Idarəsində mövcud olmayan Aysel Əliyevanın adına şəxsiyyət vəsiqəsi alıb. Elə həmin üsulla da Gülnarə Şəkinskayanın uşaqlarının adına sənəd düzəldilib.
Istintaqın gedişində zərərçəkmiş qismində dindirilən general-mayor Emin Şəkinski bəyan edib ki, Gülnarə Şəkinskaya ilə hələ 2008-ci ildə boşanmasına baxmayaraq, uşaqlarını saxlamaq üçün bütün xərcləri öz üzərinə götürüb. Ailəni saxlamaq üçün nəzərdə tutlan pulu da o, özünə səxsus olan seyfdə saxlayırmış. 2014-cü ilin aprelində uşaqlara baş çəkmək üçün gələrkən, görüb ki, mənzildə heç kim yoxdur və seyfdəki pullar da oğurlanıb.
Istintaq müəyyən edib ki, Gülnarə Şəkinskaya 60 min manatı oğurlayaraq, 14 aprel 2014-cü ildə uşaqları ilə birlikdə saxta sənədlər əsasında Balakən sərhəd-keçid nəzarət məntəqəsindən dövlət sərhədini keçib.
Istintaq onu da müəyyən edib ki, bu cinayətdə Gülnarə Şəkinskayaya doğma qardaşı Fərid Yüsifli də kömək edib. Gülnarə Şəkinskayanın qardaşı onunla internet vasitəsilə əlaqə saxlayıb və müxtəlif tövsiyyələr verib. Məhz qardaşının köməyi ilə Gülnarə Şəkinskaya pulları oğurlaya, özünə və uşaqlarına saxta sənəd düzəldə və Gürcüstana keçə bilib.
5 aprel 2014-cü ildə Fərid Yusifli Minskdən Tbilisiyə uçub və üçüncü dövlətə keçməkdə bacısına kömək edib. Bundan sonra o, Belarusa qayıdıb. Beləliklə, Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusifli və Əlövsət Əliyev istintaqdan yayındıqları üçün, onların haqqında ayrıca cinayət işi açılıb.
Qeyd edək ki, bir müddət əvvəl Əlövsət Əliyev “Yeni Müsavat”a müsahibəsində ölkədən getməsinin səbəbini məhz bu məsələ ilə izah etmişdi. Lakin Əlövsət Əliyev konkret ad çəkməmişdi. “Bir dəfə də bir xanım gəlmişdi. Əvvəllər onun bacısına və qardaşına da məsləhət vermişdim. Onun istəyinə uyğun olaraq xaricdən necə qaçqın statusu ala biləcəyi haqqında məsləhət vermişdim. Müraciət edənlərə məsləhət vermək mənim işimdi, ona xəyanət edə bilmərəm. Bu yüksək rütbəli məmurlardan birinin keçmiş xanımı idi və məndən məsləhət alandan sonra uşaqlarını götürüb getmişdi xaricə”, deyə Əlövsət Əliyev bildirmişdi. Əlövsət Əliyev əlavə etmişdi ki, bundan sonra ona ciddi təzyiqlər başlayıb. Bu baxımdan da ölkəni tərk etmək məcburiyyətində qalıb.