AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənlinin iyulun 4-ə təyin edilən məhkəməsi təxirə salınıb. Şəmkir Rayon Məhkəməsində keçirilməli olan proses iyulun 12-ə təyin edilib.
Bu barədə “Azadlıq”a AXCP Mətbuat Xidmətindən bildirilib.
2 saylı Gəncə istintaq təcridxanasında saxlanılan Ş.Həsənli barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb. Ş.Həsənli martın 31-də Şəmkirdə dostunun evində olarkən saxlanılıb. Həmin gün günorta dostugilə dincəlməyə gələrkən həbs edilərək bölməyə aparılıb və orada gödəkçəsinin cibindən kağıza bükülmüş beş ədəd doqquz kalibrli güllə tapılıb. Gəncə Apelyasiya Məhkəməsi həbs-qətimkan tədbirindən verilən şikayəti təmin etməyərək birinci instansiyanın qərarını qüvvədə saxlayıb.
Ş.Həsənli və müdafiəçiləri ona qarşı irəli sürülən ittihamların saxta və əsassız olduğunu bildirir.
Şahin Həsənlinin məhkəməsi təxirə salındı
•
•