Bircə ayağı sevindirmək

Gətirdiyi yeni idman ayaqqabılarını vitrinə yerləşdirən bir satıcı. Kənarda onu həsrətlə izləyən bir uşaq. Qoltuq ağacına söykənmiş, şalvarının bir ayağı dizindən aşağı boşluğa sallanan uşağın gözləri təzə ayaqqabılara dikilib. Satıcı öz işiylə məşğul olsa da, diqqəti vitrinə baxan uşaqda.
Ayaqqabıları yerinə düzüb qurtardıqdan sonra uşağa səslənir: “Balaca, ayaqqabı almağı düşündünmü? Builki modellər möcüzədir”. Uşaq: Doğrudan, çox gözəldirlər. Ancaq mənim bir ayağım yox ki…" Əhəmiyyətli deyil, bu dünyada tam insan yoxdur ki. Kiminin əli əskik, kiminin ayağı, kiminin ağlı, ya da imanı"- deyir satıcı. Sonra ayaqqabılardan birini təkidlə ona geydirir, alması üçün israr edir. Uşağın heç pulu yox, çarəsiz: “Mən alsam, ayaqqabının o biri tayı işə yaramaz. Onu kim alacaq ki?”- deyir. – Amma uzatdın ha, onu da sağ ayağı olmayan bir uşağa sataram" cavabını verir adam. Sonra da israrla ayaqqabını uşağa geyindirib onu yola salır…
Bu, bir hekayədəndir, insanların, daha doğrusu insanlığın yazdığı hekayədən. Milyonlarınız olsun, içinizdə mərhəmət, insaf, sevgi olmadıqdan sonra bir şeyə yararmı? Inanın, yaramaz. Uzağı o milyonlarınızla üst-başınızı bəzəyər, görünüşünüzə əl gəzdirərsiniz. Heç bir sərvət və maddi zənginlik böyük dəyərləri almağa yetməz. Heç bir pul-para  insanlıq qazandıracaq qədər qiymətli də ola bilməz. Insanlığı heyrətləndirəcək qədər təbəqələşmiş bir məkanda yaşayırıq. Elə bir məkanda ki, böyük çoxluq bu yazdıqlarımdan daha artıq “insanlıq ölmüş” ümidsizliyinə qapılmış. Onları qınamağa haqqım varmı, bilmirəm. Amma bu  zəngin, məhsuldar, dolu ölkədə boşluğun içinə düşmüş kimi yoxsul, çarəsiz yaşamaq bir yerdə qol-qanadını qırır əlbət insanların. Ya öz günahları üzündən olsun, ya başqalarının, önəmli deyil. Önəmli olan ortadakı gerçəkdir, insanların kədər, sıxıntı, ehtiyac içində yaşadığı acı gerçək. Əslində, biz hamımız bu gerçəyin bir vintiyik, bu və ya başqa dərəcədə səbəb olmuşuq onun oturuşub qalmasına.
Bir ətrafa baxsanız, yan-yörənizə boylansanız, nədən danışır çevrənizdəki insanlar? Böyük yerlərdə oturan adamların gəzdirdikləri yüz minlik saatlardan, on minlik telefonlardan, geyindikləri neçə minlik paltarlardan, içdikləri neçə yüz minlik şərablardan, yaşadıqları neçə milyonluq mülklərdən…
Bəli, biz sanki böyük gəlir gətirən qaynaqlara sahib bir ölkənin yoxsullar məhəlləsinin sakinləriyik. Gündəlik güzəran ehtiyaclarını ödəyə bilməyən, işsizlikdən dərd-qəm içində itib-batan, kasıblığı az qala çıxılmazlıq kimi qəbul edən çoxluğun məskun olduğu bir məhəllənin. Milyardları ovcunda cəmləşdirmiş kiçik azlığın təmtəraqlı imarətləri uzaq görünür buralardan. Hasarlanmış, kilidlənmiş, gizlənmiş o imarətlərin içindəki həyat bambaşqadır. Orada yalın ayaqları, çılpaq əyinləri, boş zənbilləri düşünən yoxdur. Orada boş əliylə dolu vitrinlərə həsrətlə göz dikənləri görən gözlər də yoxdur. Buna bir görməzdən gəlmək, bir vecsizlik, bir harınlıq da demək olar, bir insafsızlıq, bir qansızlıq, bir daşürəklilik demək də.
Bəlkə deyəcəksiniz ki, dünya yaranandan zənginlərlə kasıbların arasındakı uzanan sərhəd xəttidir elə. Haqlı ola bilərsiniz. Lakin kimsə halal yollarla milyonlar qazanıb zəngin olmağın əleyhinə deyil. Maddi zənginliyin özü də dünyanı gözəlləşdirən və insan həyatını rahatladan bir imkandır, təbii. Ancaq insanların haqqından oğurlanan və boğazından kəsilən haram hesabına yaşanan lüks həyat zəhər olub içindəkiləri boğar bir gün. Haram və zülm tifaqı, heç şübhəsiz, yıxılar bir gün, altında qalarsınız. Ancaq insan olub hər şeyin fövqündə də qala bilərsiniz, o bircə ayağı sevindirən satıcı kimi…