Yaxud «Yeni Müsavat» kimin «tırka»sına gedir?
Iki gün öncə “”Yeni Müsavat"ın peşimançılığı" başlıqlı yazı dərc etmişdik. Qəzetin yazarı Xalid Kazımlı da sərt suallara tərs cavablar verib. Daha doğrusu müəllif hesab edib ki, cavabları tərsdir. Əslində, cavabdan yayınmaq üçün cavab verməyin özü də bir istedaddır. Müəllifin nə demək istədiyi, hansı mətləblərə işarə vurduğu aydındır. Bəzi məqamları başa düşürük və bilirik ki, minalanmış sahədən keçmək hər adamın işi deyil.
Xalid Kazımlı əsas sualı unutdurmaq üçün əsas cavabı Cəmil Həsənlinin üzərinə yükləyib. Cəmil Həsənlinin mitinqdə Isa Qəmbərə qıyqacı baxması, onun prezident olacağı təqdirdə ölkədə ədalətsizliyin davam edəcəyi kimi arqumentlərə vaxt ayırmaq istəməzdik. Bu tamam başqa mövzudur və bu mövzu ilə bağlı başqa bir yazıda polemikaya girmək olar.
Bizim yazımızın əsas məqsədi səhvlərin və yanlışların fərqli münasibətlərə yol aşmasının cavabını tapmaq idi. Yəni Cəmil Həsənli haqqında mənfi informasiya əldə edən kimi hücuma keçənlər, Ilham Əliyev haqqında mənfi faktlar eşidəndə niyə müdafiəyə çəkilirlər?
Xalid Kazımlı da bu suala belə cavab verib ki, biz Ilham Əliyevin vəkili deyilik. Daha sonra etiraf edib ki, biz “tırka”ya gedib radikal müxalifət olan da deyilik. Daha sonra isə bildirib ki, biz aşa bilməyəcəyimiz divara kəllə vurmuruq. Ən nəhayət bizim qanqallığa, özlərinin isə gülüstanlığa çıxacağının proqnozunu verib.
Təşəkkür edirik. Sətiraltı da olsa, bəzi etiraflar edilib. Amma bir neçə məqama aydınlıq gətirmək istəyərdik.
Birincisi, Ilham Əliyevdən yazmaq üçün onun vəkili olmaq vacib deyil. Özünü müstəqil adlandıran, eyni zamanda müxalifyönlü hesab edən qəzet hakim ailənin korrupsiya əməllərindən də, Londonda tapılan mülkündən də, Bakıdakı banklarından da yazmağa borcludur. Çünki, bütün bu məsələrdə söhbət dövlətin və millətin maraqlarından gedir.
Ikincisi, Ilham Əliyevin olan banklarından yazmayan qəzet, Əli Kərimlinin olmayan bank hesablarından necə yaza bilir? Bəlkə Əli Kərimli “Yeni Müsavat”ı vəkil seçib?
Demək istədiyimiz budur ki, iri məmurlardan, hakim ailədən yazmaq yox, yazmamaq vəkillik etməkdir. Yəni bu gün “Yeni Müsavat” hökumətin zəif yerlərini gizlətməklə məşğuldur ki, bu da hökumətə vəkillik etməkdir.
Əslində bu gün “Yeni Müsavat” qəzetinə ittihamlar bu qəzetin dəyişməsinə görə deyil. Insanları qıcıqlandıran budur ki, niyə olduğunuz kimi görünmürsüz. Bir halda ki dəyişmisiz, divara kəllə vurmaq istəmirsiz, gülüstanlıq arzusundasız, o zaman bunu açıq şəkildə edin. Müxalifət donunda iqtidar rəqsi oynamaq ədalətsizlikdir axı. Biz başa düşürük ki, bu qəddar rejimlə üz-üzə dayanmaq cəsarət tələb edir. Onu da başa düşürük ki, ön cəbhədə olmaq güllələri qəbul etməkdir. Amma ön cəbhədən qaçıb səngərdəkiləri arxadan vurmaq xəyanətdir və bunu demək lazımdır.
Ona görə də “Yeni Müsavat” açıq oynamalıdır və kimin əmisi oğlu olduğunu göstərməlidir. Düzdür, bu siyasət andırın öz qaydaları var. Amma heç bir andır mənəvi aşınmaya, vicdanlı insanları ləkələməyə haqq qazandırmır.
Bizim “tırka”mıza gedib müxalifətçi olmayanlar, hökumətin “tırka”sına gedib müxalifətə qarşı ola bilirlər.
Bəli, hamı düz bildiyi yolla getməlidir. Amma əyri yolu “müqəddəs yol” kimi göstərməməlidir. Birdə ki, gülüstanlığı hamı sevir. Amma gülüstanlığa şərin saldığı cığırla yox, xeyirin qanqallığı ilə getmək şərəflidir.
Akif


