Maykl Frostun açıqlamaları iqtidarda təşvişə səbəb olub
Avropa strukturlarının Azərbaycan hakimiyyətinə tənqidləri bitməmiş Birləşmiş Millətlər Təşkilatından iqtidar üçün xoşagəlməz bəyanatlar eşildilməkdədir. BMT Insan Haqları Şurasının insan haqları müdafiəçilərinin vəziyyəti ilə bağlı xüsusi məruzəçisi Maykl Forst “Azadlıq” Radiosuna müsahibəsində işarə vurub ki, artıq Azərbaycan hakimiyyətilə danışıqlar mümkün deyil: “BMT Insan Haqları üzrə Ali Komissarının açıqladığı bəyanatda da aydın deyilir ki, komissar ölkə prezidenti, xarici işlər naziri ilə görüşsə də, nəticə olmayıb.
Bu yaxınlarda Avropa Şurasının rəsmiləri Azərbaycanda yüksək səviyyəli rəsmilərlə görüşlər keçiriblər. Avropa Birliyinin nümayəndələri ictimaiyyətə məlumat verməsələr belə, onlar da Azərbaycana səfərlər ediblər, eyni mövzu ilə bağlı danışıqlar aparıblar. Bundan başqa Avropa Birliyi Parlamenti və Almaniya parlamentinin bəyanatları göstərdi ki, Azərbaycana qarşı kütləvi beynəlxalq təzyiq var.
Buna baxmayaraq, belə görünür ki, qanunun aliliyi hökumətin gündəliyində deyil. Jurnalistlər, hüquq müdafiəçiləri ümumiyyətlə müdafiə olunmurlar.
Biz Jurnalistlərdən, həmkarlarımızdan onların ölkəyə daxil olub, işlərini davam etdirə bilməməsi ilə bağlı çoxlu məlumatlar alırıq. Ölkə daxilindəkilər isə hədəfə çevrilir, hədələnir, həbsə atılır, ordakı ictimai fəalların da hakimiyyətə təzyiq etmək imkanı yoxdur".
Maykl Forst bildirib ki, Azərbaycan hakimiyyəti təcrid olunmuş vəziyyətdədir: “Azərbaycan hökuməti hazırda izolyasiya olunub. Amma ölkə bu vəziyyətdə illərlə qala bilməz. Bir yekun qərar verilməlidir: qərarın nə vaxt və necə veriləcəyini bilmirəm, amma Azərbaycanın gələcəyi ilə bağlı optimistəm”.
Bununla belə Mayk Frosta görə bu situasiya Azərbaycan iqtidarı üçün davamlı deyil: “Onlar indi izolyasiya oluna bilərlər. Yaxın aylarda ölkədə vəziyyət dəyişməli olacaq. Hazırda mən ölkəyə getməyə çalışıram. Azərbaycanın BMT-dəki daimi nümayəndə heyəti ilə görüşdüm və missiyanın məqsədini onlarla müzakirə etdim. Mənə Bakıya 2016-cı ildə səfər etməyi təklif etdilər. Bildirdim ki, bu, mənim üçün uzaq tarixdir, indi getmək, hakimiyyətlə müzakilər aparmaq istəyirəm. Prosedur olaraq daha sonra biz səfərin miqyasını, mövzuları müzakirə edəcəyik. Onlara deyəcəyik ki, biz həbsxanalara baş çəkmək istəyirik. Əksər hökumətlər bir qayda olaraq bunun təhlükəli olduğunu deyirlər, bizi çəkindirməyə çalışırlar, çoxlu bəhanə gətirirlər ki, ölkədəki vəziyyətin tam mənzərəsini görə bilməyək”.
Maykl Frost həmçinin bildirib ki, o Azərbaycandakı baş verənləri gözlərilə görmək istəyir: “Məni ölkənin içərisindən danışmaq, səfərimin yekunlarına dair Bakıdan bəyanat vermək istəyirəm: istəyirəm ki, ordakı vəziyyətlə tanış olum, baş verənləri gözlərimlə görüm, rəsmilərlə görüşüm. Bu səfər mənimçün bir imkan olacaq ki, ölkənin içərisində hüquq müdafiəçiləri, hüququn aliliyi uğrunda vuruşmağa çalışanlarla görüşüm və sonra Insan Haqları Şurası üçün hesabatı hazırlayım.
Daha sonra hesabat əsasında Şurada müzakirələr keçiriləcək, həm deputatların, həm də Azərbaycan rəsmilərinin müzakirədə iştirak imkanı olacaq və beləliklə, Azərbaycanın məsələsi beynəlxalq ictimaiyyətin gündəminə gələcək".
BMT rəsmisinin bu açıqlamaları hakimiyyətdə ciddi narahatlıq yaradıb. Iqtidar ölkədəki insan haqları ilə bağlı vəziyyətin artıq BMT kimi mötəbər bir qurum diqqətində olmasından ciddi təşviş keçirir. Eyni zamanda Maykl Frostun mesajları Azərbaycanla bağlı ciddi qərarların veriləcəyini deməyə əsas verir. Bu qərarlar isə təbii ki, hakimiyyətin maraqlarına uyğun olmayacaq. Iqtidar da bunun fərqindədir.



