Azərbaycanın ərazi bütövlüyünü tanıyanlar necə erməni ola bilərlər?
Hakimiyyət bütün komandası ilə Avropanın üzərinə hücuma keçib. Hökumət mətbuatı, telekanallar, hökumətə yarınanlar hamılıqla Avropa Parlamentinin, Almaniya Bundestaqının gözdən salınması ilə məşğuldu. Xüsusilə, Almaniya Bundestaqında qəbul olunmuş qətnamə hakimiyyəti möhkəm narahat edib və Almaniyaya qarşı xüsusi hücum planı işlənilib.
Maraqlısı budur ki, məlum qətnamədə Azərbyacanın ərazi bütövlüyü tanınıb, Ermənistanın işğalçı olduğu göstərilib və vaxtilə Ermənistandan didərgin salınmış 250 min Azərbaycan vətəndaşının taleyinə də işıq salınıb. Sadəcə olaraq qətnamədə Azərbaycandakı müəyyən neqativ hallar da öz əksini tapıb və haqlı iradlar yer alıb. Məhz bu iradlara görə hakimiyyət Azərbaycanla bağlı önəmli bəndləri də görməzdən gəlib.
Milli Məclisin hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli məlum qətnaməni erməni lobbisinin fəaliyyəti kimi qiymətləndirib: “Bununla demək istəyirəm ki, biz bu ittihamları təkcə ona görə rədd etmirik ki, hazırda ölkəmizdə mötəbər idman tədbiri keçirilir, biz bu ittihamları, ümumiyyətlə, hər zaman əsassız, uydurma və qərəzli hesab edirik. Almaniya Bundestaqında keçirilən müzakirələr zamanı Azərbaycan əleyhinə çıxış etmiş deputatların kimliyinə nəzər salsaq görərik ki, bu işin təşkilatçıları erməni lobbisi və Azərbaycanın müstəqilliyi əleyhinə olan xarici dairələrdir”- deyə Əli Hüseynli bildirib.
Deməli, belə çıxır ki, erməni lobbisi ermənilərin əleyhinə qətnamə qəbul etdirib. Bu qədər absurd ittiham yalnız Azərbaycan hakimiyyətinin ağlına gələ bilər. Sənəddə faktiki olaraq Azərbaycanın ərazi bütövlüyü tanınır və bu hissələr Ermənistanın əleyhinədir. Amma hakimiyyət təmsilçiləri ünvanlarına gələn tənqidlərə görə bu qədər absurda imza atırlar. Əgər bu sənəddə Azərbaycana qarşı qərəz olsaydı, heç vaxt Ermənistanın işğalçı olduğu göstərilməzdi. Əksinə, hakimiyyətin bu mövqeyi sübut edir ki, dövlətə qarşı qərəzli olan məhz hakimiyyətin özüdür.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da Azərbaycana qarşı qeyri-obyektiv tənqidlərin səslənməsinə hazırlaşdıqlarını bildirib: “Bilirik ki, müxtəlif qüvvələr, xüsusilə də erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı həqiqətdən uzaq məlumatların yayılması ilə məşğuldurlar. Biz buna qarşı müxtəlif addımlar, çıxışlar hazırlayırıq”.
Deməli, hakimiyyətin xoşuna gələn məqamlar obyektiv, xoşuna gəlməyənlər qeyri-obyektivdir. Azərbaycanla bağlı əsas məsələ obyektivdirsə, hakimiyyətə qarşı hər hansı tənqid niyə qeyri-obyektiv olmalıdır? Deməli, hakimiyyətin siyasətində ciddi qüsurlar var və bu da deyilməlidir. Azərbaycan hakimiyyəti isə özünü elə aparır ki, guya idealdır.
Bir sözlə, Səməd Seyidovun və Əli Hüseynlinin səsləndirdiyi fikirlərdən də aydın olur ki, antiAvropa kampaniyası dövlətin və millətin maraqları üçün deyil, hakimiyyətin ayağının tapdalanması üçün aparılır. Eyni zamanda Ermənistanın əleyhinə olan qətnaməni “erməni lobbisi” ilə əlaqələndirmək də hakimiyyətin hansı təfəkkürdə olduğunu ortaya qoyur.
Azad



