Milli Şura Avropa Məhkəməsinin qərarını alqışladı və…

Hakimiyyəti məcburi köçkünlərin şikayətlərini bu instansiyaya kütləvi çıxarmaq üçün hərəkətə çağırdı
 

Milli Şura Avropa Məhkəməsinin bir neçə gün qabaq 6 nəfər azərbaycanlı məcburi köçkünün Ermənistana qarşı şikayəti üzrə çıxardığı qərarla bağlı bəyanat verib.
 
Söhbət Avropa Məhkəməsi Böyük Palatasının iyunun 16-da  “Çıraqov və başqaları Ermənistana qarşı” şikayət ərizəsi üzrə çıxardığı qərardan gedir. Həmin qərarla 6 nəfər Laçın rayon sakininin 1992-ci il mayın 17-də zorla evlərindən qovulduqları, mülkiyyətlərini ermənilərin ələ keçirdiyi haqda 2005-ci ildə Avropa Məhkəməsinə etdikləri şikayət təmin olunur. Qərarda göstərilir ki, şikayətçilərə qarşı Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələri davamlı pozulub. Məhkəmə Ermənistanın Dağlıq Qarabağ və ona birləşik ərazilərə effektiv nəzarət etdiyini və nəticədə Laçın rayonunun Ermənistanın yurisdiksiyası altında olduğunu təsdiq edib, müvafiq beynəlxalq sənədləri nəzərə alaraq, Dağlıq Qarabağda insan hüquqlarına görə hüquqi məsuliyyəti Ermənistanın daşıdığını bildirib.
 
Milli Şuranın bəyanatında bildirilir ki, Avropa Məhkəməsinin gec də olsa, belə bir qərar verməsi təqdir olunmalıdır. Bu qərar göstərir ki, Avropa Məhkəməsi həqiqətən də hüququn aliliyi prinsipi ilə hərəkət edir və Avropa strukturları heç də Azərbaycan hakimiyyətinin təbliğ etdiyi kimi, hansısa başqa təsirlər altında, o cümlədən erməni lobbisinin təsiri ilə ölkəmizə qarşı fəaliyyətdə deyil. Əksinə, Avropa Məhkəməsi də, Avropanın başqa strukturları da Azərbaycanda insan haqlarına dair qaldırdıqları məsələlərdə səmimidirlər.
 
Bəyanatda vurğulanır ki, bu qərar Azərbaycanda siyasi məhbusların mövcudluğu və siyasi haqların pozulduğuna dair Avropa strukturlarının müvafiq qərarları da obyektiv gerçəkliyə və ədalət prinsipinə söykənir.
 
Milli Şura təəssüflə bildirir ki, Azərbaycan hakimiyyəti ölkəyə gələn böyük pulları süni inkişaf görüntüsü yaradan layihələrə israf etdiyi halda, doğma ev-eşiklərindən zorla didərgin salınan minlərlə soydaşımızın hüquqlarını Avropa Məhkəməsi səviyyəsində müdafiə məqsədilə hər hansı dövlət proqramı həyata keçirməyib. Əgər belə bir proqram işlənsəydi, indi Avropa Məhkəməsi azərbaycanlı məcburi köçkünlərdən yalnız 6 nəfərin yox, minlərlə insanın şikayətini təmin edən qərarlar verərdi.
 
Bu illər ərzində Azərbaycanın ədliyyə sistemi ölkədə azad düşüncəli insanlara, müxalifət fəallarına qarşı cinayət maddələri düzəltməyə səfərbər olunmayıb, ermənilər tərəfdən hüquqları pozulmuş məcburi köçkün soydaşlarımızın beynəlxalq səviyyədə müdafiəsini təşkil etsəyid, indi fəqli nəticələrlə üz-üzə olardıq.
Milli Şura Azərbaycan hakimiyyətini gec də olsa, məcburi köçkünlərin pozulmuş hüquqlarının Avropa Məhkəməsi səviyyəsində müdafiə olunması, onların bu beynəlxalq hüquq instansiyasına kütləvi müraciətinin təşkil edilməsi üçün müvafiq tədbirlər görməyə çağırır.