“İt damı qoyun yatağı deyil”

Orxan Valehli
 

Əvvəllər belə bir çətinliyimiz vardı. Müxalif düşərgəyə yeni qoşulan insanların eyni suallarına təkrar-təkrar cavab verməli olurduq. Yeni gələnlərin əsas sualları müxalif düşərgənin içində lövbər salan gizli hakimiyyət qulluqçularına aid olurdu adətən. Bəzən verdiyimiz cavablara inanırdılar, bəzən də yox. Heç qınamırdıq da. Bilirdik ki, zaman keçdikcə özləri müşahidə edib görəcəklər hər şeyi. Ancaq gəlin baxaq görək, bu gün hansı vəziyyətdir? Düşünürəm ki, indi belə bir çətinliyimiz yoxdur. Artıq bu sualları verən də yoxdur. Rauf Arifoğlu və onun kimiləri başda olmaqla, bu çətinliyin aradan qalxmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. İstehzayla yox, tam səmimi təşəkkür edirəm. Son olayları nəzərə alsaq, onlar bütün maskaları çıxarıb atdılar bir kənara. Məncə, belə də lazım idi. Deputat olmaq istəyən, axı niyə başqa yollara əl atmalıdır? Belə bir deyim də var ki, "gördüyümü qoyub, görəcəyə niyə gedirəm?". Çıx efirə və Milli Şura sədri ilə AXCP sədrinə böhtan at, deputatlığa yer təminatı al. Bundan sadə yol varmı? Varsa, siz deyin, onlar da etsin. Yoxsa ki, onları qınamağa haqqınız yoxdur.
 
Yaxşı bilirsiniz ki, bir insanın yanından keçərkən ona "şərəfsiz" desən, iki halda cavab verəcək. Ya, o insan şərəfsiz olub sözü öz üzərinə götürüb cavab verəcək, ya da ki, "şərəfsiz" deyənin özü şərəfsiz olacaq. Sən isə məcbur da olsa, cavab verəcəksən ki, get güzgünü qoy qarşına, ondan sonra kimisə təhqir et.
 
Sevdiyim yazıçılardan biri olan Maksim Qorki "Ana" romanında deyirdi ki, "it damı qoyun yatağı deyil, hər it bir cür hürür". Əslində , bu qısa cümlənin içərisində çox məna var. İnsanı düşünməyə vadar edir. Hər kəsin fərqli tərəflərdən anlayacağı bir cümlədir. Bir çoxlarının sayəsində, mən də Maksim Qorkini anladım. Ancaq buna sevinmirəm. Kaş ki, anlamaz olaydım …
 
Səmimiyyətimə inananlar üçün kiçik bir qeyd edəcəm. Cəbhəyə təzə gəldiyim vaxtlardır və çox şeydən xəbərsizəm. Bir status yazıram, görürəm bir-iki nəfər eyni adam , hər dəfə girib Əli Kərimlini təhqir edir. Ən maraqlısı da budur ki, bu adamlar da özünə cəbhəçi deyir. Mən haradan biləydim ki, KXCP adında bir partiya var və burada olan bəzi insanların işi-gücü Əli Kərimliyə müxalif olmaqdır. Sonralar mənə çatdı ki, vəziyyət nə yerdədir. İndi mənə gün kimi aydındır ki, bunların əsil istəyi və məqsədi nədir. Hə, əzizlərim, deməyim ondadır ki, Əli bəylə Cəmil bəyi təhqir edən adam görsəniz, mütləq və mütləq onun siyasi mənsubiyyətini araşdırın. Həmin adam hər hansısa partiyaya üzv olmasa, deyin ki, Orxan Valehli heç nə bilmirmiş. Bunu deməyə əsaslarım çoxdur. İndiyə qədər görmədim ki, sadə vətəndaşlar bu insanları təhqir edə. Xalq sussa da, həqiqəti deməkdən qorxsa da, onun üçün kimlərin vuruşduğunu yaxşı bilir.