Iş adamının özünün isə növbəti dəfə «Bandotdel»ə çağırıldığı bildirilir
“Xəzər Adaları” layihəsinin tikintisində iştirak etmiş və əmək haqlarını aylardır ala bilməyən işçilər etiraz aksiyası keçirib. Dünən saat 10:00-dan etibarən “Xəzər Adaları” ərazisində yerləşən restoranın qarşısına toplaşmış 200-dək işçi Hacı Ibrahim Nehrəmlidən əmək haqlarının ödənilməsini tələb ediblər.
Şirkətin keçmiş işçilərindən birinin “Marja”ya verdiyi məlumata görə, Hacı Ibrahim işçilərin qarşısına çıxıb.
O, “Günortadan sonra fevral-mart ayı üzrə qalmış əməkhaqqı borcları ödəniləcəkdir” deyib.
“Avesta Consern”nin işçiləri may ayının ortalarına qədər işləyiblər. Bundan sonra layihədə tikinti işləri dayandırılıb və işçilərə işə gəlməmək tapşırığı verilib.
Işçilərin çoxu əmək müqaviləsi bağlanılmadan işlədildiklərini bildirirlər. Iddialara görə, müəyyən bəhanələr edilərək işçilərin maaşları kəsilir.
Azadlıqa daxil olan məlumatlara görə isə bir neçə gün əvvəl Hacı Ibrahim Nehrəmli növbəti dəfə DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə çağırılıb. Ondan kredit borcunun ödənilməsi tələb olunub. Hacı Ibrahim Nehrəmli isə əlində olan pulu borcun dəbbəsinə verdiyini bildirib və qısa müddətdə krediti ödəyə bilməyəcəyini deyib. Bu halda Hacı Ibrahim Nehrəmlinin diqqətinə həbs olunacağı çatdırılıb. Iş adamı isə öz növbəsində “Pulum yoxdur, həbs edirsiniz, edin” deyə bildirib. Məlumatda deyilir ki, bundan sonra Hacı Ibrahim Nehrəmliyə daha bir şans tanınıb.