Novruz Məmmədovdan əcaib açıqlama

«Hər tərəfdən təzyiqlər varsa, deməli, ölkə düzgün yoldadır»

Azərbaycan hakimiyyəti dövlətin imicini tamam məhv etməkdə israrlıdır. Bu qədər beynəlxalq təzyiq, tənqid, islahat çağırışlarından sonra heç bir nəticə çıxarılmır. Guya, bunların öz yolu var. Bu “yol” isə Azərbaycanı dünyadan təcrid edir, ölkənin gələcəyini təhdid altına salır. Qeyd edək ki, hazırda Azərbaycana qarşı təzyiqlərin əsas səbəbi siyasi məhbusların azadlığı və insan haqları ilə bağlıdır. Yəni bütün dünya Əliyev hakimiyyətindən vətəndaşa hörmət tələb edir.

Hakimiyyət isə yeni və biabırçı arqumentlərlə silahlanıb. Indi də PA-nın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov yeni aforizm kəşf edib və öz “tvitter” səhifəsində yazıb: “Hər tərəfdən müxtəlif xarakterli təzyiqlərə və hücumlara məruz qalırsansa, deməli, ölkə düzgün yolla irəliləyir”.

Bəli, hakimiyyət uzun müzakirələrdən sonra qərara gəlib ki, düz yoldadır. Yəni vətəndaşa zülm etmək, repressiv siyasət yürütmək, ölkənin sərvətlərini ofşorlara daşımaq, təhsili, səhiyyəni məhv etmək, ölkəni məmurlar arasında bölüşdürmək, müstəqil mətbuatı sıradan çıxarmaq, seçkiləri saxtalaşdırmaq düzgün yolun göstəricisidir. Novruz Məmmədovun məntiqindən belə çıxır ki, Almaniya, Fransa, Kanada, Norveç, ABŞ, Ingilətərə və başqa ölkələr səhv yoldadılar. Deməli, vətəndaşına yüksək əmək haqqı verən, insan haqlarına hörmətlə yanaşan, vətəndaşını şərləməyən ölkələr səhv yoldadır.

Təbii ki, bu yalnız Novruz Məmmədovun düşüncəsi deyil, mövcud sistemin ümumi qənaətidir. Daha doğrusu hakimiyyətin arqumentsizlikdən doğan “arqument”idir. Əslində Novruz Məmmədov bu açıqlaması ilə rejimi ifşa edir. Çünki, Bəşər Əsədin, Qəzzafinin, Mübarəkin dügün yolda olduğunu təsdiqləyir. Və məlum olur ki, bunlar üçün düzgün yol diktatura yoludur.

Diqqət etmisinizsə, hakimiyyət təmsilçiləri heç bir ittihama mahiyyəti üzrə cavab verə bilmir. Bütün dünya ölkədəki korrupsiyadan, siyasi məhbuslardan, sifarişlə hökm çıxaran hakimlərdən, iri məmurların oğurluqlarından danışır və ortaya fakt qoyurlar. Hakimiyyət isə “inkişafımızı gözləri götürmür”, “erməni lobbisinin təsiri altındadılar” kimi iylənmiş arqumentlərdən sallaşıb.

Ancaq eyni ittihamları yerli ictimaiyyət də səsləndirir və sıravi vətəndaş da bilir ki, ölkədə hansı vəziyyət hökm sürür.

Novruz Məmmədovun bu “tvit”i isə bir daha göstərir ki, hakimiyyətin başı daşa dəysə də öz anti-xalq siyasətindən əl çəkmək istəmir və öz şəxsi maraqlarını təmin etməyə davam edəcək. Deməli, hər hansı islahat aparmaq, vətəndaşın sosial vəziyyətini yaxşılaşdırmaq, talançılıqdan imtina etmək fikirləri yoxdur.

Bütün dünya Əliyev hakimiyyətindən imtina edir, bunlar isə bu imtinanı uğur kimi qələmə verməyə çalışırlar. Istirahət etmək, müalicə olunmaq, mülkər almaq, övladlarına təhsil vermək, bank hesabı açmaq lazım olanda Avropaya sığınırlar, amma Avropadan “vətəndaşına hörmət et” tələbi gələndə antiAvropa libası geyinirlər.

Məsələ burasındadır ki, ölkədə də, dünyada da hakimiyyətin yanlış yolda olduğunu görürlər. Hakimiyyət isə daha cəmiyyəti və dünyanı aldatmağın mümkün olmadığını görə bilmir.

Samir