Azərbaycanın aqrar sektor ağrıları

Çoxillik korrupsiya rejimi, bürokratik-kriminal yönətim Azərbaycanda aqrar sektoru çıxılmaz duruma gətirib çıxarıb. Uzun illərdir aqrar sektorla bağlı yazılar yazıram. Mənim aqrar sektorla birbaşa bağlılığım yoxdur, yalnız Azərbaycanın gerçək dirçəlişində, gerçək yüksəlişində aqrar sektorun olduqca önəmli rol oynaya biləcəyini bildiyimdən bu yöndə elə hey yazılar yazıram.
Aqrar alanda ünlü ekspert Vahid Məhərrəmovun professional çıxışlarını korrupsoner-kriminal hökumət illərlə qulaq ardına vurduğu kimi, mənim gerçək bir hökumətin az-çox işinə yarayacaq yazılarımı da illərdir qulaq ardına vurmaqdadır. Qoy olsun, biz onsuz da bir çox satılmışlar sayaq kriminal rejim qulluqçuları deyil, Xalqımızın, Ölkəmizin, Dövlətimizın çıxarlarına – dirçəlişinə, yüksəlişinə çalışan kimsələrik! Korrupsioner-kriminal rejimli ölkədə yaşayırsansa, onda… çağır gəlsin dən Koroğlu. Axı, rejim korrupsioner-kriminal xarakterli olsa da, “Koroğlu yaxşı vətəndaş olub”. Ancaq, “yaxşı vətəndaş” Koroğlunun indiki rejimdə yaşamamaqda baxtı yaman gətirib. Indi yaşasaydı o, sözsüz, Tofiq Yaqublu, Leyla Yunus, Intiqam Əliyev, Seymur Həzi kimi YAXŞI VƏTƏNDAŞLARLA türmə-kamera yoldaşı olacaqdı. Korrupsioner-kriminal rejimdə yalnlz ölmüş Koroğlular YAXŞI

VƏTƏNDAŞ sayılır…

Kənd təsərrüfatı ilinə sözönü

Bu ilin başlanğıcında fermer dostlarımdan birilə görüşdüm. O məni indiyədək görünməmiş könül coşqusuyla qarşıladı: “Bilirsiz də, Ilham Əliyev bu ili Kənd təsərrüfatı ili adlandırıb…” Özümü saxlaya bilməyib tezcə soruşdum: “Bu nə deməkdir?” Dostum inamla bildirdi: “Demək, bu il başqa illərdən olmayacaq, dövlətimiz, hökumətimiz bizə qayğı göstərəcək, bizsə bol məhsul yetişdirəcəyik!” Onun, əlləri qabarlı, əkinçi uğursuzluğundan cibləri, təknəsi boş fermer dostumun, illərlə ələdüşməz olan könül coşqusuna daha çox coşqu qatmaq istəyində olsam da, illərlə gördüyüm, bildiyim rejim gerçəyinə yenilmək istəmədim: “Dostum, Ilham Əliyev bu ili ”Kənd təsərüfatı ili adlandırıbsa, bilməlisiz: bu il sizin kənd təsərüfatınız qabaqkı illərdəkinən qat-qat ağlamalı günə qalacaq!" Dostum üzümə uzun-uzadı tərs-tərs baxandan sonra incik-incik dilləndi: “Siz müxalifətçilər…” Hə, biz müxalifətçilər – gerçək müxalifətçilər! – ölkəmizi ildən ilə hər baxımdan geriyə, geriliyə, uğursuzluğa sürükləyən bir gerçəyin yağısı-müxalifətiyik!
Iş elə gətirdi, bugünlərdə o fermer dostumla yenidən görüşdük. Üzü yanmış, arıqlamış, əllərinin qabarı daha da artmışdı. O məni ötən yolku uğurlu əkinçi-biçinçi coşqusuyla deyil, üzgün durumda qarşıladı: “Doğru deyiblər, öz ölkəndə peyğəmbər ola bilməzsən, ilin başlanğıcında dedikləriniz bütünlüklə doğruldu; biz batıb gedirik…” Düzü, ilin başlanğıcında ona nə dediklərimi çoxdan unutmuşdum. Bir-bir yada saldı. Stolunun üstündə çoxlu “Azadlıq” qəzeti vardı, qəzetin bütün yaxın sayları. Ona sataşmaq üçün: “Əkininiz ”Azadlıq"ı oxumaqdan batır",- dedim. O isə: “Hakimiyətimiz də qəzetləri, teleradioları ilə birgə ”Azadlıq" kimi doğru yol tutsaydı, bu günə qalmaz, belə boş-boşuna özümüzü oda-közə vurmazdıq deyə, qabar bağlamış əllərini göstərdi. Əkinçinin əlləri az-çox qabar bağlamalıdır, ancaq o qabar illik qazanc baxımından boş-boşuna olmamalıdır. Bunun üçünsə, bütün qabaqcıl, gəlişmiş ölkələrdə olduğu kimi dövlət əkinçiyə bütün gərəkən yardımları göstərməli, il boyu əkinçiyə yoldaş olmalıdır. Əkin də, əkinçi də yalnız bu yolla dövlətin dayanıqlı gücünə, güvəncinə çevrilə bilər.

Günümüzün əkin, əkinçi gerçəkliyi

Baş verənlərdən göründüyü kimi, prezident Ilham Əliyev, bütün başqa oxşar işlərdə-görsənişlərdə necə, indi də elə: öncə dediyini – 2015-ci ili “Kənd təsərüfatı ili” adlandırmasını çoxdan unudub. Indiyədək dönə-dönə belə olub: hansı iləsə nəsə ad verilib, sonra da adın, ada bağlı işin yerini… unutqanlıq tutub!
Indiyədək ortada “Aqrolizinq” SC ilə yanaşı, bir quldur qurum da vardı – “STZ Aqro” MMC. “Aqrolizinq” kimi Aqro MMC də fermerləri soyub-yağmalayırdı. Di gəl, ölkədəki korrupsiya-monopoliya çıxılmazlığından fermerlər az da olsa qazanc üçün “Aqro” MMC ilə bağlaşma bağlayır, bağlaşmaya uyğun olaraq ikincidən “ölmə-dirilmə” yardımlar ala bilirdi. Bu il yenə bağlaşmalar bağlanmış, gözlər “Aqro” MMC-nin çox da yetərli olmayan yardımlarına dikilmişdi. Yetərli-yetərsiz, işin ucu aşılmaz dağa dirənən yerdə çox yetərli olmayan yardımın özü də bütünlüklə yardımsızlıqdan yaxşıdır. Yaxşıdır, ancaq “kənd təsərüfatı ilində” yaxşı qazanc gözləyən əkinçi-fermer üçün yox! Bizdə indilər əkinçilikdə elə bir qazanc yoxdur, indi bizdə böyük qazanc adamları tutub damlamaqdadır. Belə olur: qabaqca oğru-əyrilərə yaşıl işıq yandırılır, qudurub cızığından çıxanadək onlara hakimiyət-dövlət qayğısı göstərilir, sonra onları tutur, “oğrudan oğruya halaldır” prinsipi ilə soyub buraxırlar. “STZ Aqro”nun başında duran Cavid Muxtarovun da başına indi oxşar iş gəlib: “kənd təsərüfatı ilinin” qızğın, “yandım, çək” çağında onu tutub basıblar dama. Beləliklə, fermerləri alacaqları azacıq yardımlardan da eləyiblər. Pul, gübrə-dərman yoxluğundan əkinləri əldən gedən fermerlər Kənd təsərüfatı nazirliyindən Prezident Administrasiyasınadək başılovlu giley göndərir, teleqram vururlar. Susqunluq! Hökumət adına oliqarxiya, eləcə də davranış. Bunlar Avropa Şurası, Avropa Birliyi qarşısında yazılı-qollu öhdəliklərini yerinə yetirmirlər, onda qalmış xalq qarşısında dilucu götürülmüş öhdəlik olaq!
Bir daha demək gərəkir: ölkəni bütünlüklə bürüyən qanunsuzluq, özbaşınalıq üzündə “Aqrolizinq” də, “STZ Aqro” da soyğunçu, quldur qurumlardır. Soyğunçu, quldur xarakterli qurumlar olmaqla da onlar ölkədə aqrar sektorun gəlişməsi yerinə batması işinə qulluq edirlər – başqa ölkələrdən aqrar sektor üçün alıb gətirdikləri nə varsa hamısını aldıqlarından qat-qat baha qiymətə satmaqla. Bu sayaq faktlarla bağlı illərlə yazılan yazılar, edilən çıxışlar illərlə də qulaq ardına vurulub. Çağındaca gərəkən işləri görmək yerinə, indi, əkin-biçinin azacıq yubanma üzündən bata biləcəyi çağda, polis-prokurorluq daha çox gərəkməyən bir yerdə “qanunçuluq” axtarışına çıxır. Elə bil bilərəkdən ilin özünü (“kənd təsərüfatı ili”) batırmağa çalışırlar. Buna nə ad vermək olar: düşünülmüş sabotaj, yoxsa, saya banditizm görənəyi?!
“Aqrolizinq” ASC Belarusdan 21 min 863 dollara aldığı “Belarus” traktorunu gömrükdən bu yana 35 min 700 manata fermerlərə satırsa, bu, bu kimi faktların bir adı var: hökumət-dövlət reketi. Bundan başqa, “Aqrolizinq” Çin kimi ölkələrdən tez korlanan çox ucuz texnikanı dəyərindən qat-qat baha qiymətə gətirib satır. Bir çox faktorlar baxımından aqrar sektor “Aqrolizinq”in monopoliyasındadır. Ancaq o momopoliyanın başlıca yetkilisi “Aqrolizinqin” başında duran deyil, başında duranın başında duranıdır. Beləliklə, aqrar sektoru dirçəlməyə qoymayan bütöv bir kriminal çevrə alınır. Bu çevrənin yüksək yetkiləri, eləcə də yetərincə ayıq-sayığlığı üzündən Azərbaycanda aqrar sektor özünü qaçılmaz olaraq uğursuzluq sektoru kimi göstərməkdədir. Bu sektorda çalışanlar hakimiyətin-dövlətin kriminal xarakter daşıması üzündən özünü tutmaq üçün deyil, gerçəkdən gerçəyə bir parça çörək üçün çalışırlar – Azərbaycan kimi əkinçiliyin yüksək gəlir gətirməklə yüksək yaşayış yarada biləcəyi bir ölkədə!
Azərbaycan əkinçisinin əkəndə-biçəndə ortaqları olmasa da, yeyəndə-pay bölgüsündə oartaqları əkin yerindən Bakıyadək həndəsədəki kimi olur: kvadratdan kuba, kubdan hara… Bəlli olduğu kimi, bu pay bölgüsündə Bakının bazarlarına, həyətlərinədək polis ayrıca pay yiyəsidir. Əkinçidən südün litrini 18 qəpiyə alan hökumət suyun litrini əkinçiyə 50-60 qəpiyə satır. Bəs, min bir çətinliklə yetişdirilən pambığa qoyulan qiymət? 40 qəpik! Satanda ucuzlaşan, alanda bahalaşan xalq!

Bizə bazar tapın!

I.Əliyev BMT-nin Ərzaq-kənd təsərüfatı qurumunun baş direktoru Cose Qratsiano da Silva ilə görüşündə çox ilginc istəkdə bulunub: “Azərbaycanın kənd təsərüfatı məhsulları üçün yeni ixrac bazarları axtarılmasında, bu sahədəki çətinliklərin aradan qaldırılmasında bizə yardım edin”.  Başında Silvanın durduğu, BMT-yə bağlı qurumun göstəricilərinə görə, Azərbaycan ən geridə qalmış ölkələr sırasındadır. Başqa cür desək, Azərbaycan bir çox normalar baxımından yarıac ölkədir: bizim əkinçilik-maldarlıq yetirimiz yeməyimizi ödəmir. Belədə biz nədən “xarici” bazar avtarışına çıxırıq? Görünür, “Azərsun” (I.Əliyevin) oliqarxiyası ilə “Jalə” (K.Heydərovun) oliqarxiyasının mallarını satmaq üçün. Ancaq başqaları da ola bilər, axı, I.Əliyev son illər pambıq əkinçiliyinə də girişib. Hələ mən prezident ailəsinin böyük keçi təsərüfatını demirəm. Beş-altı il qabaq xalqın-dövlətin puluna alınan keçilər! Jurnalistlər uzun axtarışdan sonra onları prezident ailəsinin biznes imperiyasına qatılmış buldular. Indi Ağsudakı bəlli araq zavodunda boğazdan yüngülcə keçməsi üçün arağa keçi südü də qatılır.
Qabaqcıl ölkələrdə dövlətin, dövlət başçısının başlıca qayğılarından biri də xalqın qazancı üçün “xarici” bazar axtarışına çıxmaq, xalqı asanlıqla əlverişli bazarlara çıxarmaqdır. Ancaq bundan qabaq dövlət, dövlət başçısı bazara çıxarılacaq dəyərli, yetərli malı olması üçün xalqa gərəkən yardımlarda bulunur. Bizdə indilikdə dövlət özü oliqarxiya dövləti, prezident isə, bəlli olduğu kimi, baş oliqarxdır. Buna görə də xalq üçün deyil, özü üçün “xarici” bazar axtarmaq gərəyi yaranır.

Azərbaycan – aqrar ölkə… “ola bilməz”!

Çağdaş dünyada geniş yayılmış bir anlayış var: geopolitika. Geopolitika ölkənin fiziki, ekonomik, politik coğrafi özəlliklərinə uyğun olaraq yürüdülən iç, dış politikalarıdır. Bu açıdan yanaşaraq quşqusuz demək olar: Azərbaycan aqrar ölkədir. Bu baxımdan da Azərbaycanın iç siyasətində aqrar sektora ayrıca önəm verilməlidir. Neft gəlirləri bu gün var, yarınkı gün tükənə – olmaya bilər. Aqrar sektor, başlıcası da Azərbaycanda, tükənməz gəlir qaynağıdır, ancaq çağdaş, qabaqcıl dünya prinsiplərindən yanaşmaqla. Belə bir gerçəklik fonunda siz yeni Kənd təsərüfatı naziri Heydər Əsədovun dediklərinə baxın: “Dövlətin strateji inkişaf siyasəti Azərbaycanın aqrar ölkəyə, aqrar sahənin inkişafından asılı olan ölkəyə çevrilməsini nəzərdə tutmur”. Görün bu ölkənin başında kimlər, hansı baxış, düşüncə yiyələri durur! Təpədən dırnağa korrupsiyaya bürüdükləri dövlətin “strateji inkişaf siyasətindən” danışırlar. Bunların gerilikçi, feodal düşüncəsinə görə, “aqrar sahənin inkişafından asılı ölkə olmaq gerilik, geridə qalmışlıq deməkdir! Əkinçilik üçün çox da yararlı olmayan, qabaqcıl sənaye ölkəsi olaraq tanınan Hollandiya aqrar sektordan ildə 250 milyard gəlir götürür. Bu isə elə-belə başa gəlmir: düzgün, humanist, effektli siyasət, ən yuxarılardan ən aşağılaradək intellektual yönətim əkinçilik üçün çox əlverişli olmayan coğrafiyada belə, böyük gəlirlər əldə edilməsinə gətirib çıxarır. 22 illik hakimiyətləri boyunca milyardlarla neft gəlirləri içində yeni sənaye qurmaq bir yana, qurulanı da dağıdanlar indi bizə ”dövlətin strateci inkişaf siyasətində aqrar sektora yer olmadığından" danışırlar, özü də “kənd təsərüfatı ili” adlandırdıqları bir ildə. Bu nədir: xalqı ələ salmaq, yoxsa, doğurduqları rüşvət-korrupsiya kələfi içində dolaşıb qalmaq?! “Nəqliyatda intellektual idarəetmə” adına nə yaratdıqları göz önündədir. 62%-i imtahandan “2" alan oxullarla, giriş balı 200-ə endirilmiş universitetlərlə Intellektdən, intellektual ”idarəetmədən" danışırlar. Prezident adlanan kimsə isə bütün bu faktlara göz yumaraq Azərbaycanda “təhsilin yüksək səviyyəsindən” danışır.
“Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı” adıyla 51 milyard manat pul çölə atıldı, daha doğrusu, yeyilib-mənimsənildi. Uzun illər Kənd təsərüfatı naziri olaraq ölkənin aqrar sekyorunu batırmış Ismət Abbasov cəzalandırılmaq yerinə, Nazirlər Kabinetində yüksək görəvlə ödülləndirildi. Ondan az öncə 26 yaşlı oğluna onun Londonda 27 milyon dollarlıq mülk aldığı açıqlandı. Bugünlərdə I.Əliyevin Londonda 27 milyon dollarlıq mülkü (kim bilir neçəncisi) olduğu ortaya çıxdı. Görəsən, I.Abbasovun indiki görəvi neçə milyon dollara başa gəlib? Bəlkə, 27 milyon dollara! Avropa oyunları kimi “kənd təsərüfatı ili”! Biz sağollaşıb ayrılanda fermer dostum özünün də, başqalarının da başlıca istəyini bildirdi: “Məmur özbaşınalığına son qoyulmalıdır!”