Azərbaycandakı vəziyyət ABŞ mediasında; “Görəsən, Əliyev öz yaşayışı ilə sadə azərbaycanlıların yaşayışı arasındakı kəskin fərqi görürmü?”
Beynəlxalq media Bakıda keçirilən Avropa Oyunları fonunda Azərbaycanda tənqidçi jurnalistlərə, siyasi fəallara qarşı repressiyalarla yanaşı, bu ölkədə hakimiyyətin korrupsiyasını, neft pullarının təyinatı üzrə xərclənməməsini də araşdırıb. ABŞ mediası Azərbaycandakı sosial-iqtisadi durumu təhlil edərək belə qənaətə gəlib ki, ölkəmizdə bu ilin fevralında baş vermiş hadisə – manatın kəskin devalvasiyası ilin sonuna qədər bir daha təkrarlana bilər. Bu barədə “Buzzfeed”də dərc olunmuş “Azərbaycanda neft bumu başa çatır – iflas başlayır” başlıqlı məqalədə bildirilir. Məqalənin tərcüməsini təqdim edirik:
İlin sonuna qədər manat yenə kəskin dəyərdən düşəcək
Zəngin və iddialı İbrahim İbrahimov (hacı İbrahim Nehrəmli – red.) Azərbaycana son onillikdə gələn neft pulları hesabına formalaşmış var-dövlətini nümayiş etdirirdi. Oliqarx ölkənin ən zəngin adamlarından biri olmaq üçün Ilham Əliyevin ailəsilə əlaqələrindən istifadə edib və Xəzər adalarının tikintisini həyata keçirib.
Keçən ay Ibrahim Ibrahimov təxminən yüz nəfər başqa sahibkarla birlikdə Azərbaycandakı ən böyük və dövlətin nəzarətində olan banka borclarına görə Əliyev qaydaları ilə sinonim təşkil edən yerə – türməyə salındı.
Ibrahimov və bir neçə başqa biznesmen borcun bir hissəsini qaytardıqdan sonra həbsdən azad edildi. Amma onların həbsi Azərbaycanın sıçrayışına səbəb olan neft bumunun başa çatmasının siqnalı idi. Neft hasilatının aşağı düşməsi, həmçinin qiymətinin ucazlaşması ölkəni büdcəni doldurmaq üçün yeni yollar axtarmağa vadar edib. Azərbaycan Mərkəzi Bankı fevral ayında kəskin devalvasiya qərarı verdi və ölkənin milli valyutası olan manat 34 faiz dəyərini itirdi. Bu ilin sonuna qədər yenə də devalvasiya qərarının veriləcəyi istisna olunmur.
Səxavətlə pul xərcləmək xeyli vaxtdır ki, neft pulları hesabına müasir dövlət imici yaradan Azərbaycanın vizit kartına çevrilib. Bu ölkə özünü Qərbə Rusiyaya alternativ neft-qaz mənbəyi, NATO və Israil üçün strateji tərəfdaş, ekstravaqant tədbirlərin “ev sahibi (2012-ci ildə ”Eurovision" musiqi yarışması) kimi təqdim edib.
Ötən həftənin cümə günü bu ölkədə yeni böyük idman tədbirinin – Avropa Oyunlarının açılış mərasimi keçirildi. Bu açılış mərasiminə 100 milyon dollardan da artıq vəsait xərclənib. Bu da 2012-ci ildə Londonda keçirilən Olimpiadanın açılış mərasiminə xərclənən vəsaitdən iki dəfə çoxdur.
Məlumata görə, Bakının açılış mərasiminə xərclədiyi puldan iki milyon dollar bir mahnı ifa etmək üçün səhnəyə çıxana qədər bir neçə gün oteldə gizlənmiş Ledi Qaqaya ödənilib.
Müxalif fəalların sözlərinə görə, Azərbaycanın bütövlükdə Avropa Oyunlarına xərclədiyi pulun məbləği təxminən 8 milyard dollardır.
Azərbaycanın gəlirlərinin 70 faizi, ixracatın isə 95 faizi neft-qazın payına düşür.
Bir çoxlarında ümid yaranmışdı ki, böhran Azərbaycanın inkişafına mane olan qohumbazlıq və korrupsiyanın aradan qalxmasına səbəb olacaq.
“Təsəvvür edin, neftin bir barrelinin qiyməti 60 dollar civarına düşüb, milli valyuta devalvasiyaya məruz qalıb, qonşu bazarlarda da vəziyyət ağırdır və belə bir vaxtda əslində, özünü göstərmək məqsədi daşıyan bir sıra layihələri təcili maliyyələşdirmək lazımdır. Bunun üçün yeganə yol islahatlardır”, – deyə Bakıda fəaliyyət göstərən Qərb biznesmeni bildirib. Lakin o, Azərbaycan hökumətindəki əlaqələrini itirməmək üçün adının çəkilməsini istəməyib.
Lakin hüquq müdafiəçilərinə qarşı repressiyaların ardınca biznesmenlərin kütləvi həbsi hökumətlərin islahatlara gedəcəyinə dair ümidləri öldürdü.
Azərbaycanda hazırda 80-dən artıq siyasi məhbus var.
Əliyev ölkənin gələcək inkişafı üçün “Şahdəniz-2" qaz yatağına ümid edir.
“Biz ən yaxşı halda, 2020-ci ildə 10 milyard kubmetr qaz ixrac eləyə bilərik. Amma Avropada təkcə Macarıstanın illik qaz tələbatı 13 milyard kub metrdir”, – deyə iqtisadçı, REAL hərəkatının təsisçilərindən biri Natiq Cəfərli bildirib.
“Biz Afrika ölkəsi deyilik. Heç kim bizə əlimizi necə yuyacağımızı öyrətməsin”, – bunu isə parlamentin üzvü Asim Molladazə deyir.
Neftin ucazlaşması Azərbaycana əhəmiyyətli şəkildə təsir göstərib. Bakının bahalı hissələrindəki bir çox vitrinlər icarəçi axtarışındadır. Rusiyadakı iqtisadi çöküşdən sonra orada yaşayıb-işləyən milyonlarla azərbaycanlının evlərinə göndərdiyi pulların həcmi kəskin azalıb. Azərbaycan indi neft pullarından qeyri-neft sektorunu inkişaf etdirmək üçün yararlanmağa çalışır. Hakimiyyət tərəfdarları da etiraf edir ki, əks halda, vəziyyət pis olacaq.
Qeyri-neft sektorunun inkişafı deyəndə söhbət həm də turizmdən gedir. Hökumət bunun üçün ehtiyat pullar hesabına otellər tikmək, Avropa Oyunları tipli böyük tədbirlər keçirmək qərarı verib.
Qərb ölkələrinin vətəndaşlarının Azərbaycana səfəri üçün viza tələbi qalır. Hələ də bu ölkəyə turist axını müşahidə olunmur. Ilham Əliyevin əmisi oğlunun rəhbərlik etdiyi telekanal bu həftə bir müsahibə yayımlayıb. Həmin müsahibədə azərbaycanlı olduğu açıq-aşkar görünən şəxs “Londondan olan turist Ceyms Boner” kimi təqdim olunur və o, ingilis dilində çətinlik çəkə-çəkə danışaraq Bakını tərifləyir.
Qərb diplomatları və yerli müxalif fəallar deyir ki, Avropa Oyunları sıravi azərbaycanlıların cibinə ciddi təsir göstərib. Dövlət strukturlarında çalışan işçilər maaşlarından “Olimpiada vergisi” adı altında müəyyən məbləğ kəsilməsindən şikayətlənirlər. Kiçik sahibkarlar vergi idarəsinin işçilərinin özbaşınalığından, özbaşına pul tələb etməsindən, qeyri-qanuni olaraq polis tərəfindən saxlanılıb onlardan pul alınmasından narazıdır. Dövlət Yol Polisi Avropa Oyunlarına görə yollarda xüsusi ayrılmış zolağa daxil olan sürücülərdən 40 dollardan cərimələr yığır.
Yerli fəallar deyir ki, hakimiyyət fərqli fikirlilərə qarşı repressiyalarla həm də Azərbaycanın bəlasına çevrilmiş korrupsiyaya görə xalqın qəzəbinin qarşısını almaq məqsədi güdür.
2009-cu ildə Ilham Əliyevin Bakı ətrafındakı dəbdəbəli villasında olmuş amerikalı diplomat sonradan belə yazırdı: “Görəsən, Əliyev öz yaşayışı ilə sadə azərbaycanlıların yaşayışı arasındakı kəskin fərqi görürmü?”
“Newsweek: ”Əliyevin ona etiraz edənlərə dözümü yoxdur"
Amerikanın başqa bir nüfuzlu nəşri olan “Newsweek” jurnalı isə ölkəmizdəki vəziyyətlə bağlı məqaləni “Avropa Oyunları Azərbaycanda insan haqlarının dəhşətli vəziyyətini diqqət mərkəzinə gətirib” başlığıyla yayımlayıb. Tirajı 1 milyon yarımdan artıq olan jurnal Azərbaycandakı repressiyalarla yanaşı, hakimiyyətin beynəlxalq aləmdəki tənqidçiləri müxtəlif vasitələrlə ələ almaq cəhdlərindən də yazıb. Məqalənin tərcüməsini təqdim edirik:
“Iyunun 12-dən 28-nə qədər Azərbaycanda keçirilən Avropa Oyunlarında 6000-dən artıq idmançı yarışır. Xəzər dənizinin qərb sahilində yerləşən və 9,5 milyon əhalisi olan Azərbaycan turnirə ”ev sahibliyi" etmək üçün pul xərcləməyə xəsislik eləməyib.
2003-cü ildən hakimiyyətdə olan Ilham Əliyev beynəlxalq hüquq-müdafiə təşkilatlarının məlumatına görə Avropa Oyunlarına 10 milyarddan çox vəsait xərcləyib. Lakin bu ölkədə maliyyə şəffaflığı olmadığından bu məlumatı dəqiqləşdirmək mümkün deyil.
Hakimiyyətin müasir obyektlərin tikintisinə xərclədiyi vəsaitlərə, gəlirli sponsor müqavilələrinə baxmayaraq, Azərbaycanda insan haqlarının acınacaqlı durumu diqqət mərkəzinə düşüb. Amma bu kifayət deyil. Avropa Ittifaqı Azərbaycanda insan haqlarının vəziyyəti məsələsində daha kəskin mövqe tutaraq, rəsmi Bakıya açıq şəkildə mesaj verməlidir. Lakin belə görünür ki, sərt konfrantasiyaya getmək istəmirlər.
Hərçənd son bir ildə ayrı-ayrı şəxslər, hüquq-müdafiə təşkilatları tərəfindən mütəmadi olaraq etiraz aksiyaları keçirilib, hökumətə bu zəngin neft ölkəsində vətəndaş hüquq və azadlıqlarına hörmət etməyə çağırışlar olunub. Məsələ burasındadır ki, həmin etirazçıların bir qismi də hazırda həbsdədir. Onların arasında Insan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov, araşdırmaçı jurnalist Xədicə Ismayılova, hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus da var.
Bir qisim Azərbaycandakı Avropa Oyunlarını boykot etməyə çağırırdı. Digər qisim vətəndaşlara daha çox azadlıq verilməsini istəyirdi. Istənilən halda, Əliyevin onun hakimiyyətinin hegemonluğuna etiraz edən vətəndaş cəmiyyəti təşkilatlarına və ya ayrı-ayrı adamlara dözümü yoxdur.
Almaniya Olimpiya Ittifaqı kimi bir neçə qurum istisna olmaqla, turnirin təşkilatçıları, o cümlədən Avropa Olimpiya Komitəsi susmağa – Azərbaycanda insan haqlarının pozulması haqda danışmamağa üstünlük verdi.
Idman həqiqətən siyasətdən ayrıdırmı? Məsələ burasındadır ki, 2012-ci ildə Azərbaycanda “Eurovision” musiqi yarışması keçirildi və dərhal sonra fərqli fikirli insanlara qarşı repressiyalar başladı.
FIFA prezidenti Zepp Blatterin istefası ilə nəticələnən qalmaqal da dünya futbol təşkilatındakı korrupsiyanın dərinliyinə varmaqla yanaşı, həm də siyasətlə idman arasındakı sıx əlaqəni ortaya qoydu.
Azərbaycan hökuməti beynəlxalq aləmdə tərəfdarlar toplamaqla bu ölkədə insan haqlarının vəziyyətilə bağlı müzakilərin, tənqidlərin qarşısını almağa çalışır. Avropa Şurası ilə bağlı belə bir xlşagəlməz hal var. “Avropa Stabillik Təşəbbüsü” adlı beyin mərkəzinin rəhbəri Cerald Knausun sözlərinə görə, Avropa Şurası Azərbaycan hökuməti və müttəfiqləri tərəfindən ələ alınıb. Azərbaycandakı rejim insan haqlarının vəziyyətilə bağlı tənqidlərin qarşısını almaq üçün qərar qəbul edən şəxslərə havayı səfərlər təşkil etmək, kürü və digər hədiyyələrlə, Qərbdə maliyyələşdirdiyi lobbi təşkilatları vasitəsilə Avropa Şurasında özünə dəstəyi satın almağı bacarıb.
Təəccüblüdür ki, Avropa Şurası və Avropa Birliyinin bir çox üzvləri Əliyevin bu siyasətinin legitimləşdirilməsinə biabırçıcasına yardım ediblər. Ən qəribəsi odur ki, o dövrdə Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi olan, hazırda isə Almaniyanın insan haqları üzrə xüsusi nümayəndəsi (Odmbudsman) Kristof Ştrasserin siyasi məhbuslarla bağlı vəziyyəti araşdırmaq üçün Bakıya səfərinə imkan verilməyəndə Avropa Şurasında buna etiraz edənlər çox az oldu. Son nəticədə də onun tərtib etdiyi qətnamə layihəsi qəbul olunmadı. Azərbaycan hökumətinin Avropa Şurasındakı tərəfdarları, o cümlədən Türkiyə və Rusiyadan olan deputatlar iddia etdilər ki, Ştrasser sənədi Azərbaycana səfər etmədən hazırladığına görə mötəbər hesab oluna bilməz.
Qərbin Azərbaycanda insan haqlarının vəziyyətinə bu cür münasibəti ya real siyasət, ya da sadəcə, maraqlarıyla bağlıdır. Avropa Ittifaqı və ayrı-ayrı ölkələr Azərbaycana Rusiyaya alternativ olan neft-qaz ixracatçısı kimi baxır. Amma bu cür siyasətin də qiyməti çox bahadır.
Əliyev rejimi ölkənin neft-qaz gəlirləri hesabına stabilliyi saxlamağa çalışır.
Azərbaycandakı rejim 2014-cü ildən Kremlin yürütdüyü siyasəti təkrarlayır. Qərb donorları tərəfindən maliyyələşən QHT-lərə “xarici agent” damğası vurulub. Bu cür təşkilatların maliyyə imkanları sərt şəkildə məhdudlaşdırılıb. Rejim bunun əvəzində öz nəzarətində olan QONQO təşkilatların sayını artırıb.
Əlbəttə ki, Əliyev rejimi cəzasızlıq mühitində repressiyaları davam etdirə bilər. Rəsmi Bakı Ukraynada, qonşu Gürcüstanda vətəndaş cəmiyyəti təşkilatlarının və ayrı-ayrı şəxslərin demokratik proseslərə təsirini gördü.



