Yunanıstan Azərbaycanla anlaşmanı pozdu

Yunanlar “DESFA” ilə bağlı fikrini dəyişdi

Ilham Şaban: «DESFA ilə bağlı bəyanat sadəcə olaraq qabaqlayıcı addım sayılmalıdır»

Yunanıstan hökuməti ölkənin qazpaylayıcı şirkəti olan “DESFA”nın nəzarət səhm paketini öz əlində saxlamağa qərar verib. Bu barədə müəssisənin əmək kollektivi ilə görüşündə Yunanıstanın ətraf mühit və energetika naziri Panayotis Lafazanis bildirib.
“DESFA”nın səhmlərini Dövlət Neft Şirkəti (SOCAR) almaq istəyir. Şirkət “DESFA”nın özəlləşdirilməsi ilə bağlı keçirilmiş müsabiqədə səhmlərin 66%-lik hissəsini 400 milyon avroya əldə edib. Amma Avropa Komissiyası sövdələşdirməni başa çatdırmağa icazə vermir.
Qaz müəssisəsinin əmək kollektivi isə şirkətin satılmasının qəti əleyhinədir. Işçilərin fikrincə, bu məsələ baş tutsa, “DESFA”da ixtisarlar aparıla, ölkədə mavi yanacağın qiyməti arta bilər. (Fins.az)


Iqtisadçı ekspert Ilham Şaban bildirdi ki, iyunun 19-da Avropa Komissiyası Yunanıstanla bağlı mühüm qərar verə bilər. Ekspertin sözlərinə görə, Yunanıstan hökuməti BVF-nin növbəti tranşının qaytarılmasından imtina edərsə, müddət uzanarsa başqa proseslər başlaya bilər: “Yunanıstan vətəndaşları banklardan vəsaitlərini çıxara bilərlər. Ona görə Avropa bu əməliyyatların dayandırılmasına, blok edilməsinə belə hazırlaşır. Belə bir şəraitdə isə Yunanıstan hökumətinin mülkiyyətinin satılması məsələsi necə gündəmə gələ bilər? Əgər Yunasıtanın Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu ilə münasibətləri ciddi gərilibsə, o zaman DESFA ilə bağlı bəyanat sadəcə olaraq qabaqlayıcı addım sayılmalıdır”.
I.Şaban vurğuladı ki, bu baxımdan yunan nazirin DESFA ilə bağlı açıqlaması ictimaiyyətə hesablanan addım kimi dəyərləndirilməlidir. “Reallıqda isə Yunanıstanın bankrot məsələsi ortadadır. Avropa Komissiyası Yunanıstanın bütün hesablarını blok etmək məsələsini müzakirəyə çıxarıb. Ona görə Yunanıstan hökuməti nə etməlidir? Yunanıstan hökuməti də ona görə belə bir qarşılıqlı addım atmalıdır. Əgər ortada belə bir şey varsa, bu cür problemlərə sahib ölkədə aktiv almaq Azərbaycanın özünün marağında deyil”.

Xəyal