İyunun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusiflinin məhkəməsinə hazırlıq iclası keçirilib. Asif Yusifli ilə yanaşı onun tanışı Rafiq Hüseynov da mühakimə olunur. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320 (sənədlərin saxtalaşdırılması) maddəsi ilə təqsirləndirilir.
İttiham olunanlar özlərini təqsirli saymayıb.
Vəkil Fəxrəddin Mehdiyev çıxışında deyib ki, Asif Yusifli zərərçəkənə dəyən zərəri ödəyib. Zərərçəkən də şikayətinin olmaması haqda ərizə verib:
«Buna görə də xahiş edirəm, Cinayət İşinə xitam verilsin və həbs-qətimkan tədbiri ləğv edilsin. Asif Yusifli Qarabağ əlilidir, övladları var, biri də ağır xəstədir. Xahiş edirəm, bunlar da nəzərə alınsın».
Vəsatət təmin olunmayıb.
Məhkəmə iyulun 2-nə təyin olunub.


