Putini Bakıya Cəmil Həsənli gətirirsə…

xaqaniquzeyli@gmail.com

Günün birində Əliyevlər rejimi süqut edəcəksə, bunun səbəbkarı nə Qərb, nə də Kreml olacaq. Bu iqtidarın axırına onların öz ideoloqları və “əl quzuları” çıxacaq.
Bakıda keçirilən Avropa oyunları ərəfəsində müxalifətə və onun liderlərinə qarşı qara piar kampaniyasını aparanlar sözün həqiqi mənasında Əliyevlər rejiminin imicinə zərbə endirdilər. Demək olar ki, müxalifəti bu dəfə “işsiz” qoydular.
Prezident Administrasiyasından idarə olunan və bu gün də davam edən kampaniyada Qərbin iqtidara olan amansız təzyiqilə yanaşı, Kremllə Azərbaycan müxalifətinin “gizli işbirliyi” haqda iddialar da baş alıb gedir.
Qərblə Azərbaycan iqtidarının münasibətləri haqda danışmaq, hesab edirəm ki, yersizdir. Aparıcı Qərb ölkələrinin heç biri, hətta nazir səviyyəsində də olsa, Avropa Oyunlarının açılışına qatılmadı, onlar bunu Azərbaycanda insan haqlarının pozulması ilə izah etdilər.
Yerdə kim qaldı? Qaldı Rusiya prezidenti Vladimir Putin və nəzarətində olan MDB ölkələrinin bir neçə prezidenti ki, onu da müxalifətin adına çıxdılar.
Artıq bir neçə ildir ki, Prezident Administrasiyasının ruporuna çevrilmiş “Yeni Müsavat” bu haqda ictimaiyyətə geniş bilgi verdi. Sən demə, Vladimir Putin Avropa Oyunlarının açılış mərasiminə dəvət alar-almaz Cəmil Həsənliyə zəng edərək, ondan turnirin boykot edilməməsini xahiş edib. Sitatı olduğu kimi verirəm: “Mənbəmiz (çox güman ki, Prezident Administrasiyası nəzərdə tutulur-X.Ə.) bildirir ki, I Avropa Oyunlarının açılış mərasiminə Rusiya prezidentinin də qatılacağı Milli Şura rəhbərliyini boykotdan imtinaya vadar edib”.
Bəli, əziz oxucu Putin də belə getdi…
Özünüz fikirləşin, Qərb liderləri Oyunların açılışına bir quru təbrik belə göndərmir, Rusiya prezidentinin isə Bakıya gəlişini Milli Şura təmin edirsə, Isa Qəmbərin təbirincə desək, görün bu rejim nə gündədir?
Hələ bu harasıdır? “Yeni Musavat”yazır: “Mənbəmiz (bayaqkı mənbə-X.Ə.) bir məqama da aydınlıq gətirdi:ÿ”Cəmil Həsənlinin iqtidardakı bir qrupla əlaqəli çalışması haqda yazılanlar doğrudur".
Qərblə məsələ aydındır, Kremli anladıq və tam xoşbəxtlik üçün çatışmayan məqam iqtidardakı “Cəmil Həsənli qrupu” idi, onun da mövcudluğu ortaya çıxdı. Yəni, qalır bircə Cəmil Həsənlinin aşıq Ədaləti çağırıb, “Yanıq Kərəmi” sifariş verməsi. “Yeddi oğul istərəm” filmindəki o unudulmaz səhnə yəqin ki, xatirinizdədir…
Yadınızdadırsa, 2013-cü ilin prezident seçkiləri zamanı həmin qüvvələr Milli Şuranı “Kreml projesi” kimi təqdim etməyə çalışdılar. O zaman vaxtında duyuq düşüb, təcili bu “anti-iqtidar” təbliğatını dayandırdılar. Bir qədər də geciksəydilər, hadisələr doğrudan da inanılmaz məcrada davam edə bilərdi. Yəqin ki, yadınızdadır, o vaxt Putin də gəlib çıxmaq bilmirdi, vəziyyət çox gərgin idi. Sadə insanlar, ələlxüsus da məmurlar panika içində idilər, ölkədə ən çox danışılan xəbər Rüstəm Ibrahimbəyovun pasport məsələsi idi. Yadınızdadırsa, o zaman da “Yeni Müsavat” canfəşanlıq edirdi. Cəmiyyətə rus təhlükəsi ilə hədə-qorxu gəlirdilər. Eşidib-bilənlər də nəinki qorxmur, hətta “dəyişiklik olacaq”  deyə sevincini gizlətmirdi. Islanmışın yağışdan nə qorxusu… Gec də olsa, anladılar və yuxarıdan göstəriş gəldi ki, “Kreml projesi”di-nədi, yığışdırın getsin. Qəzetin başbilənləri orijinal bir çıxış yolu tapdılar. Yazdılar ki, gözünüz aydın, Isa Qəmbər və Müsavat partiyası “Kreml projesi”nə, yəni Rüstəm Ibrahimbəyovun namizəd olmasına imkan vermədi. Iddia o qədər “məstedici” idi ki, adı keçənlərin heç biri durub inkar etmədi. Cəsarətlə deyə bilərəm ki, Müsavatın dağılmasının əsası, bax, onda qoyuldu. Çünki xalq, eləcə də bu gün “keçmiş müsavatçılar” deyə biləcəyimiz kəslər Rüstəm Ibrahimbəyovu dəstəkləyirdi. Deyirdilər ki, yaşlıdır, ən əsası qohum-əqrəbası azdır, onlar da xaricdə yaşayır və s.
Lakin Milli Şuraya budəfəki hucum digərlərindən fərqlənir. Vəziyyət doğrudan da mürəkkəbdir. Qərbin Azərbaycan iqtidarı ilə münasibətləri heç vaxt bu qədər gərgin olmamışdı. Elə Rusiya da əvvəlki Rusiya deyil, çox güman ki, Qərbin iqtisadi embarqoları qarşısında uzun müddət duruş gətirə bilməyəcək.
Bütün bunlar azmış kimi, bir tərəfdən də “Yeni Müsavat” hakimiyyəti Cəmil Həsənli ilə hədələyir.
Görəsən, Isa Qəmbərin yoxluğunda “xilasedici” rolunu bu dəfə kim oynayacaq?
Maraqlıdır…